Şərəfli müəllim peşəsinin vurğunu

 

O müəllim xoşbəxtdir ki, bütün fəaliyyəti dövründə gərgin əməyi ilə təhsil sahəsində gərəkli xidmət göstərərək, qəlbinin hərarətini və zəkasını Vətən övladlarının maariflənməsinə, onların hərtərəfli inkişafına və tərəqqisinə həsr edir.         

Məşhur pedaqoq B.A.Suxomlinski deyib: "Müəllim hər şeydən əvvəl elə bir adamdır ki, uşaqları sevir, onlarla ünsiyyətdə öz xoşbəxtliyini tapır, onlarla dostluq etməyi bacarır, uşaqların sevincini də, qəmini də bölüşdürə bilir, uşağın qəlbinə girə bilir və özünün də nə vaxtsa uşaq olduğunu qətiyyən unutmur".

Şərəfli müəllim peşəsinə qəlbən bağlanan belə xoşbəxt insanlardan biri də Solmaz Abiyevadır.

S.Abiyeva M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1980-ci ildən Lənkəran rayonu Nərimanabad qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Sonra təhsilini APİ-də qiyabi yolla davam etdirərək biologiya müəllimi ixtisasına yiyələnib.

O, bu gün məktəbin sayılıb-seçilən müəllimlərindən biri kimi pedaqoji fəaliyyətini davam etdirir. Hərtərfli bilik, bacarıq və qabiliyyəti ilə seçilən Solmaz müəllim öz işinə yaradıcı yanaşır.

Müəllimlik peşəsinə vurğunluğu, ixtisasını yüksək səviyyədə bilməsi onu şagirdlərinə sevdirib, qabaqcıl müəllimlər sırasına çıxarıb.

Pedaqoji fəaliyyəti dövründə onun dərs dediyi şagirdlər respublikamızın nüfuzlu ali məktəblərinə daxil olub. Elə bu il qəbul imtahanları zamanı şagirdi Şəlalə Abdullayeva 600-dən yuxarı bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Onun vaxtı ilə dərs dediyi şagirdi İlhamə Paşayeva isə müəllimi Solmaz Abiyeva ilə bir məktəbdə çiyin-çiyinə çalışır.

S.Abiyeva biologiya fənnini sevir və onu şagirdlərinə də sevdirməyi bacarır. Təsadüfi deyildir ki, məktəbdə biologiya fənn kabinetini və laboratoriyasını yaradıb.

O, dərslərində fəal təlim metodlarından, interaktiv üsullardan səmərəli istifadə edərək fənlərarası inteqrasiyaya da üstünlük verir.

Onun dərs dediyi şagirdlər biologiya fənni üzrə keçirilən bilik yarışlarında, fənn olimpiadalarında həmişə fəal iştirak edərək layiqli yer tutur, uğur qazanır. Solmaz müəllimin şagirdi Reyhanə Məmmədova 2010-2011-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında biologiya üzrə IV yeri tutub.

O, bir fənn müəllimi kimi pedaqoji fəaliyyəti dövründə rayon icra hakimiyyəti və məktəb rəhbərliyi tərəfindən təşəkkürlər alıb, rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanla təltif olunub.

Dərs müəllimin elmi-metodik hazırlığının aynasıdır. Odur ki, S.Abiyeva öz üzərində daim çalışır, təlim və kurslarda bilik və bacarığını daha da artırır. Sonuncu dəfə o, Azərbaycan Müəllimlər İnstitutunun təşkil etdiyi "Xüsusi istedadlı uşaq və gənclərin fəaliyyətinin xarakterik xüsusiyyətləri"nə aid kursdan da uğurla keçib.

S.Abiyeva ölkə təhsilinə və müəllimlərə göstərdikləri yüksək qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir.

Eyni zamanda peşə bayramları münasibəti ilə bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edir.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.6.