Beynəlxalq
konfransın iştirakçıları təəssüratlarını
bölüşdülər
Məlum
olduğu kimi,
noyabrın 26-28-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər
Akademiyası Təhsil Menecmenti Universitetinin birgə təşkilatçılığı
ilə "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" mövzusunda
II Beynəlxalq elmi konfrans
keçirilib. Tədbirdə Azərbaycan,
Türkiyə, Rusiya, Moldova,
Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və
Uruqvayın bir sıra ali
məktəblərinin rektorları, tanınmış pedaqoqlar və elm
adamları iştirak ediblər. Beynəlxalq konfransın işində iştirak edən bir
sıra ölkələrin təhsil qurumlarının
nümayəndələri "Azərbaycan müəllimi"
qəzetinə verdikləri müsahibələrdə
müzakirə olunan məsələlər
barədə öz fikirlərini
bölüşüblər.
"Bu konfransın çox ciddi, müsbət nəticələri olacaq"
Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin tarix bölümünün müdiri, tarix elmləri doktoru Ramazan Uslu: Bu konfrans həm təhsil işçiləri, həm də ölkələr arasında, özəlliklə də Qafqaz regionu ölkələri arasında çox önəmlidir. Çünki biz illərdir ki, bu coğrafiyada sıxıntlar, müharibələr içində yaşamışıq, mübarizə aparmışıq, itkilər, qurbanlar vermişik, bu mənada, onu deyə bilərik ki, bu toplumların rifahı üçün bərabər yaşamağı öyrənmək lazımdır. Bərabər yaşamağı öyrədəcək, bu toplumlara bilgi verəcək, bərabər yaşamaq mədəniyyətini öyrədəcək insanlar isə təhsil işçiləridir. Bu təhsil işçiləri müasir dünya standartları ilə təhsil verə biləcək müəllim hazırlamalıdır. Təhsil isçiləri arasında bu cür konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması çox önəmlidir. Ortaq nöqtədə təhsilimizi və gənclərimizi inkişaf etdirmək üçün vacibdir. Ona görə də bu cür konfransların təşkil edilməsi həm tədbirə ev sahibliyi edən ölkə, həm də iştirakçı ölkələrin nümayəndələri üçün coğrafi baxımdan əhəmiyyətlidir.
Region ölkələri təmsilçilərinin bu tədbirdə iştirak etmələri və onların konfransda müzakirə olunan təhsil konsepsiyaları, metodları, müəllim hazırlığı sahəsində aparılan təcrübə mübadiləsini öz vətənlərində həmkarlarına çatdırması çox önəmlidir. Bu mənada tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya üçün çox vacib tədbirdir. Zənn edirəm ki, bu konfransın çox ciddi, müsbət nəticələri olacaq. Gələn qonaqlar çox hazırlıqlı gəliblər. Öz fikirlərini bölüşürlər. Təhsil ekspertlərinin bu konfransdakı çıxışları, paylaşdıqları təcrübə kitab kimi dərc olunacaq. Bundan da insanlar istifadə edəcək. Konfrans çox gözəl, yüksək səviyyədə təşkil edilib. Yüksək təşkilatçılıq özünü göstərdi. Bunun ən bariz nümunəsi isə ölkənin təhsil nazirinin tədbirdə iştirak etməsi və öz fikirlərini təhsil nümayəndələri qarşısında ifadə etməsidir. Nazirin çıxışının iştirakçı ölkələrin nümayəndələri tərəfindən çox məmnunluqla qarşılanması təqdirəlayiq haldır. Bu mənada tədbirin təşkilinə görə təşkilatçılara, başda hörmətli nazir olmaqla, Türkiyədən gəlmiş nümayəndələr adından təşəkkür edirəm.
Qloballaşan dünyada təhsil metodları insanların çox rahatlıqla əldə edə biləcəyi bir sistem halına gəlmişdir. Televiziya, İnternet, başqa ölkələri gəzib-görmək insanların məlumatlılıq səviyyəsini artırır. Bu mənada Azərbaycan qloballaşan dünyada İKT texnologiyalarını öz ölkəsinə gətirən, ölkənin təhsil sistemində sürətlə tətbiq edən bir ölkədir. Ən sürətli inkişaf edən ölkədir. Lakin bu prosesdə diqqət yetirməli olduğumuz bir məqam var. İKT texnologiyalarından istifadə edərkən milli mənəvi dəyərlərimizi itirməməyimiz lazımdır. Bu, bizim üçün çox önəmlidir. Azərbaycanın 20 ildə keçdiyi yolu biz 60-70 ildə keçmişik. Biz cümhuriyyət qurmuşuq və çətinliklərlə qarşılaşmışıq. Təhsil naziri Misir Mərdanov bugünkü çıxışında 2500 məktəbin tikilib təmir olunmasından bəhs etdi. 1930-1950-ci illərdə biz bunun onda birini etmişik. Azərbaycan Türkiyə üçün vacib ölkədir. Buna görə də iki ölkə arasında təhsil əlaqələrinin geniş inkişafı vacibdir. Arzu edirəm ki, Azərbaycandan bir çox təhsil işçiləri, professorlar Türkiyəyə gəlsin, təhsil-tədris sistemində olan yeniliklərlə tanış olsun və onları Azərbaycana gətirsinlər. Bu hər iki tərəf üçün vacibdir. Hazırda ölkələrimiz arasında tələbə mübadiləsi, əməkdaşlıq layihələri həyata keçirilir. Universitetlərimiz arasında əməkdaşlıq memorandumu imzalanıb, professor-tələbə heyətləri arasında mübadilə mövcuddur. Təmsil etdiyim ali təhsil ocağı Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə yerləşir. Bizim universitetin tarix dərsliklərində Azərbaycan tarixi də tədris olunur. Çünki biz Azərbaycan tarixini Türkiyə tarixindən ayırmırıq.
"Azərbaycanın
təhsil sisteminə çoxlu yeniliklər
gətirilib"
Pakistan Milli Elm və Texnologiyalar Universitetinin müəllimi Əminə Əmir-üd-Dir Çuqtay: İlk növbədə, belə bir tədbirdə iştirak etməyim üçün yaradılmış imkana görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanov və Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının çıxışları oldu. Mən Azərbaycanda olmağımdan çox məmnunam. Azərbaycanın təhsil sistemində aparılan islahatlarla tanış oldum. Azərbaycanın təhsil naziri Misir Mərdanovun çıxışından çox məmnun qaldım. Azərbaycanın təhsil sisteminə çoxlu yeniliklər gətirilib. Bu islahatlar Azərbaycanda təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində, təhsilində böyük rol oynayacaq. Tədbirdə iştirak etməyim sübut edir ki, Azərbaycanla Pakistan qardaş ölkədir və yaxşı əlaqələrimiz mövcuddur. Pakistanın Pəncab Universiteti ilə Azərbaycan Müəllimlər İnstitutunun əlaqələri var. Gələcəkdə bu əlaqələrin inkişaf etməsini, AMİ-də müəllim hazırlığı və ixtisasartırma kurslarında fəal iştirak etmək istərdim.
Pakistanda özəl və dövlət məktəbləri var. Özəl məktəblərdə təhsil demək olar ki, Avropa sisteminə əsaslanır. Onların kurikulumları da Böyük Britaniyada tətbiq olunan kurikulumlardır. Dövlət təhsil müəssisələri isə öz fəaliyyətini yerli təhsil standartları əsasında həyata keçirir. Orta məktəbləri başa vuran məzunlar universitetlərə daxil olduqda orada qarışıq (dövlət və ya özəl sektor birləşir) sistemlə təhsil alırlar. Təhsildə keyfiyyətin təmin olunması məsələsi olduqca vacib bir problemdir. Hazırda İKT-nin, medianın inkişaf etdiyi bir dövrdə yaxşı müəllimlərə çox böyük ehtiyacımız var. Buna görə də istər Pakistanda, istərsə də Azərbaycanda İKT-nin sürətli inkişaf etdiyi bir şəraitdə bizim tələbələrə güclü, savadlı müəllimlər lazımdır ki, uşaqları gələcəyə əsl vətəndaş kimi hazırlayaq. Müəllim kadrlarının hazırlanması hər bir cəmiyyətin inkişafının təməlidir. Mən burada eşitdim və çox şadam ki, Azərbaycanda bu işə böyük diqqət yetirilir və bütün səylər gələcək nəslin inkişafına yönəldilir.
Azərbaycanda özümü öz vətənimdə olduğu kimi hiss edirəm.
"Ümid edirik ki, konfransda bizi düşündürən məsələlərə
cavab tapa biləcəyik"
Gürcüstanın Qafqaz Beynəlxalq Universitetinin professoru Nino Çalaqanidze: İlk növbədə, bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə azərbaycanlı həmkarlarımıza minnətdarlığımızı bildirmək istəyirik. Bu cür tədbirlər bütün postsovet ölkələri üçün vacibdir. Tədbirin gedişində biz təhsil prosesində üzləşdiklərimiz problemləri müzakirə edir və onların həlli yollarını araşdırır, bir-birimizə kömək etməyə çalışırıq. Ümid edirik ki, konfransda bizi düşündürən məsələlərə cavab tapa biləcəyik. Gürcüstanın təhsil sistemində aparılan təhsil islahatları bütün təhsil səviyyələrini əhatə edir. Gürcüstan Boloniya prosesinə qoşulan ilk ölkələrdən biridir. Biz tez-tez təhsil yeniliklərinin, yeni innovasiyaların təhsil sisteminə tətbiq olunması zərurəti ilə üzləşirik. Etiraf etmək lazımdır ki, bəzən onların tətbiqi uğursuz, qeyri-effektiv olur. Buna baxmayaraq, qarşılaşdığımız problemlərin həllində digər ölkələrdən olan həmkarlarımızın müsbət təcrübəsindən yararlanırıq. Təcrübə mübadiləsi aparırıq. Təhsil sistemimizdə yeniliklər çoxdur. 12 illik təhsil sisteminə keçid təmin olunub. Universitetlərdə vahid dövlət imtahanları həyata keçirilir. Əgər şagird təhsil kursunu mənimsəyibsə, o, ali məktəbdə oxuyacaq. Əgər oxumayıbsa, valideynlərinin hansı mövqe tutmasından asılı olmayaraq onun ali məktəbə yolu bağlıdır. Beləliklə, biz bəzi sahələrdə müəyyən irəliləyişə nail ola bilmişik.
Ölkənin təhsil sistemində İKT-dən geniş istifadə olunur. Kənd yerlərindəki məktəblərdə bu sahədə problemlər qalsa da, ölkənin şəhər və rayonlarında İKT texnologiyaları geniş tətbiq olunur. Təhsil sistemində çalışan bütün müəllimlərin İKT təlim kurslarından keçməsi təmin olunub. Bu proses hər il davam edir. Bütün fənlər üzrə həm orta məktəblərdə, həm də ali məktəblərdə monitorinq və qiymətləndirmələr aparılır.
"Bizi MDB-nin vahid
təhsil məkanının yaradılması
maraqlandırır"
Rusiya Təhsil Akademiyası Pedaqoji təhsil və yaşlıların təhsili İnstitutunun nümayəndəsi, pedaqoji elmlər doktoru Marina Yakuşkina: Bütövlükdə konfransın işini çox müsbət qiymətləndiririk. Tədbir çox gözəl təşkil olunub. Hər şey bütün təfərrüatlarına qədər dəqiq düşünülüb. Biz Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanovun Azərbaycanın təhsil sisteminin inkişaf perspektivlərinə dair çox məzmunlu çıxışını dinlədik. Bu, bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, tədbirdə iştirak edən hər bir ölkə nümayəndəsi təhsil nazirinin çıxışından öz ölkəsi üçün mühüm nəticələr çıxardı. Düşünürəm ki, biz bütün bunları vətənə qayıtdıqda öz həmkarlarımıza çatdıracağıq. Bütün bunlar isə bizim sonrakı qarşılıqlı səylərimizin istiqamətini müəyyən edəcək.
Mən, ilk növbədə, təmsil etdiyim institutda innovasiyaların tətbiqinə toxunmaq istərdim. İnstitutumuz bütün MDB məkanında təhsil üzrə baza müəssisəsi hesab olunduğundan bizi MDB-nin vahid təhsil məkanının bütövlüyünün formalaşdırılması məsələsi, ölkələr arasında yeni qarşılıqlı əlaqələrin yaradılması maraqlandırır. Vahid təhsil məkanının bütövlüyünün qorunması hansı metodologiya, hansı kriteriyalar əsasında təmin olunmalıdır - bu məsələ MDB-yə daxil olan ölkələrin liderlərini də narahat edir. Əvvəllər hesab edirdilər ki, maddi əsas hər bir ölkənin inkişafının əsasıdır, indi isə, əksinə, çoxları qeyd edir ki, təhsil əsas ehtiyatdır. Biz hazırda MDB-nin vahid təhsil məkanı necə olmalıdır, bu məsələ üzərində işləyirik. Yaşlıların təhsilinin məzmunu da diqqətdədir. Bütün MDB ölkələrinin liderləri bildirirlər ki, bu sahə ən əhəmiyyətli və ucuz sahədir, çünki bu maddi vəsait qoyuluşu tələb etmir. Məhz yaşlıların təhsili keçid dövrlərində başlıca rol oynaya bilər, çünki ictimai rəyi formalaşdırır, mədəni, siyasi, ictimai proseslərə təsir edir. Buna görə də bizim bütün səylərimiz yeni metodların və texnologiyaların, yeni məzmun və yeni mexanizmlərin, müxtəlif ölkələr arasında sosial tərəfdaşlıq mexanizminin işlənib hazırlanmasına yönəlib ki, vahid təhsil məkanını formalaşdırmaq mümkün olsun.
Təhsildə keyfiyyətin təmin olunması məsələsi bütün postsovet ölkələri üçün xasdır. Mən onu da deyim ki, bütün postsovet ölkələrini təhsilin keyfiyyəti problemi birləşdirir. Bu, olduqca vacib məsələdir. Təmsil etdiyim institutda bu problemlə ciddi məşğul olurlar. Bu məsələdə biz ümumi dil tapa, vahid proqram hazırlaya bilərik. Çünki təhsildə keyfiyyət məsələsi bütün MDB məkanı, Avropa Birliyi ölkələrində, Amerika Birləşmiş Ştatlarında tamamilə fərqli mövqedən gözdən keçirilir. Buna görə də bu məsələdə elə bir vahid mövqe tapılmalıdır ki, nə şagirdlər, nə də tələbələr bu mobilliyi təcrübədə həyata keçirməkdə əziyyət çəkməsinlər. Müəllim hazırlığında hansı standartlara (Amerika və ya Avropa) üstünlük verilməsi məsələsinə gəlincə, hansısa Amerika və ya Avropa standartlarını əsas götürüb, onu bizim müəllimlərə təklif etmək, bu, düzgün deyildir. Bizdə tamamilə başqa reallıqlardır. Buna görə də standartları bizim reallığa, şəraitə, mentalitetə uyğunlaşdırmaq lazımdır. Ola bilsin ki, Rusiyada tətbiq olunan standart Gürcüstanda tətbiq oluna bilməz və əksinə. Bizim Azərbaycanla da az da olsa mentalitet fərqimiz vardır. Buna görə də bu məsələdə hər bir ölkənin xüsusiyyətləri nəzərə alınmalıdır.
Təhsil naziri Misir Mərdanov çıxışında qeyd etdi ki, təhsildə İKT texnologiyalarından getdikcə daha çox istifadə olunacaq. İnternet şəbəkəsində Bakıdakı hər bir təhsil müəssisəsinin - məktəbin, ali məktəbin öz saytı olsaydı, yaxşı olardı. Biz Rusiyada telefon əlaqəsi olmadan bu təhsil ocaqlarının İnternet ünvanlarına daxil olmaqla Azərbaycanın təhsil sistemində baş verən yeniliklərlə tanış olardıq. Xəbərləri əldə edər və təcrübə mübadiləsi apara bilərdik. Hansısa iclas barədə təfsilatlar ala, hansısa şəkilləri əldə edə bilərdik. Bütün bunlar bizə Azərbaycanın təhsil sistemində baş verən prosesləri izləməyə, təhsilin inkişaf dinamikasını öyrənməyə, onun mahiyyətini anlamağa kömək edərdi.
Oruc MUSTAFAYEV,
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2012.-
30 noyabr.- S.3.