Təhsildə
informasiya-kommunikasiya texnologiyalarından istifadənin
üstünlükləri
Müasir
dövrdə informasiya-kommunikasiya texnologiyalarının
(İKT) inkişaf etdirilməsi hər bir ölkənin
intellektual və elmi potensialının vacib göstəricilərindən
biridir və bu prosesin zəruriliyi indiki qloballaşma
dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli
inkişafı və yayılması bəşəriyyətin
inkişafı üçün geniş imkanlar yaradır. Respublikamızda
informasiyalaşdırma sahəsində ciddi, uğurlu
addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev
17 fevral 2003-cü il tarixli 1146 nömrəli Sərəncamı
ilə respublikamızda
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq
olunması və inkişaf etdirilməsi haqqında "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya(2003-2012-ci
illər)"nı təsdiq etmişdir.
Milli Strategiyanın qəbulundan keçən
dövr ərzində Azərbaycan hökuməti tərəfindən
bu sahədə bir sıra kompleks tədbirlər həyata
keçirilmiş və keçirilməkdədir. Belə ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
həm ölkəmizdə, həm də xarici ölkələrdə
səfərlərdə olarkən dövlətin bu sahəyə
olan diqqətini, görülən və gələcəkdə
görüləcək işlər haqqında dəfələrlə
söyləmiş, İKT-ni inkişaf etdirməkdə maraqlı
olduğunu bəyan etmişdir. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)"nın həyata keçirilməsi nəticəsində
ölkəmizin ümumtəhsil məktəblərində
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində
böyük işlər görülmüşdür.
Prezidentin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq
edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" ölkəmizdə müasir İKT-ni geniş
tətbiq etməklə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi məqsədi güdür.
Bu istiqamətdə qarşımızda
duran əsas vəzifələrdən biri də yeni informasiya
texnologiyalarının təhsilə vaxtında və səmərəli
tətbiqidir. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində
atılmalıdır. Düzdür, respublikamızda fəaliyyət
göstərən bəzi özəl məktəbəqədər
müəssisələrdə kiçikyaşlı uşaqlar
kompüterlə tanışlığa başlayır,
onların təlimində kompüter vasitəsilə
aparılan məntiqi oyun və tapşırıqlarla
rastlaşırıq. Amma fikrimizcə, kompüter biliklərinin
əsası məhz orta məktəbdə qoyulmalıdır.
Ümumiyyətlə, məktəbəqədər
yaşlı uşaqların kompüterdən istifadəsi
onların sağlamlığı üçün çox təhlükəli
ola bilər. Yalnız məktəbdə şagirdlərə
bu sahə haqqında geniş məlumat verilməli, onların
sərbəst şəkildə kompüterlərdə işləmələrinə
şərait yaradılmalıdır. Əgər əvvəllər
kompüterdə işləməyi bacarmaq kompüter savadı
hesab olunurdusa, artıq bu indi ümumi savad hesab olunur.
Kompüteri bilməyən üçün təhsil almaq, elmi
yaradıcılıqla məşğul olmaq çətindir.
İndi
İKT yalnız təhsil prosesini təmin edən üsul
deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini
təmin etmək üçün
yeni imkanlar açır. Bununla əlaqədar
olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin
konsultantı, koordinatoru olur. Onun məqsədi məktəblilərdə
qərar qəbul etmə bacarığını dəstəkləmək
və inkişaf etdirmək, öyrənilən
mövzuların məqsədini anlamaq və mühakimə etməkdir.
Bu yetərincə çətin pedaqoji
tapşırıqlardır - onların mənasını qiymətləndirməmək olmaz.
Burada İKT katalizator rolunu oynayır, onlar uşaqları yeni
biliklərə sövq etməyə kömək edir. Əgər
şagirdə bu və ya digər mövzunun məzmunu
aydındırsa, onun sualı yarana bilər: məhz nə və
nə üçün öyrənmək lazımdır. Biliyə
həvəsin kökündə həyati maraq dayanır:
hansı biliklər mənə daha çox lazımdır,
hansı metodların köməyi ilə mən bu bilikləri
əldə edə bilərəm. Beləliklə, İKT biliyə
can atmaqla digər həyati vacib məsələlərin qərarı
arasında bənd rolunu oynayır. Şagird təhsilin onun həyatında
hansı rolu oynadığını başa düşən
kimi, o, təhsili davam etdirməyə
böyük həvəs hiss edəcək.
Şagirdlərin fasiləsiz təhsilə
yolu müəllimlərin fasiləsiz
təhsilindən keçir. İKT-nin məktəb
praktikasında istifadəsi ilə bağlı olaraq müəllimin rolu dəyişməlidir.
Belə dəyişikliklərin əsas səbəbləri
bunlardır:
* Müəllimin rolu şagirdlərə
informasiyanın ötürülməsi ilə məhdudlaşmamalıdır.
O, uşaqlarda tənqidi və yaradıcı təfəkkürü
dəstəkləməli və stimullaşdırmalı,
kompüter savadının inkişafına kömək etməli,
birgə fəaliyyət bacarığı tərbiyə etməli,
onlara effektiv ünsiyyət qurmağı və müxtəlif
vəziyyətlərdə uğurla hərəkət etməyi
öyrətməlidir.
* Müəllimlərin, şagirdlərin
öyrənmə tələbatlarını ödəmək
üçün təlim
metodları, müasir dövrün
tələblərinə uyğunluğu nöqteyi-nəzərindən
tədris proqramlarını yenidən nəzərdən
keçirmələri zəruridir.
* Onlayn test sistemi müəllimə
şagirdlərin bilik səviyyəsini adekvat qiymətləndirməyə
kömək edir.
* İKT-nin
tədris prosesinə cəlb olunması ilə ənənəvi
tədris resurslarının bir hissəsinə artıq ehtiyac
olmayacaq və onlar dövriyyədən çıxacaq.
Şagirdlərlə aparılan sorğular
da tədrisdə İKT-nin istifadənin onlarda özünə
inamı və fənnə marağı
artırdığını sübut edir. Bildiyimiz kimi, sinifdəki
şagirdlərin psixoloji durumu müxtəlifdir. Elə
şagirdlər var ki, dərs
zamanı onlar öz cavablarının səhv olduğunu
düşünür, həmyaşıdlarından və
müəllimdən utanaraq cavab verməkdən imtina edir və
bununla da daha passiv vəziyyətə düşürlər. Fərdi
kompüter qarşısında əyləşən şagird
isə artıq maşından çəkinmir, onunla
kompüter arasında əks-əlaqə yaranır, özünün fikirləşdiyi
cavabları kompüterə daxil edir, səhvlərini
görür, onları kompüterin köməyi ilə düzəldir,
mənfi emosiyalardan uzaq olur və nəticədə
özünə inamı artır. Fərdi kompüterdən
istifadə etdikdə hər bir şagird verilən mövzunu
başa düşmədikdə izahatı təkrar izləmə
imkanı əldə edir və onu dərk edənə qədər
təkrarlayır.
İKT görmə vasitəsilə
informasiya qəbulunun imkanlarını artırır, belə
ki, gözlə görünməyən, rəng və
formasını dəyişən əşyaların təsvirini
reallaşdırır. Video və ya animasiyalar formasında
olan tapşırıqların
yaxşı mətn və gözəl musiqinin müşayiəti
ilə verilməsi şagirdə güclü təsir edərək,
onun bədii zövqünün inkişafına, materialı
daha yaxşı mənimsəməsinə səbəb olur.
Beləliklə, İKT nəinki insanın əqli
imkanlarını inkişaf etdirir, həmçinin yeni
inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi
yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi
üçün maraqlı imkanlar açır. İKT-nin təlimdə
istifadəsi və təhsil şəbəkələrinin
yaradılması təhsilin gələcək
inkişafı üçün vacib şərtdir. Əvvəla,
İKT-nin geniş tətbiqi müəllimin məqsəd və
vəzifəsini daşıyır. İkincisi, məktəbdə
təhsil mühitinin yaradılması təhsil biliklərində
iştirak imkanı yaradır. Son nəticə olaraq müəllim
və şagirdlər bilavasitə sinifdə dərs
zamanı və virtual rejimdə
birgə işləyə və ünsiyyətdə ola bilərlər.
Onu qeyd etmək lazımdır ki, fənlərarası
əlaqələrin bütün imkanları tam aşkar edilməmişdir.
Məhz buna görə də fənlərarası əlaqə
prosesini öyrənmək, fənlərin əlaqəli tədrisinin
metodikasını təkmilləşdirmək və həyata
keçirmək vacib məsələlərdən biri hesab
edilir. Orta məktəbdən başlayaraq şagirdlərin
müxtəlif fənlərə olan maraqlarını
artırmaq, məlumatı tez və effektiv mənimsəmələri
üçün informatika və digər fənn müəllimləri
hər hansı ümumi mövzunu iki və bəzi hallarda
üç fənni birgə - inteqrativ dərs formasında
keçmələri məsləhətdir. Məsələn,
müasir özəl məktəblərin ibtidai siniflərində
tədris olunan əyləncəli riyaziyyat, həndəsənin
elementləri və s. fənlərindəki bəzi
mövzuları həmin fənləri tədris edən müəllim
və informatika müəllimi birgə tədris edə bilərlər.
Şagirdlərin biliklərinin dərinləşdirilməsində
informatika və informasiya texnologiyaları fənninin digər fənlərlə
əlaqəli tədrisi çox böyük imkanlara malikdir.
Bunun üçün ayrı-ayrı siniflərin fənlər
üzrə proqram və dərslikləri hazırlanarkən həmin
sinfin informatika və informasiya texnologiyaları fənni nəzərə
alınmalı, bu proqramlarda inteqrativ dərslər
üçün saatlar ayrılmalıdır. Bir sıra fənn
müəllimləri fənlərarası əlaqə probleminə
lazımi qədər əhəmiyyət vermirlər. Təcrübədən
məlumdur ki, öz fənni ilə yanaşı, digər yaxın
fənləri də müəyyən səviyyədə bilən
müəllimlərin təlim nailiyyətləri daha yüksək
olur. Bunun əsas səbəbi isə həmin müəllimlərin
öz dərslərini sanki bir neçə fənn müəllimi
kimi tədris etməsidir.
İnformasiya və kommunikasiya
texnologiyaları orta məktəb kursunda bütün fənlərin
tədrisində geniş tətbiq olunur. İKT-nin kimya fənninin
tədrisində tətbiq olunmasına da xüsusi maraq
vardır. Orta məktəblərdə
kimyanın tədrisi zamanı kompüter texnologiyalarından
istifadə olunması belə bir nəticəyə gəlməyə
əsas verir ki, yüksək təlim keyfiyyətinin əldə
olunması üçün bu texnologiyadan həm materialın
öyrədilməsi, həm də şagird nailiyyətlərinin
qiymətləndirilməsi mərhələsində sistematik
istifadə olunsun.
Müxtəlif maddə molekullarının
enerjisinin hesablanması, onların quruluşlarının nəzəri
olaraq təyini üçün çoxlu sayda kompüter
proqramları mövcuddur. Artıq müasir kimya
laboratoriyalarını kompütersiz təsəvvür etmək
mümkün deyil. İndiki dövrdə demək olar ki,
bütün analiz üsulları kompüterlərin köməyi
ilə həyata keçirilir.
Kompüter və proyektordan istifadə edilərək
sinfin fəallaşdırma mərhələsində əvvəlki
mövzular viktorina, müxtəlif oyunlar, frontal sorğular və
s. şəkildə soruşula, problemin nədən ibarət
olması, onun ətrafında tədqiqatların
aparılması, hər bir şagirdin problem ətrafındakı
mülahizələri, müəllimin hər bir fikrə
münasibəti, ümumiləşdirmə və izahat isə
slaydlar vasitəsilə həyata keçirilə bilər.
Müasir kompüterlər orta məktəbdə
xüsusi öyrədici proqramların hazırlanmasında,
şagirdlərin bilik və bacarıqlarının yoxlanılması
prosesində, kimyəvi proseslərin mahiyyətini başa
düşmək üçün kompüter modellərinin
hazırlanmasında, tədris prosesinin təşkilində, tətbiqi
məsələlərin həll
olunmasında, dərs vəsaitlərinin hazırlanmasında,
ev tapşırıqlarının verilməsində (məsələn,
İnternetdən istifadə edib müxtəlif nəzəri məlumatların,
referatların hazırlanmasında və s.), interaktiv elektron dərsliklərin
hazırlanmasında istifadə oluna bilər.
Əvvəllər müxtəlif kimyəvi
proseslərin yazıldığı videokasetlərin, sonralar
isə kompüter proqramlarının yaranması ona gətirib
çıxarıb ki, bəzi müəllimlər
laboratoriyalarda artıq real prosesləri nümayiş etdirmirlər.
Aparılan analiz isə onu göstərir ki, real laboratoriya
işlərinin informasiya texnologiyaları ilə tam əvəz
olunması mənfi nəticələrə səbəb olur.
Amma bu o demək deyil ki, informasiya texnologiyaları ilə kimyəvi
təcrübələr nümayiş olunmasın. Yaxşı olar ki, belə əvəzləmələr
yalnız praktik mümkün olmayan və ya orta məktəb
laboratoriyaları şəraitində təhlükəsizlik
texnikasının tələblərinə görə
aparıla bilməyən reaksiyalar halında olsun. Bəzi
hallarda isə eyni bir kimyəvi prosesin həm real
aparılması, həm də kompüterdən istifadə
olunaraq nümayiş olunması daha effektli olur. Şagirdlərdə
hansı qabiliyyətin inkişaf və yoxlanılmasından
asılı olaraq, bir-birini tamamlayan bu iki prosesi müxtəlif
ardıcıllıqla və vaxtlarda aparmaq olar. VIII-X sinif
şagirdləri üçün hazırlanmış
interaktiv kimya dərsliyində (www.derslik.az) kimyəvi oyunlar,
animasiyalarla yanaşı, çoxlu sayda laboratoriya işlərinin
videoyazısı verilmişdir. Bu
laboratoriya işlərinin bəziləri sinifdə real
nümayiş etdirilir və ev tapşırığı kimi
bu proseslərə evdə diskdə yenidən baxılması,
oxşar və fərqli anları tapmaq
tapşırılır. Bu halda şagirdlərdə yeni məlumatın
qavranılması, onlarda müqayisə, diqqət və
uzunmüddətli yaddaşın inkişaf etdirilməsi məqsəd
kimi qarşıya qoyulur. Dərs prosesi zamanı müəllim interaktiv dərslikdən,
fərqli kimyəvi reaktivlərdən də istifadə edə
bilər.
Laboratoriya işlərinin kompüter vasitəsi
ilə nümayiş olunmasının bir sıra
üstünlükləri vardır. İlk növbədə
adi məktəb laboratoriyalarında aparılması təhlükəli
olan, qiymətli maddələrin istifadəsini tələb edən,
aparılmasına uzun müddət tələb olunan, yəni
kiçik sürətlə gedən reaksiyaların
kompüterlə nümayişi əvəzsizdir. Vaxt
baxımından və reaktivlərin sərf olunmasına
görə real təcrübə bir dəfə
aparılır. Kompüterdə isə təcrübələri
dəfələrlə təkrar etmək, istənilən anda
saxlamaq və evdə də təkrar baxmaq olar.
Kimyanın tədrisi zamanı müxtəlif
proqramlardan istifadə etmək olar. Microsoft Word proqramından dərs
prosesi üçün müxtəlif paylayıcı
materiallar (yoxlama işi, cədvəllər, müəxtəlif
məlumatlar və s.), tematik planlar hazırlamaq olar. Müxtəlif
kimyəvi məsələlərin həllində Chemical
Formula Tutor, Table kimyəvi kalkulyatoru, Molecular Weight Calculator,
Chemical Equation Expert, Chemical Thesaurus, ChemDraw Pro, ChemPen3D,
Microsoft Office Excell proqramından istifadə etmək olar.
Bununla yanaşı, Microsoft Office Excell proqramından məlumat
bazalarının yaradılmasında, qrafik və
diaqramların çəkilməsində, ChemDraw Pro, ChemPen3D
proqramlarından müxtəlif mürəkkəb quruluşlu
kimyəvi maddə molekullarının elektron və quruluş
formullarının, elektron buludların, kimyəvi
reaksiyaların təsvir olunmasında istifadə etmək olar.
Dərslərin tədrisi zamanı Power
Point proqramından istifadə edərək müxtəlif
proqramlarla hazırlanmış mövzular mətn, şəkil,
sxem və ya videofayllar şəklində slaydlar vasitəsi ilə
sinifdəki şagirdləri fəallaşdırmaq olar.
Digər fənlərdə olduğu kimi
kimya fənninin tədrisində də İnternet saytlardan
istifadə etmək olar:
chem.msu.su, ekimya.com, chem.asu.ru,
chemistry.about.com, chimia100.chat.ru, kimyaevi.org, alhimik.ru, chemport.ru,
greenchemistry.ru, himikat.ru,
himiya.megadoski.ru,
chemistryenc.h11.ru, chemistry.ucla.edu, kimya.net, repetitors.info/repetitor/chemistry,
him.1september.ru, chem.isu.ru, kimyadershanesi.com, chem.tut.ru, chemistry.com,
chemistry.24.com, chem4kids.com,
americanchemistry.com, chemistry.org və s.
Orta məktəb şagirdlərində
kimya fənninə olan marağı artırmaq məqsədilə
Azərbaycan dilində www.chemistry.az və www.kimya.imtahan.net
saytları yaradılmışdır. Hazırda www.chemistry.az
saytında kimya fənni üzrə
300-dək müxtəlif xəbərlər var.
Saytdakı xəbərlərə 800-dək rəy yazılmış, təxminən
3000 nəfər qeydiyyatdan keçmişdir. Saytdan istifadə
edilərək bir neçə dəfə viktorinalar,
yarışlar və onlayn imtahanlar keçirilmışdir.
Şagirdlər sayt vasitəsilə interaktiv dərslikdən
istifadə edir, onlara verilən ev tapşırıqları
onlayn yerinə yetirilir və onların nəticələri
bazaya yazılır. Bu isə şagird və müəllimin
yeni ünsiyyət vasitəsinin üstünlüyünü
göstərir.
Nasim
ABIŞOV,
Heydər
Əliyev adına Müasir
Təhsil
Kompleksinin məktəbinin
direktoru,
kimya üzrə fəlsəfə doktoru,
Zahir
RUFULLAYEV,
Yardımlı
şəhər 2 nömrəli tam orta
məktəbin
kimya müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.10.