"Çağ" Öyrətim Şirkətinin 20 illiyi qeyd olundu

 

Bu il "Çağ" Öyrətim İşlətmələri  Şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 20 ili tamam olur. Bu münasibətlə noyabrın 27-də paytaxtdakı "Gülüstan" sarayında "Müasir Azərbaycan və "Çağ" Öyrətim - 20 il: etimada sədaqətlə" mövzusunda yubiley tədbiri keçirilmişdir. Həmin gün şirkətin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini hörmətlə yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmışdır.

Dövlət və hökumət qurumlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının, Türkiyədən və digər ölkələrdən gəlmiş çoxsaylı qonaqların, təhsil işçilərinin, ictimaiyyət və KİV təmsilçilərinin iştirak etdikləri yubiley mərasimi açıq elan olunduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Əlamətdar gün münasibətilə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təbrik məktubu oxundu. Şirkətin fəaliyyət yolundan bəhs edən "20 il etimada sədaqətlə" adlı qısametrajlı film nümayiş olundu.

Sonra "Çağ" Öyrətim Şirkətinin 20 illik fəaliyyətinə həsr olunmuş kitabın təqdimatı oldu. Kitabı təqdim edən şirkətin idarə heyətinin sədri Ənvər Özərən öncə mərasim iştirakçılarını salamlayıb dəvətlərini qəbul edib gəldikləri üçün onlara təşəkkür etdi. Ə.Özərən bildirdi ki, 20 il tarix baxımından qısa zaman müddəti olsa da, son 20 il ölkəmiz üçün əsrə bərabər bir dövr dəyərində olmuş, XX əsrin son və XXI əsrin ilk on ilində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Sürətli inkişaf prosesinin bu gündavam etdiyini deyən natiq həmin dövrün həm də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da sıxlaşması ilə əlamətdar olduğunu diqqətə çatdırdı. Rəhbərlik etdiyi şirkətin fəaliyyətindən söz açan Ə.Özərən "Çağ" Öyrətim İşlətmələri  Şirkətinin Azərbaycanın öz müstəqilliyini elan etdikdən sonra - 1991-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə ölkəmizdə Azərbaycan-Türkiyə özəl liseylərinin açılması barədə müqavilə bağlandıqdan sonra fəaliyyətə başlamışdır.

Bu baxımdan şirkətlərini Heydər Əliyevin əsəri adlandıran Ənvər bəy onun ötən 20 il ərzində etimada sədaqətlə Azərbaycan xalqına xidmət etdiyini vurğuladı. Qeyd etdi ki, şirkət fəaliyyətə başladığı gündən həmişə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmuş, onun fəaliyyəti Azərbaycan xalqı, ümummilli lider Heydər Əliyev, ölkə Prezidenti İlham Əliyev tərəfindən təqdir edilmişdir. Şirkətin təhsil müəssisələrinin şagird və tələbələrinin öz bilik və bacarıqları ilə Azərbaycanı həm bölgədə, həm də dünyada şərəflə təmsil etdiklərini söyləyən natiq, onlar tərəfindən indiyədək müxtəlif beynəlxalq olimpiada və yarışlarda 500-dən çox medal qazanıldığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının yaşıdı olan "Çağ" Öyrətim bu gün möhkəm dayaqlar üzərində fəaliyyətini davam etdirir, onun müəssisələrinin maddi-texniki bazası durmadan yüksəlir.

Çıxışının sonunda şirkətlərinin 20 illik fəaliyyətində yaddaqalanvarsa onları sənədləşdirmək üçün kitab hazırlayıb çap etdirdiklərini söyləyən Ə.Özərən həmin kitabı təqdim etdi.

Sonra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təbrik nitqi söylədi. Çıxışına mərasim iştirakçılarını salamlamaqla başlayan nazir tədbirdə çoxsaylı qonaqların, Azərbaycan ziyalılarının böyük bir qisminin iştirakını "Çağ" Öyrətim İşlətmələri Şirkətinin 20 illik fəaliyyətinə verilən qiymətin nəticəsi kimi dəyərləndirdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan "Çağ" Öyrətim Şirkəti ötən müddət ərzində çox böyük uğurlara imza atmışdır. Bu uğurların qazanılmasında şirkətin əməkdaşlarının hər birinin mühüm rolu olduğunu bildirən nazir bütövlükdə şirkətin ulu öndər Heydər Əliyevin etimadını şərəflə doğrultduğunu vurğuladı, şirkət və onun əməkdaşlarını yubiley münasibəti ilə təbrik etdi.

Nazir qeyd etdi ki, ötən 20 il ərzində "Çağ" Öyrətim İşlətmələri  Şirkətinin təhsil müəssisələri Azərbaycan təhsili üçün nümunə olub. Onların şagird və tələbələrinin beynəlxalq bilik yarışmalarında qazandıqları 500-dən çox medalın hər birinin arxasında böyük zəhmət durur. Hər bir qızıl medal alan şagird və tələbənin şərəfinə Azərbaycanın üçrəngli bayrağı ucalıb. Bununla da onlar ölkəmizin tanıdılmasında, təbliğində böyük rol oynayıblar. "Çağ" Öyrətim Şirkətini Azərbaycanın təhsil sistemindən ayırmadığını deyən nazir bu gün onun liseylərinin, "Araz" hazırlıq kurslarının Qafqaz Universitetinin ölkəmizin təhsil standartları əsasında fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini, bu müəssisələrdə çalışanların 80 faizinin azərbaycanlılardan ibarət olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün Azərbaycanla Türkiyə arasında yaranmış qardaşlıq münasibətlərində "Çağ" Öyrətim Şirkətinin rolu əvəzsizdir.

Nazir çıxışının sonunda "Çağ" Öyrətim Şirkətinin əməkdaşlarının bir qrupunun Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanları ilə mükafatlandırıldığını söyləyib həmin mükafatları təltif olunanlara təqdim etdi.

Mərasimdə söz alan rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Türkiyə Böyük Millət Məclisinin sədr müavini, professor Mehmet Sağlam, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalid Məmmədov, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və başqaları yubilyara öz təbriklərini çatdırdılar, ona Azərbaycan təhsilinin inkişafı yolunda daha böyük uğurlar arzuladılar. Şirkətin müəssisələrinin tanınmış məzunlarına hədiyyələr, şirkətlə sıx əməkdaşlıq edən dövlət qurumlarına və dünyası təmsilçilərinə xatirə plaketləri təqdim olundu.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.2.