Müəllimlik ən şərəfli peşədir

 

51 nömrəli tam orta məktəb Bakı şəhərinin qabaqcıl  təhsil müəssisələrindən biridir. Bu tədris ocağı 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumi təhsil müəssisəsi" adına layiq görülüb. Məktəbdə yaradılan nizam-intizam, kadrların öz işinə məsuliyyətlə yanaşması şagirdlərin dərsə hazırlaşmasına, biliklərə dərindən yiyələnməsinə müsbət təsir göstərir.

Şagirdlərin məktəb illərində qazandığı uğurların əsası, təbii ki, ibtidai siniflərdən başlayır. Çünki onlara ilk yazıb-oxumaq vərdişlərini, davranış qaydalarını ibtidai sinif müəllimləri öyrədir. Belə qabaqcıl müəllimlərdən biri də 2 "a" sinfinin rəhbəri Səkinə İbadovadır. Səkinə müəllim 1984-cü ildə N.Tusi adına Pedaqoji Universiteti bitirib. Özünün dediyinə görə, uşaqlarla işləmək həvəsi onda hələ gənc yaşlarından yaranıb. Elə bu istəyi də onu 51 nömrəli tam orta məktəbə gətirib. 25 ilə yaxındır ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Həmişə öz üzərində çalışan, bilik və bacarığını təkmilləşdirən Səkinə müəllim şagirdlərinin milli ruhda yetişməsinə, müasir texnologiyalardan istifadə etməklə təhsil sahəsində baş verən yeniliklərdən xəbərdar olmasına səy göstərir. S.İbadova qeyd edir ki, əvvəllər dərsliklər standart proqramlar əsasında hazırlanırdı. Biz də həmin proqramlardan kənara çox çıxa bilmirdik. İndi isə yeni dərsliklər şagirdlərin inkişafı, onların sərbəst şəkildə mühakimə yürütməsi üçün geniş imkanlar yaradır. Hər bir dərsi çalışırıq ki, canlı diskussiya şəklində quraq. Mövzulara uyğun xalqımızın tarixindən, mədəniyyətindən uşaqların dərk edəcəyi səviyyədə məlumat verilir. Müharibə şəraitində yaşayan Azərbaycanın bilikli, peşəkar kadrlara daha çox ehtiyacı var. Bu günlərdə 870 illik yubileyini təntənə ilə qeyd etdiyimiz dahi şairimiz Nizami Gəncəvi demişkən:

- Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Doğrudan da, bu gün məktəbdə ilk kövrək addımlarını atan uşaqların gələcəkdə xalqımızın layiqli övladları kimi yetişməsində biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Ölkə rəhbərinin təhsil sahəsinə diqqət və qayğısını hər an hiss edir və bu etimadı öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməklə doğrultmağa çalışırıq.

5 oktyabr - müəllimlərin peşə bayramı günü münasibətlə  pedaqoji sahədə çalışan bütün təhsil işçilərini  təbrik edir, onlara xalqımızın işıqlı sabahı naminə yorulmaz fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

 

 

Qabil YUSİFOĞLU

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.6.