Bakı Dövlət Universitetinin Tədris Elektron Mərkəzi

 

Müasir təhsilimizin sürətlə inkişafı və dünya təhsil sisteminə inteqrasiya yolunda ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulması zəruri məsələlərdən birinə çevrilmişdir. Azərbaycan Boloniya Bəyannaməsini imzaladıqdan sonra qarşıda duran əsas məsələ bu vacib sənəd çərçivəsində təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmaqdır. Bununla əlaqədar olaraq, artıq bir neçə ildir ki, Boloniya Bəyannaməsinin tələblərinə cavab verən standartların tətbiqinə dair sistemli iş aparılır. Respublikamızın ali təhsil müəssisələri arasında böyük nüfuza malik olan Bakı Dövlət Universiteti də 2006-cı ildə Boloniya prosesinə qoşulmuş və universitetdə bu istiqamətdə bir çox işlər görülmüşdür. Təhsil təşkilatçıları arasında öz novatorluğu və təşəbbüskarlığı ilə seçilən BDU-nun rektoru, akademik Abel Məhərrəmovun ciddi səyi nəticəsində bakalavriat (əyani, qiyabi) və magistratura pillələrində Boloniya prosesinin prinsiplərinin həyata keçirilməsinə, kredit sisteminin və gələcəkdə distant təhsilin tətbiqinə, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsinə daha ciddi nəzarət məqsədilə 2010-cu ilin dekabr ayında BDU-nun Böyük Elmi Şurasının qərarı və  rektorun müvafiq əmrinə əsasən universitetdə Tədris Elektron Mərkəzi (TEM) yaradılmışdır. 

 

Mərkəzin strukturu

 

Tədris Elektron Mərkəzinin yaradılmasında başlıca məqsəd tədrisin keyfiyyətinin yüksəldilərək beynəlxalq tələblərə cavab verən müstəviyə çıxarılmasıdır. Tədris Elektron Mərkəzinin fəaliyyətinin bir sahəsini kameralar vasitəsi ilə tədris prosesinə nəzarət təşkil edir. Bu məqsədlə "BEST Telecom" MMC şirkəti ilə müqavilə bağlanmış, hər bir fakültə daxil olmaqla 96 auditoriyada idarəetmə kameraları quraşdırılıb istifadəyə verilmişdir.

Alınan vizual informasiyalar həm Tədris Elektron Mərkəzində, həm də fakültə dekanlığında paralel olaraq baxılır və yaddaş qurğularına yazılır. Hazırda  şəbəkənin genişləndirilərək 256-ya çatdırılması üçün akademik Abel Məhərrəmovun təşəbbüsü ilə layihə hazırlanıb və yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.

Tədris Elektron Mərkəzinə kimya elmləri doktoru, professor Məlahət Qurbanova rəhbərlik edir. TEM-də M.Qurbanovanın rəhbərliyi altında 17 nəfərdən ibarət işçi qrupu çalışır. Professor Məlahət Qurbanovanın işə məsuliyyətlə və obyektiv yanaşması sayəsində TEM-də güclü nizam-intizama nail olunmuşdur.

Mərkəzdə tədris prosesinə, dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət, imtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarət, testlərin sistemləşdirilməsi və ekspertizası, tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət, proqram təminatı və texnoloji xidmət, statistik məlumatlar adlı qruplar fəaliyyət göstərir.

 

 Tədris prosesinə nəzarət

 

Tədris Elektron Mərkəzinin strukturuna daxil olan qruplardan biri tədris prosesinə nəzarət qrupudur. Bu qrup tərəfindən dərslərə 2 növbədə nəzarət olunur, gecikmələr, boş keçən, əvəz olunan, vaxtından əvvəl qurtaran dərslər qeydə alınır. Nəticədə fakültəyə göndərilən bildirişlər əsasında komissiya tərəfindən yekun aylıq iclas keçirilir və Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən rektorun əmrilə müvafiq intizam tənbehləri verilir. Qrup bundan başqa, dərslərin keyfiyyətinə də nəzarət edir. Keyfiyyətsiz dərslərin videomaterialları müzakirə üçün fakültə metodiki şurasına təqdim edilir. Müzakirənin nəticəsinə əsasən müvafiq tədbirlər görülür və Tədris Elektron Mərkəzinə məlumat verilir.

 

Dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət

 

Tədris Elektron Mərkəzində dərs yükünün bölgüsü və yerinə yetirilməsinə nəzarət qrupu da fəaliyyət göstərir. Dərs yükünün bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 saylı qərarına, Boloniya prosesinə keçidlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müvafiq əmr, təlimat və normativlərə,  BDU Elmi Şurasının qərarlarına, magistratura və doktorantura üzrə müəyyən edilmiş minimum normalara əsasən aparılır.

 

İmtahan sessiyasının keçirilməsinin təşkili və ona nəzarət 

 

TEM-  həmçinin  imtahan prosesinin keçirilməsi və ona nəzarət qrupu da fəaliyyət göstərir. Bu qrupun vəzifələrinə Yekun Dövlət İmtahanının (YDİ), əyani və qiyabi şöbə üzrə semestr imtahanlarının təşkili, keçirilməsi, yazı işlərinin obyektiv yoxlanılmasının təmin edilməsi daxildir. Əyani şöbədə semestr imtahanları yazılı monitorinq formasında, qiyabi şöbədə isə test üsulu ilə aparılır. İmtahanlar kompüter otaqlarında 2 növbədə həyata keçirilir. Eyni vaxtda 400 tələbənin sistemdə test üsulu ilə imtahan verməsi üçün şərait yaradılmışdır. İmtahanın nəticələri bir saat müddətində açıqlanır. Qeyd etmək lazımdır ki, TEM yaradıldıqdan sonra imtahanlarda köçürmə halları aradan qaldırılmışdır. 

 

Testlərin sistemləşdirilməsi və ekspertizası 

 

Tədris Elektron Mərkəzində fəaliyyət göstərən daha bir qrup testlərin sistemləşdirilməsi və ekspertizası qrupudur. Qeyd etdiyimiz kimi, qiyabi şöbədə təhsil alan tələbələrin  imtahanları  test üsulu ilə aparılır və fənlər üzrə testlər fənni tədris edən müəllimlər tərəfindən tərtib olunur, kafedra müdiri və fakültə metodik şurası tərəfindən təsdiqlənmiş formada TEM-ə təhvil verilir. Testlərə müsbət rəy alındıqdan sonra isə  fakültə tyutorları tərəfindən sistemləşdirilərək CLİX sisteminə vurulur. Hazırda CLİX sistemində 1500 fənn üzrə 495000-dən çox test var. Gələcəkdə qarşıya qoyulan məqsəd testlərin sayını artırmaqla hər bir fənn üzrə test bankı yaratmaqdır. 

 

Tyutorların işinin əlaqələndirilməsi və ona nəzarət  

 

Qrup tələbələrin fərdi tədris planlarının fakültə tyutorları tərəfindən düzgün həyata keçirilməsinə, fakültələrarası və universitetlərarası kreditlərin götürülməsinə, kredit borcu qalan tələbələrin aşağıdan kredit götürmələrinə, yay semestrinin təşkilinə, fənlər üzrə mühazirələrin elektron variantının CLİX-sə yüklənməsinə, tyutorların fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi və kateqoriyalara bölünməsinə nəzarət edir.

Qeyd edək ki, Bakı Dövlət Universitetində 2008-ci ildən başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində Boloniya prosesinin prinsiplərinin və "Virtual Universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları başlanmış və nəticədə BDU və digər ali təhsil ocaqları üçün 146 tyutor (akademik məsləhətçi) hazırlanmışdır. Hazırda BDU-da 100-ə yaxın tyutor çalışır.  

 

Proqram təminatı və texnoloji xidmət 

 

Bakı Dövlət Universitetində Boloniya sistemi ilə təhsil alan tələbələrin vahid  elektron bazasını yaratmaq məqsədi ilə  proqram təminatı hazırlanmışdır. Bu proqram vasitəsi ilə təhsil alan bütün tələbələrin siyahısı  və onlar haqqında zəruri məlumatlar (qəbul əmrinin nömrəsi və tarixi, təhsil ili, qrup, şöbə, qəbul balı və s., eyni zamanda təvəllüdü, doğulduğu yer, ünvanı, telefonu, elektron ünvanı, şəxsiyyət vəsiqəsi, attestat balı, şəkli və s.) tyutorlar tərəfindən bazaya daxil edilmişdir.

Tələbələrin universitetdə təhsil aldıqları müddətdə onlara aid olan bütün hərəkət sistemi və əmrlərinin mütəmadi olaraq  bazaya işlənməsi mexanizmi yaradılmışdır ki, bunun da nəticəsində tələbə kontingenti haqqında bütün məlumatların  operativliyi təmin ediləcəkdir.

Hər bir fakültədə  ixtisaslar üzrə tədris planları tədris ilinə, semestrə uyğun olaraq bazaya daxil edilir. Bunun nəticəsində tədris ili üzrə bütün tədris planlarını istənilən vaxt çap etmək və kredit borcu olan  tələbələri alt qruplarda (akademik borcu olan tələbələr nəzərdə tutulur) yerləşdirmək üçün istifadə etmək mümkün olur.

Mövcud tədris planlarının əsasında imtahan vərəqləri hazırlanır, sessiyanın nəticəsi olan imtahan vərəqləri bazaya daxil edilir və ümumiləşdirilir, eyni zamanda kredit borclarını ödəmək üçün təkrar imtahan vərəqlərinin tərtib edilməsi, onların bazaya daxil edilməsi də həyata keçirilir. Sistem özü nəticələri qiymətləndirir    ümumiləşdirir. Hazırda əyani şöbədə təhsil alan bütün tələbələrin imtahan nəticələri bazaya daxil edilmişdir. Jurnalların elektron variantının hazırlanması, davamiyyət və qiymətlərin mütəmadi izlənməsi üçün veb səhifəsinin hazırlanması proqramın yeni funksiyalarındandır. Elektron jurnalın yaradılması nəticəsində proqram vasitəsi ilə jurnaldan qiymətlər, qayıblar  ümumiləşdirilir, bal vərəqləri formalaşdırılır və tələbənin imtahanaqədərki balı avtomatik hesablanaraq siyahı şəklində çap olunur. Bundan başqa, tələbə bu hesablanmış bal vərəqini öz imzası ilə  təsdiq edir və imtahan vərəqləri həmin bal göstərilməklə çap edilir.

 

Statistik məlumatlar 

 

TEM-də fəaliyyət göstərən daha bir qrup statistik məlumatlar qrupudur. Qrupun fəaliyyəti baza əsasında bütün statistik məlumatların əldə edilməsindən ibarətdir. Qrup fakültənin kontingenti haqqında, tələbənin fərdi tədris planları, topladığı kreditlər və kredit borcları, sessiyanın nəticələri əsasında qrupun müvəffəqiyyət və keyfiyyət göstəriciləri, sessiyanın nəticələri əsasında fakültə üzrə müvəffəqiyyət və keyfiyyət faizini əks etdirən cədvəllər və diaqramlar, kredit borcu olan tələbələrin siyahıları,  təqaüdlərin hesablanması, passiv tələbələrin fakültələr üzrə sayının müəyyənləşdirilməsi, universitet fənləri üzrə tələbələrin müvəffəqiyyət, keyfiyyət göstəriciləri və s. haqqında statistik məlumat toplayır.

Tədris Elektron Mərkəzinin rəhbəri, professor Məlahət Qurbanovanın verdiyi məlumata görə, mərkəz gələcəkdə valideynlərin tələbənin təhsil aldığı müddətdə qazandığı bütün nəticələrini (davamiyyət, topladığı kreditlər, semestr balları, imtahan balları, töhmətlər, təltiflər və s.) İnternet vasitəsilə izləyə bilməsi, distant təhsilin tətbiqi üzrə hazırlıq işlərinin aparılması, daha çox multimedia kurslarının hazırlanması, virtual CLASS ROOM-ların yaradılması, Boloniya prosesinin tələblərinin tam şəkildə tətbiqinə nail olunmasını planlaşdırır.

BDU-da professor-müəllim heyəti və tələbələrin Tədris Elektron Mərkəzi haqqında fikirlərini öyrənməyə çalışdıq.

Mikrobiologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Xudaverdi Qənbərovun dediklərindən: Bakı Dövlət Universitetində Tədris Elektron Mərkəzinin yaradılması universitetin həyatında çox vacib olan müsbət dəyişikliklərə səbəb oldu. Belə ki, tələbələrin imtahan vermə prosesinə ciddi elektron nəzarəti nəticəsində köçürmə hallarına son qoyuldu. Tələbələr başa düşdülər ki, imtahan zamanı artıq köçürmə mümkün deyil və imtahana ciddi hazırlaşmaq lazımdır. Dərs prosesinə elektron nəzarət həm müəllimlərin, həm də tələbələrin məsuliyyətini xeyli artırdı. Nəticədə dərsə gecikmək və dərsdən çıxmaq,  mühazirə əvəzinə kənar söhbətlərə yol vermək, mühazirə deyən müəllimlərin "diktant" şəklində tələbələrə mətni yazdırmaq və digər neqativ hallar aradan qalxdı.

Arzu edərdik ki, mühazirə oxunan bütün auditoriyalarda elektron nəzarət sistemi mövcud olsun. Bu həm müəllimləri, həm də tələbələri  mühazirəyə və seminara daha ciddi hazırlaşmağa məcbur edən bir amildir.

Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Fərahim Baratın dediklərindən: Tədris Elektron Mərkəzi universitetdə fəaliyyət göstərən və peşəkar kollektivi olan önəmli şöbələrdəndir. Dərslərin intizamlı, imtahanların şəffaf keçirilməsində əsas rol oynayan mərkəz hər birimizi daha da məsuliyyətli olmağa sövq edir. Ən əsası imtahanlarda kamera qarşısında olduğumuza görə köməkçi vasitələrdən istifadə etmək mümkün deyil. Bununla da hər kəs öz gücünün nəyə layiq olduğunu dəqiqləşdirir və beləliklə, şəffaf mühitdə təhsil alan tələbə gələcəkdə cəmiyyətdə də kifayət qədər obyektiv və şəffaf olmağa vərdiş edir. Mən bir tələbə kimi TEM-in fəaliyyətini alqışlayır və elektronlaşmanın tətbiq olunmasını təqdirəlayiq hesab edirəm. Belə bir şəraitin universitetimizdə yaradılması üçün zəhməti keçən hər bir şəxsə minnətdarlığımı bildirirəm.

Bəli, müşahidələrimiz göstərdi ki, BDU-da yaradılmış Tədris Elektron Mərkəzi yeni yaranmasına baxmayaraq, obyektiv və intizamlı fəaliyyətinə görə istər müəllimlərin, istərsə də tələbələrin rəğbətini qazanmışdır və bu ali təhsil ocağının sürətlə inkişafında müstəsna rol oynayır. 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 30 noyabr.- S.5.