Şagirdlərin
yaradıcılıq qabiliyyətlərinin formalaşmasına
təsir göstərən fəaliyyətlər
Şagirdlərin öyrənmə fəalliyyəti
təlim vəzifələrinin yerinə yetirilməsinə
yönələn idrak əməliyyatlarının sistemi kimi
özünü göstərir. Şagird tədris
tapşırığını əməli şəkildə
və ya fikrən yerinə yetirərkən istər-istəməz
psixoloji fəaliyyətdə
olur. Şagird öyrənmə prosesində təkcə bilik
və bacarıq əldə etmir, o həm də psixi səy
göstərir, düşünür, onda öyrənmək,
başa düşmək, dərk etmək bacarıqları formalaşır.
Başqa sözlə, təlim zamanı şagirdlər bilik əldə
etməklə yanaşı, bu biliklər üzərində
düşünür, daşınır. Deməli öyrənmənin,
bilik əldə etmənin əsasında bir sıra idrak
prosesi durur. İdrak marağı şagirdlərin qabiliyyətlərinin
üzə çıxmasına şərait yaradır. Məlumdur
ki, idrak marağı davamlı və güclü olan
şagirdlər təlimdə daha çox uğur və
müvəffəqiyyət qazanırlar. Şagirdlərin
qabiliyyətlərini səciyyələndirən cəhətlərdən
biri də onların müstəqilliyidir. Təcrübə
göstərir ki, şagirdləri fəallıq göstərən,
onları müstəqil işlətməyə istiqamətləndirən
müəllim təlimdə yüksək göstəricilər
əldə edir. Şagirdlərin inkişafını təmin
etmək də təlim prosesinin mühüm vəzifəsidir.
Bu vəzifə şagird şəxsiyyətinin
formalaşmasında mühüm rol oynayır. Bu zaman
şagirdin təfəkkürü deyil, həm də şagirdi
hərəkətə təhrik edən psixi prosesləri
inkişaf edərək onun fəaliyyətinə məna və
məzmun verir.
Xarici aləm şagird
qarşısında rəngarəng suallar qoyur, suallar isə
onu təbiət və cəmiyyətdə baş verən hadisələrin mahiyyəti, səbəbləri
haqqında düşünməyə təhrik edir.
Qabaqcıl müəllimlər
şagirdlərin təlimə həvəsini inkişaf
etdirir, onlarda müşahidəçilik qabiliyyətinin
formalaşmasına şərait yaradır. Şagird yalnız
fakt və hadisələri
müşahidə etməklə kifayətlənmir,
insanın ən qiymətli əqli zinəti adlandırılan
müqayisədən istifadə
edərək yeni biliklər dünyasına daxil olur.
Şagirdlərin
tərbiyəsinə və inkişafına yönələn idrak fəaliyyətinin təşkili deyəndə
öyrədiləcək mövzunun tərbiyəvi
imkanına onların diqqətini cəlb etmək, sinif qarşısında problem
qoymaq, problemin öhdəsindən
şagirdlərin gələ bilməsi üçün
şərait yaratmaq, lazım olanda
şagirdlərə təqdimetmə, tədris etmə hüququ vermək, bu vəzifəni
yerinə yetirmək üçün
onları təlimatlandırmaq, qoyulmuş
problemin həllində
sinfə kömək etmək başa düşülür.
İnsan fəaliyyətinin hərəkətverici qüvvələri - hisslər, əqidə
və xarakter məhz dərsdə inkişaf edib formalaşır. Təlimin inkişafedici vəzifəsi şagirdin
sensor fəaliyyətinə düzgün istiqamət verir.
Rənglər, səslər
dünyası, formalar, zaman və məkan
uşaqlara çox
yaxın olmalıdır. Xarici aləmin qavranılmasında, fakt və hadisələrin dərk edilməsində hissi idrak böyük rol oynayır.
Hər
bir dərs yeni maraqlı cəhəti ilə fərqlənməlidir. Şagirdlər
aldıqları məlumatları özləri saf-çürük
etməli, onlara əlavələr etməlidirlər.
Hər hansı bir məsələ,
fakt və hadisə haqqında bir-biri ilə
mübahisə etməli, öz fikir və
mülahizələrini bildirməli,
öz fikirlərini əsaslandırmalı,
yoldaşlarının da fikirlərini dinləməli və ona hörmətlə yanaşmalıdır.
Təlimin
səmərəli təşkilinə yalnız o zaman nail olmaq
mümkündür ki,
müəllim şagirdlərə yaxın olsun.
Onunla şagird
arasında qarşılıqlı anlaşma
olsun. Dərs dediyi
şagirdlərin fərdi və
psixoloji
xüsusiyyətlərini öyrənsin, təlim prosesində onları nəzərə alsın.
Tədris prosesində yaradıcılığa geniş
yer verilməlidir.
Belə ki, ana dili dərslərində
mətni hissələrə
ayırıb, başlıq
vermək, hekayənin
qəhrəmanına və
ya müəllifinə
məktub yazmaq, mətndəki obrazlara şəxsi münasibət
bildirmək, obrazların
yerini dəyişməklə
mətni danışmaq,
oxuduqları mətni həyatla bağlamaq, cümlə, rabitəli mətn qurmaq, esse və ya hekayə yazmaq, şeiri nəsrə çevirmək
və s.
Riyaziyyat dərslərində şagirdləri yazılı və şifahi şəkildə
təqdimetmə tapşırıqlar
vasitəsi ilə onlarda ünsiyyətqurma, əlaqələndirmə və
tətbiqetmə bacarığı
formalaşır. Dərslik
və iş dəftərində verilmiş
tapşırıqları bir
dərsdə bütün
şagirdlərin yerinə
yetirməsi məcburi
deyil. Müəllimin seçimi ilə
tapşırıqlar sinifdə
qruplara verilə bilər, şifahi həll edilə bilər, hər tapşırıqda bir neçə misal həll edilə bilər. Ola bilər ki, şagirdlərin bir çoxu bu tapşırıqları asanlıqla
həll etsinlər, evdə və ya sinifdə həll edilməmiş misalları sonradan həvəslə yerinə
yetirsinlər. Əsas
məsələ təlim
məqsədini nəzərdə
tutulan şagird bacarıqlarının müəllim
tərəfindən düzgün
qiymətləndirilməsi və
bu bacarıqların formalaşdırılması üçün
şagirdlər tərəfindən
iş planının hazırlanmasıdır.
Dərsin əsas məqsədi tapşırıqların
bütün uşaqlar
tərəfindən yerinə
yetirilməsi deyil, seçilmiş məşğələ
və tapşırığın
yerinə yetirilməsində
bütün şagirdlərin
iştirakıdır.
Dərsi oyun üzərində
qurmaqla və ya təklif olunmuş məsələ
və misallardan bir neçəsini seçməklə qoyulan
məqsədə nail olmaq
olar.
Müəyyən əyani vasitələr vasitəsilə
şagirdlər bilik və bacarıqlara yiyələnə bilirlər.
Məsələn, rəngli
kublarla müxtəlif
konstruksiyalar hazırlamaqla,
onları əyani şəkildə
baroqraf modelləşdirib,
həmçinin həcm
və sahə vahidlərini hesablayırlar.
Kub blokları vasitəsilə
çoxrəqəmli ədədləri
mərtəbələrə görə modelləşdirirlər.
Həndəsə taxtası vasitəsi
ilə müstəvi fiqurlar quraşdırmaqla perimetr və sahə anlayışlarını
təsvir etməklə
bu şəkilləri
çəkməyə hazırlaşır.
Həndəsi fiqur dəsti vasitəsilə hər bir şagird fiqurlar ardıcıllığı yaradaraq
fəza fiqurları ilə müstəvi fiqurların əlaqəsini
sərbəst araşdırır.
Texnologiya dərslərində texniki
modelləşdirmə və
s. şagirdlərin yaradıcı
qabiliyyətinin inkişafını
təmin edən amillərdəndir.
Təlim prosesində şagirdlərin
fərdi yaradıcılıq
qabiliyyətlərinin inkişafına
geniş imkanlar vardır. Dərs prosesi elə canlı təcrübə meydanıdır
ki, şagirdlərin və müəllimlərin
bəzən özlərinə
məlum olmayan müsbət və mənfi cəhətləri
üzə çıxır.
Şagird və müəllim
bir-birinin əməyindən
bəhrələnə bilir.
İbtidai siniflərdə riyaziyyatın
öyrədilməsi düşüncə,
məntiqi mühakimə,
ümumiləşdirmə və
mücərrədləşmə aparmaq və s. qabiliyyətləri əhəmiyyətli
dərəcədə inkişaf
etdirir. Riyazi biliklər sisteminin mənimsənilməsi şagirdlərə
hadisələri hərtərəfli
müşahidə etməyə,
mühüm əlamətləri
ayırmağa, onları
daha dərindən başa düşməyə
imkan verir. Bu biliklər əsasında şagirdlərdə
əməliyyatlar aparmaq,
kəmiyyətlər arasındakı
münasibətləri əsaslandırmaq bacarıqları
formalaşır. Hər bir
ibtidai sinif müəllimi şagirdlərdə
riyaziyyat təliminə
maraq oyatmaq üçün dərslərində
yaradıcılıq əhvali-ruhiyyəsi
yaratmalı, yetirmələrini
tədqiqatçı vəziyyətinə
salmalıdır. Onları axtarıcılığa
sövq etməklə
müəllim şagirdlərin
özlərinin də
nə isə tapa biləcəklərinə
onlarda inam yaratmalıdır. Yeni
bilikləri müstəqil
əldə etmək, mühakimələr yürütmək,
hadisələrin mahiyyətini,
qanunauyğun əlaqələri
açıb göstərmək,
bir sözlə, axtarıb, araşdırıb nə
isə tapa bilmək bacarığının şagirdlərə
aşılanmasına ibtidai
siniflərdən başlamaq
vacibdir. Bu həm də onların təhsillərini yuxarı
siniflərdə müvəffəqiyyətlə
davam etdirmələrinə
müsbət təsir
göstərir.
Müasir təlimdə riyaziyyat dərslərində
layihə işlərinə
də xüsusi yer verilməlidir.
Layihə işlərində
əsas məqsəd onun yerinə yetirilməsi əsasında
bu və ya
digər sahəyə
aid biliklər öyrənməkdir.
Biliklər görülən işlərin nəticəsində
qazanılır. Layihə işi
müəllimin rəhbərliyi
altında tək və qrup halında
aparılır. Bu zaman şagirdlər problem
həlletmə məsuliyyətini
dərk edirlər, həmçinin onlarda müstəqil qərarvermə
bacarığı inkişaf
edir. Layihə mövzusunu seçərkən
keçilən mövzular
bölmə üzrə
riyazi biliklərin tətbiqinin mümkünlüyünü
nəzərə almaq
lazımdır. Riyaziyyat
dərslərində problemlər
müəyyən məsələlər,
mətnlər, praktik və əyani materiallar və s. üzərində qurula bilər. Problem məsələlərin
özündə riyazi
biliklər həllin məzmununu, fəaliyyətin
istiqamətini müəyyən
edir. Yaxşı məlumdur ki,
biliksiz yaradıcılıq
mümkün deyildir.
Lakin yalnız biliklər də bunun üçün
azdır, kifayət deyildir. Fəaliyyətin özünün yaradıcı olması lazımdır. İdrakı fəaliyyətin stimulyatoru
olan tədqiqat metodundan istifadə, biliklərin yaradıcı
mənimsənilməsini nəzərdə
tutur. Bu prosesdə müəllimin
pedaqoji ustalığı
ondan ibarətdir ki, şagirdlərin müstəqil mühakimə
aparıb öz mülahizələrini söyləmələrinə
imkan yaratsın.
Onların fikrini lazımi
istiqamətdə yönəldə
bilsin. Belə ki, düzgün olmayan cavabı rədd etməklə yox, şagirdləri düşünməyə vadar
edən münaqişə
situasiyası yaratmaqla və səhv cavabı inandırıcı-əsaslandırıcı
surətdə təkzib
etməklə şagirdi
doğru nəticə
çıxarmağa sövq
edə bilsin.
Mahizər ƏLİYEVA,
Bakıdakı 158 nömrəli tam orta
məktəbin
ibtidai sinif müəllimi
Azərbaycan
müəllimi.- 2012.- 5 oktyabr.- S.11.