"XXI əsrdə yeni təhsil yanaşması"

mövzusunda konfrans keçirildi

 

Noyabrın 27-də Bakıda "XXI əsrdə yeni təhsil yanaşması" mövzusunda konfrans keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, "Prometean" şirkəti, pilot layihənin həyata keçirildiyi təhsil müəssisələri və QHT-lərin nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak edirdilər.

Tədbirdə öncə layihə haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə bağlanmış müqaviləyə əsasən hazırda ölkənin təhsil sistemində gedən informasiyalaşdırma prosesi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişafı və yeni pedaqoji texnologiyaların tətbiqində fəal iştirak edən "Edumedia-Azərbaycan" təşkilatı "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində artıq 1 ildir ki, pilot layihə həyata keçirir. Bu qurum respublika üzrə 48 təhsil müəssisəsində tədris texnologiyaları üzrə liderlərdən hesab olunan İngiltərənin "Prometean" şirkəti tərəfindən istehsal olunmuş 100 ədəd Aktiv Board interaktiv lövhələrini quraşdırmışdır. Bununla əlaqədar həmin məktəblərdə müəllimlərlə interaktiv lövhələrin istifadə qaydaları üzrə təlimlər keçirilmişsertifikatlar verilmişdir.

Sonra "Prometean" şirkətinin Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə direktoru Hendrik Brons "Prometean" şirkəti. Təhsilə baxış", təhsil üzrə rəhbəri Devid Feyrbarn-Day "XXI əsrdə tədris və bu günün təhsili qarşısındakı çətinliklər", Mərkəzi Asiya və Şərqi Avropa üzrə satış meneceri Con Makdermot "Həllə əsaslanan yanaşma" mövzularında  təqdimatlarla çıxış etdilər. Çıxışlarda "Prometean" şirkəti haqqında ətraflı məlumat verildi, şirkətlə peşəkar əməkdaşlıq, onun təklif etdiyi xidmətlər,  müasir texnologiyaların tətbiqi üzrə dünya təcrübəsində uğurlu layihələr, 21-ci əsr təhsilinin əsas hədəfləri, elektron təhsilin məzmunu, qiymətləndirmə, şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları və s. məsələlərdən bəhs olundu. Tədbirdə Devid Feyrbarn-Day Con Makdermotun assistentliyi ilə interaktiv - rəqəmsal dərs nümayiş etdirdi.

Daha sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi. Tədbir iştirakçılarını şirkətin nümayəndələrini salamlayan təhsil naziri çıxışında müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının mühüm əhəmiyyətindən söz açdı. Nazir qeyd etdi ki, indi bütün digər sahələrdə olduğu kimi, təhsili İKT-nin tətbiqi olmadan təsəvvür etmək qeyri-mümkündür. Son illər təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər görülmüş, əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələri İKT avadanlıqları ilə təmin edilib. Təlim prosesində informasiya texnologiyaları geniş tətbiq olunur. Lakin bütün bunlarla kifayətlənmək olmaz. Hələ qarşıda bir çox vacib vəzifələr durur. Artıq "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" başa çatmaq üzrədir. Qarşıdakı 7 il üçün təhsildə İKT-nin tətbiqi ilə bağlı yeni proqram hazırlanıb təsdiq olunmaq üçün təqdim edilib.

Nazir bildirdi ki, müasir informasiya texnologiyaları sürətlə inkişaf etdiyindən bunlarla ayaqlaşmaq o qədər asan olmur. Hazırda öyrənənlər öyrədənlərdən daha çox məlumatlı olurlar. Bəzən müəllimlər şagirdlərin sualları qarşısında aciz qalırlar. Məhz bu səbəbdən müəllimlər daim təkmilləşməyə can atmalı, beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə peşəkarlıq səviyyələrini yüksəltməyə çalışmalıdırlar.

Təhsil müəssisələrinin rəhbərlərinə və müəllimlərə müzakirələrdə fəal iştirak etməyi və şirkətin əməkdaşları ilə sıx əlaqə saxlamağı tövsiyə edən nazir çıxışının sonunda "Prometean" şirkətinin təmçilçilərinə təşəkkürünü bildirdi və konfransın işinə uğurlar arzuladı.

Sonra mövzu ilə bağlı müzakirə aparıldı. Qonaqlar təhsil müəssisələrinin nümayəndələrinin təkliflərini dinləyərək çoxsaylı suallarını cavablandırdılar. Sonda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.2.