Kurikulum standartları ilə hazırlanmış dərsliklər

 

Təhsil sistemindəki dəyişikliklər bütün sahələrdə olduğu kimi  dərsliklərin hazırlanmasında da özünü göstərir. Kurikulum sisteminə keçidlə əlaqədar olaraq  dərsliklər də bu sistemin tələblərinə cavab verməlidir. Buna görə də yeni dərsliklərə tələbat yarandı. Qısa müddət ərzində yeni dərsliklər hazırlanıb şagirdlərin istifadəsinə verildi. Dərsliklərin hazırlanması ilə paralel olaraq, bu dərsliklərlə  işləmək üçün respublikamızın hər yerində müəllimlər kurslardan keçərək yeni təlim metodları ilə tanış oldular,  bu sahədə öz biliklərini artırdılar. Çünki nailiyyətlər əldə etmək üçün bu, vacib şərtlərdən biridir. Bu işdən sonra   müəllimləri  maraqlandıran məsələlərdən biri dərsliklərin hansı səviyyədə olacağı idi. Nəhayət ki, yeni dərs ili başlandı və   dərsliklər məktəblərə paylandı. Bir riyaziyyat müəllimi kimi dərsliklərin səviyyəsi mənim üçünçox maraqlı idi. Bunun üçün də dərsliklə bağlı fikirlərimi bölüşmək qərarına gəldim.

Haqqında danışacağımız  V  sinif riyaziyyat  dərsliyi  olacaqdır. Dərsliyin ilk səhifəsindən görünür   ki,  əvvəlkilərdən  tam fərqli bir dərslikdir. Həm dizayn baxımından, həm də içərisindəki materiallara görə.  Dərsliyin ilk səhifəsindən şagirdlər bu fəsildə hansı mövzuları  öyrənəcəklərini  bilirlər.  Bəzi mövzular onlara aşağı sinifdən tanış gəlir. Müəllim BİBÖ üsulundan istifadə edərək dərsi hansı aspektdə quracağını təyin edə, verilmiş  çalışmaların bir çoxu üzərində  motivasiya qura bilər. Məsələn, səhifə 7-də ¹ 1,  səhifə 8-də  ¹ 3, səhifə  9-da  ¹ 1, ¹ 6, ¹ 7 və s. Çünki bu çalışmaları şagirdlər müxtəlif üsullarla həll edəcəklər. Onlar bu çalışmaları   ayrı-ayrı qruplarda həll etdikdən sonra  qrup rəhbərlərinin vasitəsilə təqdim edəcəklər. Təqdimatdan sonrakı   müzakirə mərhələsində  şagirdlər özləri  hansı  üsulun daha səmərəli olduğunu  təyin edəcəklər.

Dərslikdə məntiqi çalışmalara üstünlük verilmişdir. Əvvəlki dərsliklərdə belə çalışmalara rast gəlmirdik. Bu tip çalışmaların həlli şagirdlərin məntiqi təfəkkürünün inkişafında  böyük  rol  oynayır.

Müasir təhsilin əsas tələblərindən biri həyati bilik və bacarıq verməkdir. Bu məqsədlə də dərslikdə bir çox çalışmalara rast  gəlirik. Mövqeli    mövqesiz say sistemləri haqqında məlumat tam yenidir. Bu  mövzunun köməkliyi  ilə şagirdlər geyimlərin üzərində tez-tez rast gəldikləri  XL, XXL və s. yazılarını  asanlıqla oxuya  biləcəklər. Etiraf edək ki, bir çoxlarımız da bu yazıları oxumaqda çətinlik çəkirdik.

Çoxrəqəmli  ədədlər haqqında olan məlumatlar genişləndirilmişdir. Buradan şagirdlər daha böyük natural ədədləri -  trilyon (12 sıfır),  kvadrilyon (15 sıfır), kvintilyon (18 sıfır), sekstilyon (21 sıfır), sentilyon (24 sıfır), oksilyon (28 sıfır) və  s. tanıyırlar. Gooqle-un mənası şagirdlər tərəfindən xüsusi maraqla qarşılanır. Gooqle  vahidin yanında 100  sıfırı olan ədədin adından - Gooqol  sözündən  götürülmüşdür. Bu ədəd adı məlum olan ən böyük ədəd hesab edilir. Gooqle kompaniyasının əsası 1995-ci ildə qoyulmuşdur. Fənlərarası inteqrasiyaya da geniş yer verilmişdir. Səhifə 13-də 1 nömrəli çalışma riyaziyyatcoğrafiya fənləri arasında inteqrasiya yaradır. Bu çalışmada şagirdlər bəzi dövlətlərin ərazisi və əhalisinin sayı ilə tanış olurlar. Səhifə 14-də 4 nömrəli çalışmada riyaziyyatastronomiya fənni  arasında  inteqrasiyanı görürük. Burada da şagirdlər planetlərdən Günəşə qədər məsafəni öyrənə bilirlər. Günəşə ən yaxın   və ən uzaq planeti tanıyırlar.

Dərslikdə verilmiş məsələlər şagirdlərə yaxın mövzular əsasında tərtib olunmuşdur. Bəzi məsələlərin həllindən şagirdlər gündəlik həyatlarında da yararlana bilərlər. Məsələn, səhifə 72-də bir məsələ şagirdlərə pudinqin hazırlanma   reseptini verir. Bu, qızlar  üçün daha lazımlı ola bilər. Kəsrlər üzərində əməllərin modelləşdirmə üsulu ilə izahı mövzunun asan dərk edilməsinə xidmət edir. Statistik məlumatlar müntəzəm olaraq şagirdlərə çatdırılır. Bu mövzulara  aid məsələlər də tərtib olunmuşdur. Bu da   V  məzmun xəttinə uyğun çalışmalardır.  Riyaziyyat fənninin  5 məzmun xəttinin hər birinə aid çalışmalar dərslikdə öz   yerini  almışdır.

Fikrimi yekunlaşdırıb qeyd edə bilərəm ki, dərslik şagirdlərdə kreativ düşüncə tərzini formalaşdırmağa, onların fəaliyyət  formasını genişləndirməyə xidmət edəcəkdir. Bir müəllim kimi dərsliyin səviyyəsi məni qane edir. Bəzi təkliflərimi vermək istərdim:

Fəndən asılı olmayaraq bütün dərslərdə vətənpərvərlik ruhunda tərbiyə ön planda olmalıdır. Bu dərsliklərdə də öz əksini tapmalıdır. Məsələlərin birində dövlət büdcəmizin qonşu dövlətlərin büdcəsi ilə müqayisəsi verilmişdir. Bu müqayisə bizə qürur verir. Bu tipli çalışmalara geniş yer verilməlidir. İşğal altında olan rayonlarımızın ərazisi, əhalisi, işğal nəticəsində dəyən  maddi  ziyanın məbləği ilə bağlı, respublikamızda olan çaylar, şəlalələr, dağlar, istirahət zonaları haqqında bir çox  məsələlər tərtib etmək olardı. Beləliklə, şagirdlərə Azərbaycanı həm  yaxından tanıtdırar, həm də sevdirmiş olarıq.

Bilirik ki, fəslin sonunda şagirdlərin summativ qiymətləndirilməsi aparılır. Bunu nəzərə alaraq hər fəslin sonunda  test tapşırıqlarının verilməsi məqsədəuyğun olardı. Belə ki, şagirdlər qiymətləndirməyə hazır olardılar.

Bəzi tapşırıqların qarşısında  "Uzunmüddətli tapşırıq" sözü yazılmışdır. Bu söz tapşırığın bir neçə günə həll olunacağı təsəvvürü yarada bilər. Əslində isə belə deyildir. Yaxşı olardı ki, bu söz alternativ sözlə əvəz olunsun. Dərsliyin  ilk səhifəsində perspektiv planlaşdırma verilsə, bu, müəllimlərimizin işini  bir az yüngülləşdirər. Sonda  bir  riyaziyyat müəllimi kimi müəlliflərə öz təşəkkürümü  bildirirəm.

 

 

Akif ŞİRİNOV,

Bakıdakı 49 nömrəli "İntellekt"

məktəb-liseyin riyaziyyat müəllimi 

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.11.