İstedadın Vasim Məmmədəliyev zirvəsi
Akademik Vasim Məmmədəliyevin
ilahi lütfdən gələn
istedadı, güclü hafizəsi, dərin
elmi təfəkkürü,
yorulmaz pedaqoji fəaliyyəti,
Azərbaycan "milli ictimai
şüurunun zənginləşdirilməsində"
(Nizami Cəfərov) rolu,
ziyalı və şəxsiyyət məfhumlarını qürurla birləşdirmək
bacarığı, çoxları üçün
səmimi dost
və yoldaş anlayışlarını
nümunəvi şəkildə ifadə etməsi onu fenomen səviyyəsinə
qaldırmışdır. Bu, Vasim müəllimin həyatının bütün dövrlərində nadir hadisə kimi özünü göstərmişdir.
V.Məmmədəliyevə məxsus fəzilətin mayası
Qurani-Kərimin "Hədid" surəsində buyurulduğu kimi
"seçilmişlər üçün
ilahi vergidən" (Şeyxülislam
Hacı Allahşükür Paşazadə)
gəlir: "Lütf, mərhəmət
Allahın əlindədir, onu istədiyinə
bəxş edir. Allah çox
böyük mərhəmət, kərəm
sahibidir". İlahi
bəxşin sayəsində Vasim müəllimin
canına və qanına hopmuş çalışqanlıq, zəhmət
və qətiyyətli israr onun varlığını nadir
hadisəyə çevirmiş, bu şəxsiyyət
ölkəmizin şərqşünaslığı tarixində
təkrarsız yerini tutmuşdur.
Ürəyində dərin Allah
sevgisi olan mərhum ata Məmmədəli müəllim sovet ümumtəhsil məktəbi ilə
yanaşı, yeniyetmə Vasimə islam dininin əsaslarını, ərəb və fars dillərini öyrətmək istiqamətini
verməklə Tanrının buyurduğu bilik və elm yollarında
onun seçimi müəyyənləşmiş
olur.
V.Məmmədəliyevin
tələbəliyi fərqli, bənzərsiz olmuşdur.
Mən onu 1960-cı ildən Azərbaycan
Dövlət Universiteti (indiki
Bakı Dövlət Universiteti) şərqşünaslıq
fakültəsinin ərəb şöbəsinin birinci kurs tələbəsi
olduğum vaxtdan
tanıyıram. O, ikinci kurs
tələbəsi idi. Lakin
ərəbşünaslığın sehrli
aləminə kövrək addımlarını atanların
diqqətini özünə çəkməyə
başlayırdı. Sanki bu
istedadlı tələbə ərəb dilinin
o vaxtkı universitet
proqramını artıq mənimsəmişdi. Tələbə
Vasim üçün
auditoriyada verilən bilik
kifayət etmirdi. Çünki bu "fenomenal yaddaş və istedad sahibi" (Elxan Əzizov) ərəb filologiyasının universitet
proqramını artıq mənimsəmişdi. Vasim qoltuğunda və ya çantasında dəftər gəzdirən
tələbə deyildi. O, yalnız zehninə,
iti hafizəsinə arxayın olurdu. V.Məmmədəliyev proqramlardan kənara çıxaraq zəngin ərəb
dilinin qayda-qanunlarının tarix boyu öyrənilməsi
ənənələrinə yiyələnməyə müvəffəq
olur, canlı danışıq dilini uğurla öyrənir,
klassik fars və türk qaynaqlarına əl atırdı. Onun
maraq dairəsində Quranı öyrənmək,
islam dininin
başlıca qaynaqları ilə ətraflı tanış olmaq kimi sovet dövrü üçün
cəsarətli addımlar atırdı.
Tələbə
Vasim maraqlı tələbəlik dövrünün böyük
və ya kiçik bütün hadisələrində iştirak edir, özü yataqxanada qalmasa da qayğılı
yataqxana həyatının özünəməxsus
xüsusiyyətləri ilə də yaşayırdı.
Universiteti bitirdikdən sonra da V.Məmmədəliyev
elm kəsb etmək yolunu
israrla davam etdirirdi. Böyük Xətib Təbrizi elm
qazanmaq ehtiyacını qədim Bağdadda, Şamda
aramışdır. Vasim bu
ehtiyac dalınca o
dövrdə görkəmli ərəbşünasların
çalışdığı Tbilisiyə üz
tutmuş, aspirant olaraq akademik Georgi Seretelinin yanında
çalışmışdır. Vasim Məmmədəliyev
ondan elmi istiqamət aldığı kimi özü də
Quranın anlamı, islamı və
islam dini
qaynaqlarının öyrənilməsində bir
çox məsələlərin dərkində
gürcü ərəbşünaslarına
kömək etmişdir. Bu,
fenomen şəxsiyyətə xas olan cəhətdir. Elm yollarında Vasimin
israrlı addımları onunla nəticələndi
ki, namizədlik dissertasiyasından sonra tezliklə
1974-cü ildə doktorluq dissertasiyası
müdafiə edərək Azərbaycanda ərəbşünaslıq
sahəsində yeni məktəbin
yaranmasının əsasını qoydu. O, 32 yaşında ərəbşünaslıq sahəsində
nəinki respublikamızda, habelə o
vaxtkı bütün SSRİ-də ən
gənc elmlər doktoru oldu.
Ölkəmizdə ərəb dilinin tədrisi
mərhum müəllimimiz professor Ələsgər
Məmmədovun adı ilə bağlandığı kimi, ərəbşünaslığın elmi şəkildə bir məktəb
kimi
formalaşması və inkişafı akademik
Vasim Məmmədəliyevin fəaliyyətinin
nəticəsidir. Buna nail olmaq üçün Vasim
müəllim öz yolu
ilə qəti bir israrla
getmişdir. İstər "Müasir ərəb ədəbi dilində feilin zaman, şəxs və
şəkil kateqoriyaları" mövzusunda
doktorluq dissertasiyasında, istərsə klassik ərəb dilçilik
məktəbləri haqqında
"Ərəb dilçiliyi",
"Bəsrə qrammatika məktəbi",
"Kufə qrammatika məktəbi",
"Quran və elm"
kimi monoqrafik tədqiqatlarında
bu tipli işlərin
tələb etdiyi gərgin elmi araşdırmalar aparmışdır. Onun elmi nəticələri VII əsrdən bəri
Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları
arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və
leksikologiyasında mübahisə doğurmuş
121 məsələnin müasir dilçilik elminin nəticələri əsasında
aydınlaşdırılmasına kömək edir. Vasim müəllimin toxunduğu problemlər ərəb dilçiliyi ilə məşğul olmuş, demək olar ki, bütün tədqiqatçıların
diqqət mərkəzində olmuş və
olmaqdadır.
Akademik V.Məmmədəliyev tədqiqatlarında
orta əsr ərəb filoloqları, Avropa şərqşünasları, rus və müasir ərəbşünasların
ərəb dilçiliyi və qrammatika məktəblərinə dair fikir və mülahizələrinə
münasibət bildirmiş və bu sahənin öyrənilməsində yeni nəticələr əldə etmişdir. Onun
qənaətləri samişünaslıq və ümumi dilçilik üçün çox
dəyərlidir. Bu qiymətli əsərlərilə
akademik V.Məmmədəliyev Azərbaycan
ərəbşünaslığının nüfuzunu
dünyaya tanıtdırmışdır.
Onun elmi əsərləri
eyni zamanda dünya şərqşünaslığına
layiqli töhfədir.
V.Məmmədəliyevin
fitri istedadı, ağıl vergisi möcüzə təsirini
bağışlayır. Hafizənin güclülüyü
haqqında oxuyub eşitdiyim
müasir humanitar bilikli şəxsiyyətlərdən söhbət
gedəndə, ilk növbədə, Vasim müəllim yada düşür. Onun böyük üstünlüyü
ərəb, fars, türk
filologiyasını yaxşı bilməsi, bu
dillərlə yanaşı rus və ingilis dillərinə yiyələnməsidir.
Çoxsaylı qaynaqlardan müqayisə yolu ilə nümunə və mühakimələri
olduğu kimi yada salmaq hər tədqiqatçının
hünəri deyil. Bu
hünər Vasim Məmmədəliyevə
xasdır. O, Şərqin böyük alim və şairlərinin poetik irsindən çoxlu
şeirləri birnəfəsə söyləyə bilir. Onun güclü
yaddaşı analitik təfəkkürü
ilə ahəng təşkil edir.
Bu kimi dəyərli
keyfiyyətləri davamlı şəkildə inkişaf
etdirən akademik V.Məmmədəliyev həmişə
mütaliə ilə məşğul olur,
dünya elmindəki yenilikləri izləyir.
O, şərqşünaslıqda ensiklopedik
biliyə malik
olan bir şəxs kimi tanınır. Onun Ərəb Şərqi
və islam dünyası haqqında biliklər
xəzinəsində ərəb dilçiliyi,
ədəbiyyatı və tarixi, Şərq
filologiyası və mürəkkəb poetika
sistemi, islam tarixi, Azərbaycan ədəbiyyatı, əruz və musiqi, muğam sənəti və
ifaçılıq tərzi haqqında mühazirə,
söhbət və mühakimələri hamı tərəfindən
maraqla dinlənilir. Musiqi
sənəti ilə məşğul olanlar
Vasim müəllimin əruz və ahənglə
bağlı söhbətlərini dinləməyi özünə
borc bilirlər.
V.Məmmədəliyev
Şərq dünyasını, ərəb
filologiyasını öyrənməkdə birtərəfli
mövqedə durmur, dünya
mədəniyyətinin və Qərb sivilizasiyasının dəyərli
məqamlarını təqdir edərək bəşər elminin inkişafına öz
payını verməyə çalışır. O, elm
və din problemi
haqqında ilahi kəlamları əsas tutan bir
araşdırıcı kimi ilahiyyat elminin uğur qazanmasına xidmət edir.
Bakı Dövlət Universitetində İlahiyyat fakültəsinin təşkil
edilməsində böyük rolu olan akademik
V.Məmmədəliyev həmin fakültənin dekanı və
eyni zamanda şərqşünaslıq
fakültəsində ərəb filologiyası
kafedrasının müdiridir.
Şeyxülislamın təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin
nəzdində fəaliyyət göstərən
Elmi-dini şurada bəşəriyyətin
elmi inkişafını təqdir edən islam dininin müasir
cəmiyyətdə rolu və ona münasibətlə bağlı müxtəlif
məsələlərin çözülməsinə dair problemlərə baxılır və
münasibət bildirilir. Sağlam ağıl, düşüncə və
elmi təqdir edən islam
dini insanın təfəkkürünün
dərinləşməsini nəzərdə tutur
və Allahı tanıyıb dərk etməkdə elmin rolunu yüksək
qiymətləndirir. Bu yolda
təsəvvüf fəlsəfəsinin zənginləşməsində
məşhur alim Qəzalinin xidməti ondan ibarət olmuşdur ki, əsərlərində təsəvvüflə
elmi idrakı birləşdirməyin əsaslarını
müəyyənləşdirmişdir. Akademik
V.Məmmədəliyev islam dini və elm, Qurani-Kərim
və elm
mövzularının müasir,
müstəqil Azərbaycan şəraitində ictimai dərkini asanlaşdırmaq üçün əsərlər yazır,
çıxışlar edir və
maraqlı söhbətlər qurur. Bu baxımdan, Vasim müəllimin
Azərbaycan televiziyası ilə "Haqqın dərgahı"ndakı
müntəzəm və davamlı
çıxışları çox maraqla qarşılanır.
Vasim müəllim ölkəmizdə
uzun illərdən bəri insanların mənəvi ehtiyac duyduğu bir işin - Qurani-Kərimin
Azərbaycan dilinə tərcüməsinin (1971) öhdəsindən
uğurla gəlmişdir. Akademik
Ziya Bünyadovla birgə
yerinə yetirilmiş bu
iş Azərbaycan ilahiyyatçı alimləri
Mir Məhəmməd Kərim ağa (1906) və Məhəmməd Həsən
Movlazadə Şəkəvinin (1908) savab
qazandıran zəhmətlərinin davamıdır. Hacı Vasimin tərcüməyə
yazdığı ön söz
ilahi kitabın ölkəmizdə müasir şəraitdə dəyərləndirilməsi
üçün lazım olan
istiqamətləri müəyyənləşdirmişdir.
Qurani-Kərimin bu uğurlu
tərcüməsi artıq Ukrayna,
Türkiyə, İran və Pakistanda da təkrar nəşr
edilmişdir. Vasim
müəllim hər nəşrdə tərcümə üzərində
yenidən işləmişdir.
V.Məmmədəliyev
ilahiyyat elmləri sahəsində biliyi ilə seçilən şəxsiyyət
kimi bir çox elmi və dini tədbirlərdə aparıcı rol oynayır. İstər İslam
Konfransı Təşkilatı xəttilə, istərsə elmi, ədəbi
məzmunlu beynəlxalq və respublika
miqyaslı konfrans və simpoziumlarda
akademik V.Məmmədəliyevin iştirakı ölkəmizin
alimləri və iştirakçıları üçün
başucalıq gətirir.
Misir, İraq,
Suriya, Səudiyyə Ərəbistanı,
Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri,
Liviya, Küveytdə, habelə Türkiyə,
İran, ABŞ, İtaliya,
Polşa, İndoneziya,
Çad Respublikasında keçirilmiş
dini və elmi tədbirlərdə
o, bir sıra hallarda iclaslara sədrlik etmişdir.
İstedadlı alimin analitik
düşüncələrdən doğan
yeni elmi fikirlər
irəli sürməsi, ərəb, fars, rus və ingilis dillərində
sərbəst danışması, ərəb, fars
və klassik türk
dillərində ilkin qaynaqlara
aid çoxlu miqdarda elmi, dini, poetik nümunələri hafizədən
söyləmək bacarığına görə beynəlxalq
konfranslarda çıxışları həmişə
diqqət mərkəzində olmuşdur.
Məsələn, 1994-cü ildə M.Füzulinin 500 illik
yubileyinə həsr edilmiş Bağdadda beynəlxalq konfransda
çıxışını səlis ərəb dilində
quran və iclasa sədrlik
edən professor V.Məmmədəliyev
haqqında tanınmış İraq alimi Hüseyn Əli Məhfuz
yanında oturanlara - bizə dedi: "Bu şəxs
istedadlı adamdır. Ərəb dilində fikirlərini belə
yüksək səviyyədə ifadə etməsi məni heyrətə
gətirdi". Hacı Allahşükür
Paşazadə beynəlxalq konfranslarda Vasim müəllimin
çıxışlarının
çoxunu dinləyən bir münsif kimi deyir: "Hacı Vasim çıxış etdikdə biz fəxr edirik, qürur hissi keçiririk".
Vasim müəllim bir alim və pedaqoq kimi nüfuzu
və əməli fəaliyyətilə Azərbaycan ərəbşünaslığını
xeyli irəli aparmaqla
respublikamızın ərəb ölkələrilə elmi və mədəni əlaqələrinin
inkişafına böyük təsir
göstərmiş və göstərməkdədir. V.Məmmədəliyevin
bu sahədəki fəaliyyəti Azərbaycan Respublikasının
Şərq aləmində və beynəlxalq miqyasda
tanınmasına kömək edir, ölkəmizin
elmi potensialının və dərin elmi düşüncəyə malik
istedadlarının gücündən xəbər verir.
Azərbaycan-ərəb
ədəbi, elmi və mədəni əlaqələrinin
inkişafında görkəmli alimin rolu fəaliyyətinin bütün
sahələrinə aiddir: nəşr etdiyi əsərlərinə, beynəlxalq və
regional konfrans və tədbirlərdəki
məruzə və çıxışlarına, tələbə
və elmi-pedaqoji kadrlar hazırlanmasına,
tanınmış ərəb alimləri və şəxsiyyətlərilə
görüşləri və əlaqələrinə, ərəb
və Azərbaycan dillərinə etdiyi tərcümələrinə.
V.Məmmədəliyevin
Rabatda Təhsil, Elm və
Mədəniyyət işləri üzrə İslam
Təşkilatının (İSESKO) xəttilə nəşr
etdiyi "Azərbaycan dilinin
ərəb hərflərilə ifadəsi" kitabı (1999) ərəb
oxucularını Azərbaycan dilinin tarixi, dil və əlifba, ərəb
əlifbasının tarixi rolu
kimi
məsələlərlə tanış edir.
Xarici ölkələrin,
xüsusilə ərəb ölkələrinin müxtəlif
elmi və ədəbi jurnallarında alimin 60-a yaxın məqaləsi
çıxmışdır. Məqalələr Bağdad, Mərakeş, Əbu Dabi, Tehran, İstanbulda
"Sovtul-ittihad", "Əd-diya",
"Əl-iqtisad-əl-islami", "Varlıq",
"Türkiyə Diyanət Vəqfi", "Ədəbestan"
və başqa jurnallarda,
Bağdadda işıq üzü
görmüş "Füzuli
əl-Bağdadi" məcmuələrində nəşr edilmişdir.
V.Məmmədəliyevin
Azərbaycan dilindən ərəb dilinə, ərəb dilindən
Azərbaycan dilinə tərcümə etdiyi
əsərlər və nümunələr mövzu
baxımından çeşidlidir. Ərəb
dilinə tərcümələr arasında "Xaqani Şirvani. Rübailər",
"Cəlil Məmmədquluzadə. Hekayələr",
"H.Araslı. Xaqani Şirvani"
kitabçaçı, rus müəllifi professor A.Rojdestvenskinin
"Fikrət Əmirov" monoqrafiyası və F.Əmirovun
"1001 gecə" baletinin librettosunu göstərmək olar.
Azərbaycan oxucuları Livan
şairi Mişel
Suleymanın şeirlərilə V.Məmmədəliyevin sətri
tərcüməsi, xalq şairi
Nəbi Xəzri və Cabir Novruzun poetik tərcüməsi
əsasında tanış olmuşlar. Ərəb
müəllifi Nizar Səlimin Nailə Nəzirova
ilə birgə yazdıqları "Təmmuzun
qayıdışı" baletinin librettosunun Azərbaycan dilinə tərcüməsi
də Vasim müəllimə məxsusdur.
Onun tərcümə etdiyi
bir çox nümunələr
Azərbaycan Radio və Televiziya
Verilişləri Şirkətinin ərəb dilində
verilişlərində yayımlanmışdır.
Akademik V.Məmmədəliyevin elmi nüfuzu sayəsində
ərəb ölkələrindən bir çox tədqiqatçılar ərəb
filologiyası ixtisası üzrə doktorluq
dissertasiyası müdafiə etmək üçün
Azərbaycana gəlirlər. O, Misir, Küveyt və BƏƏ-dən gəlmiş
bir neçə dissertantın elmi rəhbəri olmuşdur.
Misirli Məhəmməd Abdulla
Əbu Zeyd, suriyalı Əbdülfəttah
ibn Rəmzi və Rizvan
Dibsi V.Məmmədəliyevin rəhbərliyilə
filologiya doktoru alimlik dərəcəsini almışlar.
Ümumiyyətlə, alim bu
sahədə 20-yə qədər doktorantın opponenti olmuşdur.
Tarix boyu əlaqələrimizin
davam etdiyi İraq, İran, Türkiyə,
Suriya, Misir kimi ölkələrdə akademik
V.Məmmədəliyevin fəaliyyəti elmi
qurumlar tərəfindən qiymətləndirilmiş
və Azərbaycan alimi həmin ölkələrdə
akademiyaların, elmi cəmiyyətlərin
üzvü seçilmişdir.
İraqda və Misirdə ərəb dili akademiyalarının, Suriyada Quran Elmləri və
ərəb Filologiyası Akademiyasının, mərkəzi Səudiyyə
Ərəbistanda (Ciddə şəhərində) yerləşən
İslam Təşkilatı
Konfransının Müsəlman Hüququ
Akademiyasının üzvü, Beynəlxalq
Əhli-beyt Cəmiyyətinin (İran) həqiqi
üzvü, habelə Türkiyə Elmi Araşdırmalar Vəqfinin fəxri üzvü. Uzun müddətdir ki, akademik V.Məmmədəliyev Azərbaycan-İraq
Dostluq Cəmiyyətinin sədridir.
Ölkələr arasında dostluq
münasibətlərinin qurulmasında, müstəqil Azərbaycan
Respublikasının beynəlxalq aləmdə
tanınmasında xalq diplomatiyasından
söhbət getdikdə Vasim müəllimin
fəaliyyətini nümunə göstərmək olar.
İmamverdi
HƏMİDOV,
AMEA
Nizami adına Ədəbiyyat
İnstitutunun
Qədim dövr ədəbiyyatı
şöbəsinin
müdiri, filologiya elmləri doktoru
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.7.