BSU-nun beynəlxalq əlaqələri genişlənir

 

Oktyabrın 10-da Humbolt adına Berlin Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva Mariya Aux Bakı Slavyan Universitetinin qonağı oldu. Xanım Eva Mariya Auxun gəlişinin məqsədi BSU ilə Almaniyanın Humbolt adına Berlin Universitetinin Azərbaycan tarixi kafedrası və Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında elm və təhsil sahəsində əməkdaşlıq üzrə  razılaşma imzalamaq idi.

Rektor, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonağı BSU-da qarşılamağa şad olduğunu bildirdi və Humbolt adına Berlin Universitetində iki il bundan öncə açılmış və uğurlu fəaliyyətə başlamış Azərbaycan tarixi kafedrası haqqında tədbir iştirakçılarına məlumat verdi: "Çox sevindirici haldır ki, nəinki Almaniyada, eləcə də bütün dünyada öz elmi potensialı ilə nüfuz qazanmış Humbolt adına Berlin Universiteti əməkdaşlıq üçün məhz Bakı Slavyan Universitetini seçmişdir. Əminəm ki, biz bu inamı doğruldacağıq və hər iki tərəf bu əməkdaşlıqdan razı qalacaqdır".

Çıxış edən xanım professor Eva Mariya Aux BSU-ya 4 il əvvəki gəlişindən danışdı. Bildirdi ki, həmin təcrübə zamanı Azərbaycan və rus dillərini öyrənməyə gələn 20 alman tələbəsinin əksəriyyəti məhz Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından maraqlanır, öz elmi işlərində bu sahə üzrə ixtisaslaşır. Tələbələrin təcrübə dövründə əldə etdikləri nailiyyətlər əməkdaşlığı dərinləşdirmək üçün böyük ümidlər verir. Professor Eva Mariya Aux onu da diqqətə çatdırdı ki, Humbolt adına Berlin Universiteti Almaniyada hər il keçirilən ən yaxşı universitet müsabiqəsində yüksək yerlərdə qərarlaşır: "Məhz Azərbaycan rəhbərliyinin səyi nəticəsində Humbolt adına Berlin Universitetində iki il bundan öncə açılmış Azərbaycan tarixi kafedrası universitetlərimiz, ümumilikdə isə ölkələrimiz arasında elmi və mədəni əlaqələrin inkişafına yardımçı olacaqdır. Ümid edirəm ki, bu gün imzalayacağımız razılaşma da bunun bariz nümunəsidir".

Tərəflər arasında əməkdaşlıq haqqında imzalanmış razılaşmada BSU üçün alman dili və ədəbiyyatı üzrə, Humbolt adına Berlin Universitetinin Azərbaycan tarixi kafedrası üçün Azərbaycan dili və ədəbiyyatı üzrə kurikulumların hazırlanması, alman dilində Azərbaycan dilini öyrənənlər üçün elmi-metodik ədəbiyyat və özünüöyrədən kitabın tərtib və nəşr edilməsi, qədim türk eposu "Kitabi-Dədə Qorqud"un 1815-ci ildə Fridrix Fon Dits tərəfindən nəşr edilməsinin 200 illiyinə həsr olunmuş alman-Azərbaycan filoloji bayramının keçirilməsinə dair tədbirlər planının hazırlanması və onun həyata keçirilməsi, tərəflər arasında müəllim, elmi işçi, tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqat fəaliyyətinin, elmi tədbirlərin - konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması, Clio-Caucaus elektron portalının fəaliyyətində iştirak nəzərdə tutulmuşdur.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.3.