Müəllim kimi peşə bayramımı ilk dəfə qeyd edirəm

 

 1986-cı ildə Ağdam rayonunda anadan olmuşam. İlk təhsilimi 1992-ci ildən 2000-ci ilə kimi Ağdaş rayonunda almışam. Sonra təhsilimi Bakıda davam etdirərək 2003-cü ildə Binəqədi rayonu 3 nömrəli tam orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedaqogikası metodikası fakültəsinə daxil olmuşam. 2007-ci ildə bakalavr pilləsini, 2009-cu ildə isə magistraturanı  fərqlənmə diplomu ilə bitirmişəm.

İnstitutu bitirdikdən sonra müəllim işləmək istəyirdim. Lakin paytaxtdakı məktəblərin ibtidai sinif müəlliminə tələbatı olmadığından istəyimi reallaşdıra bilmirdim.

Builki vakant yerlər haqqında məlumatda bir neçə məktəbdə ibtidai sinif müəlliminə ehtiyac olduğunu görüb Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi müsabiqədə iştirak etmək qərarına gəldim. İyun ayında Təhsil Nazirliyinin rəsmi saytında qeydiyyatdan keçdim. İyul ayının 18-də imtahan verdim. İmtahan çox şəffaf keçirildi. 35 sualdan 33-nə düzgün cavab verdim. Həmin günün sonunda öyrəndim ki, 34,78 bal toplayaraq Bakı şəhər Binəqədi rayonu 314 nömrəli tam orta məktəbə işə qəbul olunmuşam. Elektron ərizəmdə 314 nömrəli tam orta məktəbi ilk sırada qeyd etmişdim. İmtahanların yaxşı təşkil olunması məni çox sevindirdi. Xüsusilə təhsil sahəsində belə şəraitin yaradılması çox sevindirici haldır. Ümummilli liderimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir", "Təhsilimiz savadlı, bilikli, istedadlı gənclərin çiyinləri üzərində qurulacaq" müdrik sözlərini yada saldım. Və bir daha çox fəxr etdim ki, bu gün dövlətimiz mənim kimi sənətini sevən gənclərə hər cür şərait yaradır.

Nəticələr açıqlandıqdan sonra məktəbimizin direktoru Vidadi Daşdəmirov və müəllim kollektivi ilə tanış oldum. Sentyabr ayının 10-dan müəllim kimi fəaliyyətə başlamışam. Hazırda  məktəbin kollektivindən çox razıyam. Kollektiv arasında olan isti münasibət və səmimiyyət məni daha da ruhlandırır. Çox sevinirəm ki,  uşaqlıqdan bəri arzu etdiyim sənəti bu məktəbdə davam etdirirəm. Yaxşı müəllim olmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Məqsədim Vətənini sevən, onun milli dəyərlərinə sahib çıxan, böyüyünə hörmət edən, kiçiyini sevən, tərbiyəli, ağıllı, savadlı, dünyagörüşü zəngin olan şagirdlər yetişdirməkdir. Bunun üçün hər zaman öz üzərimdə çalışacağam. 

Bu gün bizim peçə bayramımızdır. Mən ilk dəfədir ki, bu bayramı qeyd edirəm. Yəqin ki, mənimlə bərabər bu il işə qəbul olunanların çoxu üçün bu belədir. Onları, onların simasında bütün müəllimləri təbrik edir, xoş arzularımı bildirirəm.

 

 

Qumru ŞİRİNOVA,

Bakıdakı 314 nömrəli tam

orta məktəbin ibtidai sinif müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.5.