Beynəlxalq Müəllimlər
Günü təntənəli şəkildə
qeyd olundu
Oktyabrın 4-də Heydər Əliyev
adına Sarayda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər
Gününə həsr olunmuş
tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, Milli Məclisin
deputatları, Təhsil Nazirliyinin nümayəndələri, təhsil
müəssisələrinin direktorları, müəllimlər
və başqaları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan BŞTİ-nin müdiri, əməkdar müəllim
Nailə Rzaquliyeva peşə bayramı münasibətilə
təhsil işçilərini təbrik etdi. N.Rzaquliyeva
bildirdi ki, müəllim adı tarixən həmişə fədakarlıq,
əzm, vətənə və millətə sevgi, insanpərvərlik
anlayışları ilə birgə xatırlanıb. Müəllim
olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın
gələcəyinin daha möhkəm təməllər
üzərində qurulması yolunda onların əməyi
ölçüyəgəlməzdir. Hörmətli
Prezidentimiz İlham Əliyev cənablarının təhsilə
diqqət və qayğısı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizin
himayədarı kimi yorulmaz fəaliyyəti biz təhsil
işçilərini Azərbaycan xalqına və dövlətinə
şərəflə xidmət etmək üçün daha
da ruhlandırır.
Sonra Nailə Rzaquliyeva Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
müəllimlərə ünvanlanan təbrik məktubunu tədbir
iştirakçılarının diqqətinə
çatdırdı.
Tədbirdə çıxış edən
təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin
adını daşıyan möhtəşəm sarayda təhsil
işçilərinin peşə bayramını onlarla birlikdə
qeyd etməkdən məmnunluq hissi duyduğunu bildirdi və
bayram münasibətilə hər kəsi təbrik etdi. Misir Mərdanov
qeyd etdi ki, hər il olduğu kimi, bu il də müəllimlərin
peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə bir qrup təhsil işçisinə "Əməkdar
müəllim" fəxri adı verilib, bir qrup təhsil
işçisi isə "Tərəqqi" medalı ilə
təltif edilib. Müəllim əməyinə verilən
yüksək qiymətə görə ölkə Prezidenti cənab
İlham Əliyevə təşəkkürünü bildirən
nazir dövlət başçısının təhsilin
inkişafını daim diqqət mərkəzində
saxladığını vurğuladı. Hər il təhsilə
ayrılan dövlət vəsaitinin
artırıldığını bildirən Misir Mərdanov
Azərbaycan müəlliminin əzmi, səyi nəticəsində
təhsilimizin daha da inkişaf edəcəyinə
inandığını söylədi. Təhsil naziri Misir Mərdanov
ölkəmizdə təhsil sahəsində əldə edilən
uğurlardan danışaraq Dövlət Proqramı çərçivəsində
hər il yüzlərlə tələbənin dünyanın
nüfuzlu universitetlərinə təhsil almaq
üçün göndərilməsinin böyük əhəmiyyət
daşıdığını və həmin gənclərin
gələcəkdə ölkəmizdə müxtəlif sahələrin
inkişafına öz töhfələrini verəcəklərinə
əminliyini ifadə etdi.
Sonra tədbir bədii hissə ilə
davam etdi. Bakı məktəblərinin, məktəbdənkənar
təhsil müəssisələrinin istedadlı şagirdlərinin
rəngarəng çıxışları maraqla
qarşılandı.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 12 oktyabr.- S.2.