Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi layihəsinin təqdimatı keçirildi

 

Oktyabrın 8-də Təhsil Nazirliyində xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi layihəsinin təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan  təhsil naziri Misir Mərdanov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının 1997-ci ilin aprelində "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası"na imza atdığını və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işinin Təhsil Nazirliyinə həvalə edildiyini bildirdi. Nazir 2004-cü ildən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) istiqamətində Təhsil Nazirliyi tərəfindən görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışdı, ayrı-ayrı illər üzrə statistik məlumatları mərasim iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, əgər 2004-cü ildə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan vətəndaşlardan Təhsil Nazirliyinə diplomlarının tanınması ilə bağlı 103 müraciət olmuşdusa, 2012-ci ildə belə müraciətlərin sayı 1618-dir. Hazırda da müraciətlər davam edir. Ümumiyyətlə, 2004-cü ildən ötən dövr ərzində xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı Təhsil Nazirliyinə daxil olan 6982 müraciətdən 5637-nin müsbət həll olunduğunu qeyd edən nazir Misir Mərdanov yeni hazırlanan sistemin nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından üstün cəhətlərindən söz açdı. Təhsil naziri "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli, 429 nömrəli fərmanının icrası ilə bağlı hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin vətəndaşlar üçün geniş müraciət imkanları açdığını, şəffaflığa, bəzi subyektiv amillərin aradan qaldırılmasına xidmət etdiyini bildirdi.

Sonra xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sisteminin təqdimatı oldu. "Ultra" şirkətinin Layihələrin idarəedilməsi departamentinin direktor müavini Sərxan Məmmədov hazırlanmış  sistemin imkanları barədə geniş məlumat verdi.

Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi ilə tanışlıqdan sonra tədbir iştirakçıları bu elektron xidmətin işinin daha səmərəli təşkili ilə bağlı öz fikir və mülahizələrini söylədilər, bir sıra təkliflərlə çıxış etdilər.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.2.