"Ən yaxşı ümumtəhsil məktəbi" uğurlarını daha da artırmaq əzmindədir

 

Bu danılmaz bir həqiqətdir ki, müxtəlif xalqların görkəmli oğul və qızları öz uğurları üçün, ilk növbədə, məktəbə, müəllimlərinə borclu və minnətdar olduqlarını söyləyiblər. Deməli, bütün ağıl və bilik, fiziki güc və qüdrət sahiblərinin hamısının yolu məktəbdə düzgün təlim-tərbiyə prosesindən keçib və bu gün də belədir.

Haqqında söhbət açmaq istədiyimiz Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb də belə təhsil müəssisələrindəndir. Məktəb 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən tikilərək istifadəyə verilib. Bu təhsil ocağının direktoru Zakir Bayramovdan aldığımız məlumatda bildirilir ki, məktəbdə ötən dərs ilində 904 şagird təhsil alıb. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 58 ixtisaslı müəllim məşğul olub. Yeni dərs ilində isə məktəbdə təxminən 1050-yə yaxın şagird təhsil alır. Onlardan 168-i birinci sinif şagirdidir.

Məktəb 2011-2012-ci tədris ilinin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Təhsil ocağının kollektivi bu uğurun əsas səbəbini nizam-intizamda, şagirdlərin məktəbdə qabaqcıl, müasir təhsilin tələbləri səviyyəsində dərs keçən müəllimlərdən təhsil almalarında və yüksək bilik əldə etmələrində görür.

Təsadüfi deyildir ki, məktəbin müəllimlərindən 94 faizi ali təhsillidir. Həmin müəllimlərdən bir nəfəri BDU-nun dissertantı, bir nəfəri isə 2012-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Yeni dərs ilində isə məktəbin üç müəllimi bu müsabiqəyə qoşulub.

Məhz belə müəllimlərin əməyinin nəticəsidir ki, ötən tədris ilində məktəbi bitirən 21 şagirdin hamısı mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğurla keçərək attestat alıb. Onlardan 11-i müxtəlif ali təhsil ocaqlarına qəbul olunub. İki nəfər - Vüqar Mürşüdlü və Xəzər Qurbanlı isə 600-dən yuxarı bal toplayıb.

Məktəbin yetirmələrinin əldə etdiyi nailiyyətlər bununla bitmir. Onlardan "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qalibi Cavid Müseyibli, riyaziyyat fənni üzrə olimpiadanın respublika turunun mükafatçısı Mövlud Məmmədli məktəbin fəxrləri sırasındadır.

Təhsil ocağında şagird və müəllimlərə informasiya-kommunikasiya texnologiyaları ilə işləmək üçün yüksək səviyyəli şərait yaradılıb. Məktəbin müəllimləri İKT-nin tətbiqi ilə əlaqədar müxtəlif kurslarda, o cümlədən "Xalq kompüteri" layihəsində iştirak edərək qazandıqları bilikləri dərslərində tətbiq edirlər.

Hazırda məktəbdə 2 informatika kabineti fəaliyyət göstərir. Həmin kabinetlərin birində 7, digərində isə 12 kompüter var. Bu da dərslərin müasir tələblər səviyyəsində qurulmasında, şagirdlərin yaradıcı və məntiqi təfəkkürünün inkişafında mühüm rol oynayır.

Məktəbdə kurikulumun tətbiqi də yüksək səviyyədədir. Burada müasir tələblərə uyğun "açıq dərs"lər, "dəyirmi masa"lar və digər tədbirlər keçirilir.

Məktəbin kitabxanasında şagirdlərin asudə vaxtlarında mütaliə ilə məşğul olmaları üçün zəngin ədəbiyyatla yanaşı, onların rahatlığını təmin edən "Oxu zalı" və şagirdlərə yardımçı olan qayğıkeş kitabxanaçılar var. Kitabxanada 11564 dərslik, 825 ədəd bədii ədəbiyyat mövcuddur.

Məktəbdə xüsusi istedada malik uşaqların inkişafına da ciddi diqqət yetirilir. Bu məqsədlə də məktəbdə "İstedad bankı" yaradılıb. Şagirdlərlə aparılan işin nəticəsidir ki, burada hər il istər Təhsil Nazirliyinin, istərsə də digər təşkilat və qurumlar tərəfindən keçirilən respublika səviyyəli yarış və müsabiqələrin qalibləri olmuş, fəxri fərmanlarla təltif ediliblər.

Məktəbdə 2011-ci ildən VMA fəaliyyət göstərir. Burada aparılan işin düzgün istiqamətdə qurulmasının nəticəsidir ki, hər hansı məsələnin həllində onların köməyindən istifadə edilir.

Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, əbədiyaşar ideyalarının təbliğ edilməsi məktəbdə əsas yer alıb. Hər il ulu öndərin doğum gününə məktəbin təşkil etdiyi "Gül kompozisiyaları" Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən layiqincə qiymətləndirilir.

Məktəbdə şagirdlərin elmə, təhsilə olan marağını gücləndirmək üçün bir çox elm adamları, alimlər və ədəbiyyatçılarla görüşlər təşkil edilir, nüfuzlu ali təhsil ocaqlarına ekskursiyaları təşkil olunur.

Milli vətənpərvərliyimizi özündə əks etdirən müxtəlif tədbirlərin keçirilməsinə də burada geniş yer verilir. Məktəbin "Cəsurlar" və "Şahin" hərbi idman komandaları son iki ildə Bakı zona turnirlərində müxtəlif nominasiyalar üzrə qalib olublar.

"Ən yaxşı ümumtəhsil məktəbi" adını daşıyan bu təhsil ocağının kollektivi işini ölkəmizdə gedən təhsil islahatına uyğun quraraq bundan sonra da daha böyük uğurlar əldə etmək əzmindədir.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.4.