Almaniyanın Azərbaycandakı səfiri Lənkəran Dövlət Universitetində olub

  

Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Quelle Lənkəran Dövlət Universitetində olmuşdur. Universitetdə keçirilən görüşdə fikir mübadiləsi aparılmış, Almaniya-Azərbaycan dostluq əlaqələrindən söhbət getmişdir.

Universitetlə tanışlıq almaniyalı qonaqda xoş təəssürat oyatmışdır. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov yeni təhsil islahatları ilə əlaqədar ali təhsil ocağında elm və təhsilin inkişafı istiqamətində əldə edilmiş uğurlardan, beynəlxalq əlaqələrdən danışmış, qonaqları maraqlandıran suallara cavab vermişdir. Bildirilmişdir ki, Lənkəran Dövlət Universiteti beynəlxalq təşkilat olan DAAD Alman Mərkəzi ilə əməkdaşlıq edir, qurumun dəstəyi ilə layihələr həyata keçirərək qrantlar almışdır. Universitetdə alman dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Alman dili mütəxəssisləri tələbələrə uzunmüddətli mühazirə və seminarlar keçmişlər. Universitetin müəllimləri və tələbələri Almaniyanın DAAD təşkilatının maliyyə dəstəyi ilə bu ölkədə təcrübə mübadiləsində olmuşlar.

Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Quelle səmimi görüş üçün minnətdarlığını bildirmiş, universitetlə əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd etmişdir.

 

 

Hacı Etibar ƏHƏDOV

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.3.