Azərbaycanla Koreya arasında tələbə mübadiləsi ilbəil artır

 

Oktyabrın 8-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edən Misir Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb. Təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb.

Misir Mərdanov təhsil sahəsində qabaqcıl ənənələri olan Koreya ilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən bir sıra layihələrdə Koreya ilə əməkdaşlığın mövcudluğuna diqqət çəkən nazir ölkəmizin 5 ali məktəbində koreyaşünaslıq üzrə tədris aparıldığını bildirib.

Çoi Suk-İn səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx əlaqələr qurmağa xüsusi önəm verdiyini açıqlayan səfir tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb. Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin genişləndiyini, bir sıra birgə layihələrin həyata keçirildiyini söyləyən qonaq ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.2.