Azərbaycan və ingilis dillərinin
müqayisəli tədrisi
Müasir ingilis dilinin qrammatik-morfoloji
strukturu üçün xarakterik cəhət ona xas olan
analitizmdir. Sintetik dil olan Azərbaycan dili ilə müqayisəli
şəkildə ingilis dilini öyrənmək sintetik və analitik
vasitələrin qarşılıqlı ifadə edilməsi
baxımından müəyyən çətinliklər
yaradır. İngilis dilində sintetik formaların nəzərəçarpacaq
dərəcədə az olması bəzən belə təəssürat
yaradır ki, bu dilin qrammatikasını mənimsəmək
daha asandır. Əslində bu, illüziyadan başqa bir
şey deyil. Çünki hər hansı bir dildə, o
cümlədən də müasir ingilis dilində
morfoloji-sintetik formaların azlığı dilin
qrammatikasını çətinləşdirir.
Formal sintetik əlamətə malik olmayan qrammatik mənaları
yerli-yerində işlətmək daha çətin olur. Qətiyyətlə
demək olar ki, bu və ya digər xarici dili öyrənmək
prosesində həmin dilə xas olan dil hadisələrini
başa düşüb mənimsəmək işin
başlanğıcıdır. Bu prosesdə əsas və
başlıca məsələ dilin ictimai funksiyasına
müvafiq olaraq onun qrammatik qayda-qanunlarından praktik istifadə
etmək bacarıq və vərdişləri qazanmaqdan ibarətdir.
Müasir
ingilis dilində söz birləşmələri və
cümlədə sözlər arasında sintaktik-qrammatik əlaqələr
köməkçi fellər, sözönüləri, artikl və
digər vasitələrlə ifadə edilir. Bu analitik vasitələrin
əksəriyyətinin Azərbaycan dilində birbaşa
qarşılığı olmadığı
üçün onları düzgün ifadə etmək bəzən
çətin olur. Dediklərimizi sübut etmək
üçün Azərbaycan dilində mövcud olan ismin
altı halının ingilis dilində hansı şəkildə
öz əksini tapmasına diqqət yetirək. İsmin
altı halına qarşı ingilis dilində cəmi iki hal
var: ümumi və yiyəlik hal. Ümumi hal Azərbaycan dilində
adlıq hala uyğundur və Azərbaycan dilində olduğu
kimi heç bir morfoloji göstəricisi yoxdur. Hər iki hal
cümlədə əsasən dörd mövqedə işlənir:
mübtəda, ismi xəbər, təyin, xitab.
She is a
doctor (ismi xəbərin ad hissəsi) - O, həkimdir (ismi xəbər)
A stone
bridge was destroyed (təyin) - Daş körpü
dağıdıldı (təyin)
The
earthquake was terrible (mübtəda) - Zəlzələ dəhşətli
idi (mübtəda).
Mother, help
me (xitab) -Ana, mənə kömək et (xitab).
Azərbaycan dilində
adlıq halda olan isim cəm, mənsubiyyət və
şəxs şəkilçiləri qəbul edərək
müəyyən bir qrammatik və ya sintaktik məna
aldığı halda ingilis dilində bu mənalar analitik vasitələr
olan artikl, sözönü, köməkçi,
bağlayıcı, modal fellər və söz sırası ilə ifadə edilir.
This is a
book. - Bu kitabdır.
Həmin
cümlədə və adlıq
halda olan kitab sözünə sintetik morfem -dir şəkilçisi
artırdıqda ismi xəbər formalaşır. İngilis
dilində isə book sözü
analitik morfem to be köməkçi feli ilə birləşərək
ismi xəbəri formalaşdırır.
İsmin
hal formaları zəif olan və
ya heç olmayan dillərdə söz sırası
sabitləşmək məcburiyyətində qalır. Bu da
ismin hal kateqoriyasının funksiyasını daşımalı olur və sözlər arasındakı
qrammatik əlaqələri ifadə edir. Belə ki, ingilis dilində ümumi halda olan isim cümlədə
mövqeyindən asılı olaraq adlıq və təsirlik hala uyğun olur. Bir çox hallarda müasir ingilis
dilində eyni morfoloji
formada işlənən mübtəda və vasitəsiz tamamlıq ancaq tutduqları yerə görə fərqlənir.
My brother
helped his friend. - Mənim qardaşım öz dostuna kömək
etdi.
His friend
helped my brother. - Dostu mənim qardaşıma kömək etdi.
Verilən
nümunələrdə ümumi halda olan brother sözü birinci
cümlədə cümlənin əvvəlində işləndiyi üçün mübtəda,
ikinci cümlədə isə təsirli feldən sonra işləndiyi
üçün vasitəsiz tamamlıq funksiyasındadır.
Eyni fikri friend sözü haqqında da demək olar. Birinci
cümlədə təsirli feldən sonra gəldiyi
üçün friend sözü vasitəsiz tamamlıq,
ikinci cümlədə isə cümlənin əvvəlində
mübtəda funksiyasında işlənib.
Qeyd edək
ki, bir sıra hallarda mübtəda və vasitəsiz
tamamlığın yerini dəyişdikdə cümlə
üzvlərinin sintaktik-semantik mənası da dəyişir.
The boys took
the book. - Oğlanlar kitabı götürdü.
The book took
the boys. - Kitab oğlanları götürdü.
Bu nümunələrdə
birinci cümlədə book və boy sözləri ümumi
halda işlənmişdir və söz sırasından
dolayı semantikası pozulmamışdır. Ancaq ikinci
cümlədə birinci cümlədə vasitəsiz tamamlıq
rolunda çıxış edən book sözü ilə
mübtəda rolunda çıxış edən boy sözlərinin
yerləşməsindən asılı olaraq cümlənin
semantikası pozulub.
Azərbaycan
dilində təsirlik hal iki formada təzahür edir: müəyyən
və qeyri-müəyyən təsirlik hal. Müəyyən
təsirlik hal ismin sonuna -ı, -i, -u, -ü dörd cür
yazılan şəkilçini artırmaqla düzəlir.
Qeyri-müəyyən təsirlik halda olan ismin isə heç
bir morfoloji əlaməti yoxdur, təsirli felin
qarşısında işlədilir. Xəbərin yanından
kənarlaşdırıldıqda isə şəkilçi qəbul
edərək müəyyən təsirlik hala çevrilir.
Mən qələm
götürdüm. - Qələmi mən götürdüm.
İngilis
dilində həm müəyyən, həm də qeyri-müəyyən
təsirlik hala müvafiq olaraq təsirli feldən sonra gələn
ümumi halda işlənən ismi göstərmək olar.
I took the
pen. - Mən qələmi götürdüm və ya Mən qələm
götürdüm.
Azərbaycan
dilində təsirlik hal yeganə haldır ki, şəxs
şəkilçisi qəbul etmir və xəbər
funksiyasında çıxış edə bilmir. İngilis
dilində isə ümumi halda olan isim cümlədə
mövqeyindən asılı olaraq mübtəda, tamamlıq,
zərflik, təyin və ismi xəbərin ad hissəsi olur.
Azərbaycan
dilində ismin yiyəlik halının həm əşya, həm
də şəxs ifadə edən isimlər üçün
bir ifadə vasitəsi var. Bu dörd cür yazılan -ın və
-nın şəkilçiləridir. Azərbaycan dilində
müəyyən və qeyri-müəyyən yiyəlik hal
deyə aparılan bölgünün ingilis dilində
qarşılığı yoxdur. Ancaq əksər hallarda
qarşısında a, an qeyri-müəyyənlik artiklı
işlədilən yiyəlik hal Azərbaycan dilinə
qeyri-müəyyən, qarşısında the müəyyənlik
artiklı işlədilən yiyəlik hal isə müəyyən
yiyəlik hala uyğun olaraq tərcümə edilir.
A girl`s tie
- qız qalstuku
The girl`s
tie - qızın qalstuku
Azərbaycan dilində həm şəxs,
həm də əşya bildirən isimlərin yiyəlik
halını ifadə etmək üçün istifadə edilən
eyni sintetik vasitələr ingilis dilində fərqli, həm
analitik, həm də sintetik yolla ifadə edilir. Şəxs və
bəzi məkan, zaman və mücərrəd anlayış
bildirən isimlərin yiyəlik halı təkdə `s, cəmdə
s` morfemi artırmaqla ifadə edilir.
the boy`s tie
- oğlanın qalstuku
boys` ties -
oğlanların qalstuku
Əşya bildirən isimlərin yiyəlik
halı həm tək, həm də
cəm formada analitik üsul olan of sözönü vasitəsilə
düzəlir.
the leg of
the table - stolun qıçı
Yiyəlik
halda olan isimlər özündən sonra gələn sözlərlə
əlaqəyə girərək əşyalar, şəxslər
arasında aidlik, mənsubluq mənası yaradır. Azərbaycan dilindən fərqli
olaraq ingilis dilində şəxs ifadə edən isimlərin yiyəlik
halında bu ardıcıllıq pozulur. Mənsubluq bildirən isim əvvəldə,
yiyəlik halda olan isim isə ondan sonra işlədilir.
Şəxs
ifadə edən isimlərin yiyəlik halında isə
ardıcıllığa əməl edilir.
The teacher`s
question - müəllimin sualı
The answer of
the question - sualın cavabı
Nümunə
üçün verilən birinci cümlədə teacher`s
sözü yiyəlik edən, question sözü isə mənsub
olan, ikinci nümunədə isə answer sözü mənsub
olan, question sözü isə yiyəlik edən söz
mövqeyindədir. Yiyəlik halda olan ismin cümlədə
düzgün mövqedə işlədilməsi
üçün bu xırdalıqlara diqqət yetirmək
şagirdlərə ingilis dilinə düzgün yiyələnməyə
kömək edər. Bunun üçün Azərbaycan dilinin
qrammatik-morfoloji strukturuna dərindən bələd olmaq və
hər iki dilə müqayisəli şəkildə yiyələnməyin
daha doğru yol olduğunu anlamaq lazımdır.
Azərbaycan
dilində yiyəlik halda olan isim bəzən ingilis dilində
ümumi hal ilə ifadə edilir. Bu, ingilis dilini öyrənənlər
üçün böyük çətinlik yaradır. Məsələn,
sahiblik ifadə edən to have, have got felləri cümlənin
xəbəri olduqda cümlənin mübtədası ümumi
halda olan isimlə ifadə edilir və xəbərdən sonra
ümumi halda vasitəli tamamlıq işlədilir. Azərbaycan
dilinə tərcümədə bu cür cümlələrin
mübtədası yiyəlik hal, vasitəli
tamamlığı isə mənsubiyyət şəkilçisi
ilə çevrilir və birlikdə cümlənin mübtədası
olur.
Saida has a
book. - Səidənin kitabı var.
Bu cümlədə
Saida sözü mübtəda, a book sözü vasitəli
tamamlıqdır. Azərbaycan dilində isə Səidənin
kitabı üçüncü növ təyini söz birləşməsidir
və cümlənin mübtədası funksiyasındadır.
Nümunədən də göründüyü kimi Azərbaycan
dilində müəyyən və qeyri-müəyyən halda
olan isim və mənsubiyyət şəkilçili söz
birlikdə cümlənin bir üzvü olur. İngilis dilində
isə yiyəlik halda olan isim asılı yiyəlik
haldadırsa mənsub olduğu cümlə üzvünün
təyini olur.
My mother`s
eyes are very kind. - Mənim anamın gözləri çox
mehribandır.
Nümunədən
də göründüyü kimi eyes sözü mübtəda,
my mother`s sözü isə təyindir, Azərbaycan dilinə
tərcümədə isə mənim anamın gözləri
üçüncü növ təyini söz birləşməsi
kimi birlikdə cümlənin mübtədası olub.
Azərbaycan
dilindən fərqli olaraq ingilis dilində ismin müstəqil
yiyəlik hal deyilən forması var ki, bu hal təkdə`s, cəmdə
isə ` vasitəsilə düzəldilir. Müstəqil yiyəlik
haldan sonra mənsub olduğu isim işlədilmir və
cümlənin müstəqil bir üzvü olur.
This idea is
my friend`s. - Bu fikir mənim dostumunkudur.
Yönlük
halda olan isim istiqamət bildirir və -a, -ə və ya -ya, -yə
şəkilçiləri ilə ifadə edilir, cümlədə
tamamlıq və ya yer zərfliyi olur. İngilis dilində isə
istiqamət bildirən to sözönü və bəzən də
sadəcə olaraq söz sırası ilə öz əksini
tapır.
I go home. -
Mən evə gedirəm.
I look at the
girl. - Mən qıza baxıram.
I go to
school. - Mən məktəbə gedirəm.
Birinci və
ikinci cümlələrdə yönlük hal söz
sırası, üçüncü cümlədə isə
to sözönü vasitəsi ilə ifadə edilib.
Yerlik hal hərəkətin
icra olunduğu yeri bildirir və ismin sonuna -da, -də şəkilçisinin
artırılması yolu ilə düzəlir. Azərbaycan
dilində cümlədə tamamlıq, yer zərfliyi və xəbər
funksiyasında işlədilir.
İngilis
dilində bu hal in, on, at, under, down və s. kimi müxtəlif
sözönləri ilə ifadə edilir və -da, -də
şəkilçisi, altında, üstündə, arasında
sözləri vasitəsilə çevrilir.
The lion is
in the cage. - Şir qəfəsdədir.
The cat is
under the table. - Pişik stolun altındadır.
She is at
school. - O, məktəbdədir.
Hərəkətin
başlanğıc yerini, çıxış nöqtəsini
bildirən çıxışlıq hal Azərbaycan dilində
ismin sonuna -dan, -dən şəkilçisi artırmaqla
düzəldilir. İngilis dilində isə bu hal from
sözönü və bəzən də söz sırası
ilə ifadə edilir. Cümlədə tamamlıq, zərflik,
xəbər, təyin funksiyasını daşıyır.
He is coming
from school. - O, məktəbdən gəlir.
I asked
Murad. - Mən Muraddan xahiş etdim.
Deyilənlərdən
belə qənaətə gəlmək olar ki, ingilis dilində
ismin hal kateqoriyası morfoloji ifadə baxımından
çox zəifdir. Sintetik dil olan Azərbaycan dilində ismin
hal şəkilçilərinin ifadə etdiyi qrammatik mənalar
müasir ingilis dilində analitik ifadə vasitələrindən
sözönü və söz sırası, nadir hallarda isə
sintetik formalarla - şəkilçilərlə ifadə
edilir.
Mədinə HACIYEVA,
Qəbələ rayon Vəndam qəsəbə
1 nömrəli tam orta məktəbin
müəllimi
Azərbaycan müəllimi.- 2012.- 5
oktyabr.- S.10.