Ömründən
şagirdlərinə pay verən
Müəllim...
Bütün
zamanların ən şərəfli, müqəddəs
peşələrindən sayılıb. Bu sözün işığı, ziyası, nuru hər birimizin ürəyinə
həmişə bir rahatlıq gətirib,
ruhuna öz
şöləsi ilə işıq salıb. Bu
müqəddəs peşə sahibləri uşaqlara,
fidan balalara ilk hərfi, ilk rəqəmi
öyrədərək onları gələcək həyata
hazırlayırlar. Bakıdakı 54 nömrəli tam orta məktəbin
müəllimi, peşəsini sevən, uşaqlarla
işləməkdən zövq alan Rəna Seyidova da belə ziyalılarımızdandır.
R.Seyidova Gədəbəyin
İsalı kəndində doğulub. Uşaqlara sevgi,
qayğı, həssas münasibət, tükənməz sevgi onu pedaqoji
universitetin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsinə gətirib.
Nümunəvi, öncül
tələbə kimi ad
çıxarıb, müəllim və tələbə
yoldaşlarının sevimlisinə çevrilib.
Əsl ziyalı xanıma xas keyfiyyətləri
özünə cəmləşdirən Rəna Seyidova az keçməmiş
fəaliyyətə başladığı 54 nömrəli məktəbdə
də həm kollektivin, həm də uşaqların və valideynlərinin
əzizi olub, onların rəğbətini
və hörmətini qazanıb. 37 illik pedaqoji təcrübə müddətində bir gün də olsun tələbkarlıq, nümunəvilik,
işinə məsuliyyət, yenilik, daim axtarışda olmaq
hissləri onu tərk etməyib. Bu müddət ərzində o,
hər bir şagirdini
doğma balası kimi
əzizləyərək onlara
ömründən nur paylayıb
addım-addım. Bölüşdürdükcə bitməyən
ziyasından hər bir şagirdinə bir pay verib.
Bir müəllim, ziyalı üçün bundan böyük xoşbəxtlik yoxdur
əslində. Vaxt keçəcək, bu günün birinciləri
- Ərhan, Nadir,
Hüseyn, Jalə, Ayxan,
Cavid, Məhəmməd, Sübhan,
Elgün məktəbi bitirəcək və
bəlkə də çox şeyləri unudacaqlar. Amma unuda bilməyəcəkləri bircə müəllim
olacaq. Onlara qələm
tutmağı öyrədən Rəna müəllim.
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.6.