Təhsil işçilərinə
göstərilən diqqət və qayğının
növbəti bariz nümunəsi
Təməl daşı ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan və
bugünkü inkişafı ilə küreyi-ərzin diqqətini
çəkən müasir Azərbaycanımızın daha
xoşbəxt sabahı naminə hər bir Azərbaycan vətəndaşı,
xüsusilə biz təhsil işçiləri böyük əzmlə
çalışmalı, üzərimizə düşən
vəzifənin öhdəsindən layiqincə gəlməliyik.
Hesab edirik ki, möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının "Azərbaycan
Respublikasının təhsil işçilərinə "Əməkdar
müəllim" fəxri adının verilməsi
haqqında" 1 oktyabr 2012-ci il tarixli sərəncamı
dövlətimizin, Prezidentimizin təhsil işçilərinə
olan diqqət və qayğısının növbəti bariz
nümunəsidir.
Müasir dünyada elmin və təhsilin
inkişafın ön cəbhəsi olması hamımıza bəllidir. Elə bu səbəbdəndir ki,
2003-cü ildən bu günə kimi Prezident İlham Əliyev
tərəfindən elm və təhsillə bağlı
onlarla Dövlət Proqramı təsdiq edilmiş, xeyli fərman
və sərəncam imzalanmışdır. Nəticədə Azərbaycan təhsil
sisteminin dünya təhsil sisteminə inteqrasiya olunması, təhsil
sisteminin səmərəli idarə olunmasının təmin
edilməsi, bütövlükdə təlim-tərbiyə
müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi,
maddi-texniki bazasının gücləndirilməsi, təhsil
işçilərinin sosial müdafiəsi istiqamətində
xeyli nailiyyətlər əldə edilmişdir. İndi
respublikamızda məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində
görülən işləri dünyanın inkişaf
etmiş ölkələri ilə müqayisə etmək
mümkündür. Bircə faktı qeyd etmək kifayətdir
ki, bu sahədə görülən işlərin fərqində
olasan: 2003-cü ildən bu günə kimi ölkəmizdə
tikilən yeni məktəb və korpusların xüsusi
çəkisi respublikamızda mövcud ümumtəhsil məktəblərinin
təqribən 50 faizinə bərabərdir.
Ümumiyyətlə, biliklər əsri
olan XXI əsrdə inteqrasiya və qloballaşma kimi ümumbəşəri
prosesin fəal iştirakçısı olmağın yeganə
yolu elmdən və təhsildən keçir ki, onun da
konturları, bu sahə ilə bağlı strateji hədəflər
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
dəqiqliklə müəyyənləşdirilmişdir:
"Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc
nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini
məhz bilik, savad təmin edəcəkdir. İnkişaf
etmiş ölkələrin təcrübəsinə baxsaq,
görərik ki, onların inkişafı təbii sərvətlərin
hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına
mümkün olmuşdur. Biz də bu yolla getməliyik və
gedirik".
Odur ki, indi biz təhsil işçiləri
qarşısında duran başlıca vəzifə təlim
prosesinin səviyyəsini və inkişaf tempini dövlətin,
ölkə Prezidentinin təhsilin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində gördüyü
işlərin səviyyəsinə və inkişaf tempinə
uyğunlaşdırmaqdan, əməli işimizlə
Prezidentimizə dəstək olmaqdan ibarətdir.
Bir daha möhtərəm Prezidentimizə
təhsil işçilərinə göstərdiyi diqqət və
qayğıya görə minnətdarlığımızı
bildirir, doğma Azərbaycanımızın hərtərəfli
tərəqqisi naminə fəaliyyətində uğurlar diləyirik.
Hüseyn
ƏSGƏROV,
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdir
müavini,
əməkdar
müəllim, filologiya elmləri
doktoru, professor
Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.5.