Gələn il Sumqayıt Kimya Sənaye
Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə
başlaması nəzərdə tutulur
Oktyabrın 3-də təhsil naziri Misir Mərdanov
Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın
Almaniyanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzer ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində
görməkdən məmnunluq duyduğunu ifadə edən
Misir Mərdanov Sumqayıt Kimya Sənaye Parkının nəzdində
Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
çərçivəsində görülmüş işlərdən
söhbət açıb. Nazir bildirib ki, Sumqayıt Kimya Sənaye
Parkının nəzdində Peşə Tədris Mərkəzinin
yaradılması layihəsinin icrası istiqamətində
İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq
müzakirələr aparılıb və
hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim
olunub. Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində
Peşə Tədris Mərkəzinin fəaliyyətə
başlamasının nəzərdə tutulduğunu söyləyən
təhsil naziri bunun üçün həyata keçiriləcək
hazırlıq tədbirlərinin dəqiq şəkildə
müəyyənləşdirilməsinin və müvafiq
işçi qrupunun yaradılmasının zəruriliyinə
toxunub.
Azərbaycanın Almaniyanın
Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi
qəbula görə təşəkkürünü bildirib və
təhsil sahəsindəki qarşılıqlı əlaqələrin
əhəmiyyətindən bəhs edib. Peşə təhsili
sisteminin yüksək səviyyədə inkişafının
sosial-iqtisadi tərəqqi baxımından oynadığı
rola toxunan qonaq ölkələrimiz arasındakı əməkdaşlığın
səmərəliliyinin daha da artırılması məqsədilə
peşə təhsili sahəsində ən çox ehtiyac
duyulan ixtisaslar üzrə kadrların hazırlanmasının
zəruriliyini bildirib. O.Hauzer Sumqayıt Kimya Sənaye
Parkının nəzdində Peşə Tədris Mərkəzinin
yaradılması layihəsinin icrası istiqamətində
görüləcək işlər barədə ətraflı
məlumat verib, layihənin işçi qrupunun
yaradılmasından sonra prosesin daha da sürətlənəcəyinə
əmin olduğunu söyləyib.
Daha sonra layihənin icrası ilə
bağlı bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, Sumqayıt Kimya Sənaye
Parkının nəzdində Peşə Tədris Mərkəzinin
vaxtında fəaliyyətə başlaması
üçün dərsliklərin, tədris
proqramlarının hazırlanması, həmin təhsil
ocağında çalışacaq müəllimlərin təkmilləşmə
kurslarına cəlb olunması ilə bağlı təkliflər
səsləndirilib.
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.3.