İnformatikadan fənn kurikulumu informasiyalaşmış cəmiyyətin tələbidir

    

Müasir cəmiyyətdə informasiya axını çox sürətlə inkişaf edir. Artıq informasiya mübadiləsi həyatın və cəmiyyətin əsas resurslarından biri kimi inkişafın yeni mərhələsini təşkil edir. Məhz dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdıran informatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul edilir. Yaşadığımız əsrin informasiyalaşmış cəmiyyət əsri olması da təhsil alanların yüksək səviyyəli mütəxəssis kimi formalaşması üçün informatika və informasiya sahəsində zəruri bilik və vərdişlərə yiyələnməsini tələb edir.

Bu baxımdan informatikadan fənn kurikulumu cəmiyyətin intellektual potensialını yüksək səviyyəyə çatdıracaq gənc nəslin formalaşması üçün vacib informasiya ehtiyacını ödəyən kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemlərindən istifadə bacarıqlarına malik olmasına yönəldilmişdir.

Öz məzmununa görə çoxcəhətli olan kurikulum islahatı şagirdin pedaqoji prosesin fəal iştirakçısı olmasını təmin edir. Həmçinin milli kurikulumların tətbiqi nəticəsində müəllim-valideyn əlaqələri güclənir, nəticədə valideyn təhsildəki yeniliklərlə bağlı təlim prosesində daha yaxından iştirak edir.

Orta təhsil pilləsinin informatika fənn kurikulumunda  "İnformasiyainformasiya prosesləri" üzrə məzmun xətti əsas və alt-standartlara ayrılaraq şagirdlərin informasiyainformasiya prosesləri mədəniyyətinə  yiyələnmələrini və bunun nəticəsində əmək bacarıqlarını müəyyənləşdirərək gələcəkdə həyat şəraitini mükəmməl qurmaq imkanı əldə etmələrini vurğulayır. Sənəddə məzmun xətti ilə bağlı əsas və alt-standartlar təhsil pillələrini dolğun şəkildə əks etdirir. Məsələn, əsas təhsil pilləsində şagirdlərdə ətraf aləmi informasiya sistemi baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması təmin olunursa, orta təhsil pilləsində  mənimsənilmiş bacarıq və vərdişləri inkişaf etdirməklə onlarda informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun, zəruri məlumatlarla işləmə bacarıqları təmin olunur. Sənədin digər məzmun xətləri:   formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma; kompüter, informasiyakommunikasiya texnologiyaları və sistemləri cəmiyyətin informasiyalaşdırılmasında ümumi təlim nəticələrini reallaşdırır. Hər bir fənn kurikulumunun əsasını onun məzmun standartları təşkil edir ki, bu da fənnin məzmununun yığcam ifadəsidir. Bizlər gənc nəsli şəxsiyyət kimi yetişdirmək istəyiriksə, verilmiş məzmun standartlarını, məzmun xətlərini müəyyən fəaliyyət standartları ilə kəsişdirərək yerinə yetirməliyik və bu bizim bütün fəaliyyətimizdə öz əksini tapmalıdır. Bu fəaliyyət standartları şəxsiyyətin problemi həll etmək, mühakimə yürütmək, auditoriya qarşısında sərbəst çıxış etmək, analiz etmək, araşdırmaq, dərk etmək və ümumiləşdirmək qabiliyyətlərini artırır, həmçinin müstəqil tədqiqat işləri aparma, İKT-dən istifadə etmə vərdişlərini təkmilləşdirir və nəticədə onlar tək fikirlilikdən alternativliyə doğru, intuisiyadan məntiqə, vizual effektivliyə doğru inkişaf yolu keçirlər. Yeni kurikulumun görmək istədiyi şəxsiyyətdə idraki, sosialpraktik bacarıqlar, psixoloji öhdəliklər formalaşdırmaq məqsədi biz müəllimlərin qarşısında geniş yaradıcılıq imkanları açır və bu istiqamətdə daha çox çalışmamızı tələb edir. Eyni zamanda fəallığı artan müəllimlərin tədqiqatçılıq və kommunikativ bacarıqları və peşəkarlıq qabiliyyətləri inkişaf edir ki, bu da təhsilimizdə böyük canlanmanın əmələ gəlməsi ilə müşahidə olunur.

Bildiyimiz kimi ümumi təhsil sahəsində dövlət siyasətinin əsasını zəruri biliklərlə yanaşı, şəxsiyyətin yetkinliyini təmin edən həyati bacarıqlara yiyələnmiş, milli mənəvi dəyərlərə malik vətəndaşın formalaşması təşkil edir. Gələcək həyata hazırlanan bugünkü şagird hər gün müxtəlif forma və vasitələrlə: istər adi, istərsə də avtomatlaşdırılmış şəkildə informasiyalar alır. Bu informasiyalar elmi, sənədli, texniki, texnoloji, siyasi, iqtisadi, bədii, dünyəvi və bu kimi digər növlərə ayrılır. Şagirdlərin hər gün zəruri informasiyalarla təmin olunması, informasiya daşıyıcıları ilə işləyə bilməsi onların təfəkkürünün inkişafına, tənqidi, yaradıcı düşüncəyə sahiblənmələrinə, dünyagörüşlərinin formalaşmasına, əmək qabiliyyətlərinin inkişafına zəmin yaratmış olur. Bütün bunlar isə informatikadan yeni fənn kurikulumunun əsas hədəfləridir.

İnformasiya proseslərinin əsas mərhələlərini - informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı şagirdlərin həyat fəaliyyətlərində önəmli rol oynayır. Şagirdlər ətraf aləmdən aldıqları məlumatları yaddaşlarında saxlayır, təfəkkürün köməyi ilə analiz edir, digər insanlarla informasiya mübadiləsi edirlər.

Hazırda mövcud olan peşələr bir sıra qabiliyyətlərin inteqrasiyasını tələb edir. Şagirdlərin elmi dünyagörüşlərinin formalaşmasında, biliklərini dərinləşdirərək həyati bacarıqlarının inkişaf etdirilməsində inteqrativ təlimin xüsusi əhəmiyyəti var. Bu məqsədlə Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı proqramı təhsil sisteminə texnologiyaların tətbiqini və ondan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib. Hazırda kompüterdən, multimediadan, ağıllı lövhədən qismən də olsa istifadə etmədən daha böyük cəmiyyətə çıxmaq olmaz, çünki şagirdi cəlb edən tədris prosesini yaratmaq, maraqlı dərs qurmaq üçün texnika əsri olan XXI əsrin tələblərinə uyğunlaşmaq lazımdır.

İKT ümumbəşəri dəyərlərin tərkib hissəsi olmaqla digər fənlərin öyrənilməsində tətbiqi biliklərə yiyələnmək üçün real əsas yaradır. Fənlərarası inteqrasiya müasir biliklərə və bacarıqlara malik Azərbaycan vətəndaşlarının formalaşmasına təsir edən vacib amildir. Təlimin stimullaşdırılmasında, şagirdlərin fəallığının təmin edilməsində, nəzərdə tutulan məzmunun ətraflı mənimsədilməsində inteqrasiyanın tətbiqi kurikulumun tələbidir. Məsələn: informatikanın riyaziyyat fənni ilə inteqrasiyasına sadə bir nümunə deyək. Funksiyanın tədrisi zamanı Microsoft Excel proqramının imkanlarından istifadə edərək qrafiklərin dəqiq qurulmasını əyani şəkildə tətbiq etmək olar. Bu şəkildə dərsin əyaniliyi şagirdlərdə izləməyi, müqayisə etməyi, ümumiləşdirməyi və nəticə çıxarmağı formalaşdırır. Riyaziyyat fənninin informatika fənni ilə inteqrasiyası şifahi hesablamalarda, yeni materialın öyrənilməsində, məsələnin həllində, şagirdlərin tədqiqat fəaliyyətinin təşkilində özünü doğruldur.

Yaxud da fizikanın tədrisində kompüter texnologiyalarının imkanlarına nəzər salaq: fiziki proses və hadisələri, fiziki anlayış, qanun, quruluş, sxem və xassələri təbii şəkildə istənilən anda illüstrasiya edə bilməsi, vizuallaşdıra bilməsi, virtual laboratoriya işlərinin aparıla bilməsi, animasiyaları qurmaq imkanının olması, az vaxt ərzində çox informasiya çatdıra bilməsi və s. misal göstərmək olar.   Ümumiyyətlə, tədris olunan bütün fənlərlə informatika fənninin inteqrasiyası təlim prosesinin operativliyinin təmin edilməsində, şagirdlərin maraqlarına uyğun olaraq diqqəti cəlb edən fraqmentlərdən istifadə edilməsində və müasir texnologiyalara şagirdlərdə marağın oyanmasında gözəl effektə malikdir.

İnformatika fənni digər fənlərdən fərqli olaraq, sürətlə inkişaf etdiyi üçün bu fənni tədris edən müəllimin daim öz üzərində işləməsi lazımdır. Çünki bugünkü material aktuallığını gələcəkdə saxlamır, işlədiyimiz müəyyən tətbiqi proqramlar isə sabahkı yeni proqramların yaranması nəticəsində köhnəlir, bu da yeni proqramların öyrənilməsi və tətbiqi məsələsini zərurətə çevirir. Biz yetişməkdə olan gənc nəsli müstəqil həyata hazırlayırıq. İnformatika fənn kurikulumunda bu fənn üzrə tədrisin məqsədi, məzmunu və təşkili formaları vətənini sevən, onun inkişafında öz sözünü deyən Azərbaycan vətəndaşlarının yetişməsini və bu müqəddəs vəzifənin reallaşmasını şərtləndirir.

 

 

Lütviyyə ƏHMƏDOVA,

Mingəçevir şəhəri  N.Ahəngari

adına 13 nömrəli tam

orta məktəbin riyaziyyat-informatika

müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 5 oktyabr.- S.11.