Ukraynada bir ay

 

(Başlanğıcı ötən saylarımızda)

 

Qolodomor

 

Bazar günü şəhəri gəzməyə çıxdım. İlk növbədə Qolodomor muzeyi’ni görmək istəyirdim. "Amarant"ın Yuliya’ları (otelin 4 inzibatçı qızından 3-ünün adı YuliyaTydı; ukraynalılar bu adı çox sevirlər) oranı asan tapmaqçün İnternetin yardımıyla mənə sadə yol xəritəsi tərtib etmişdilər.

Metronun "Arsenalna" stansiyasından ayağımı dışarı qoyan kimi gözümə qoşa çadırlar sataşdı. Biri , biri qırmızıydı. Ukraynada bu il oktyabrın 28-də Parlament seçkiləri keçiriləcəyinə görə partiyalar qanuna uyğun şəkildə şəhərlərdə çadırlarını qurub təbliğatlarını aparır, camaata pulsuz ədəbiyyat paylayır. çadır Nataliya Korolevskayanın "Ukrayna - irəli!" partiyasının, qırmızı çadırsa Ukrayna kommunist partiyasınındı. Belə çadırları sonra OdessaXarkovda da çox gördüm.

Bunu deməyə bilmərəm ki, kommunistlərin təbliğat və təşviqatı Ukraynada çox güclüdür. Olduğum bütün şəhərlərdə onların saysız-hesabsız reklam lövhələrini gördüm. Başlıca şüarları budur: "Ölkəni xalqa qaytaracağıq". Əsasən yaşlı nəslin könlünü ələ almağa çalışır, onlara müraciətlə, parlamentdə çoxluğu qazansalar (nəüzibillah!), təqaüd yaşını azaldacaqlarına söz verirlər. Maraqlısı da budur ki, bütün reklamları ruscadır, halbuki Ukraynada rusca yazı nadir işlənir.

Bizdən fərqli olaraq Ukraynada əski kommunist atributlarına, demək olar ki, toxunulmayıb. Leninin, başqa kommunistlərin bütün heykəlləri durur. Küçələr, müəssisələr, hətta yaşayış məskənləri indiSov.İKP rəhbərlərinin, qurultaylarının adını daşıyır. Bu üzdən ölkədə kommunist nüfuzunun çox güclü olacağını düşünürdüm, ancaq sıravi vətəndaşlardan kommunistlərə münasibətini soruşduğumda tam əksini gördüm - əksəriyyət onları "yalançı", "hay-küyçü" adlandırır.  

Metronun qarşısındakı küçəylə gəzə-gəzə muzeyə doğru gedirdim. Düzdür, orayadək hələ bir neçə kilometr vardı, ancaq həm piyada gəzmək, həm də şəhəri arxayınlıqla seyr etmək istəyir, gördüyüm gözəl binaların, abidələrin şəkillərini çəkirdim (Ukraynada üst-üstə 1300-dən artıq şəkil çəkmişəm).

Dairəvi biçiminə görə kiyevlilərin zarafatla "Əl qumbarası" adlandırdığı çoxqatlı "Salyut" oteliMilli Nəqliyyat Universiteti qarşısındakı böyük yeraltı keçiddən geniş bir parka çıxılır. Burada İkinci Dünya savaşında həlak olmuş zabitlər dəfn edilib və onların şərəfinə abidə ucaldılıb. Məzarlar yan-yana düzülüb. Bura çox hündürdə olduğuna görə şəhərin gözəl mənzərəsi görünür.

Qolodomor muzeyi bu kompleksdən bir qədər aşağıda, yerişlə 3-4 dəqiqəlik məsafədədir. Muzey 2009-cu ildə açılmış əzəmətli abidənin altında - zirzəmi sayılacaq birinci qatdadır. Abidənin gövdəsi çoxüzlüdürçoxlu xaçlarla naxışlanıb. Gövdə bir-birinə calanmış 4 hündür qara xaçla əhatələnib. Şəbəkədən hazırlanmış hər xaçın üstündə Ukrayna xalqının rəmzi olan qızılı rəngli leyləklər təsvir edilib. Ən aşağıdakı leyləyin qanadları iki tərəfdən də tutulduğuna görə o uça bilmir. Hər xaçın qarşısında Ukrayna qolodomorunun başlıca dönəmləri yazılıb: 1921-1922, 1932-1933, 1946-1947.

Azərbaycan oxucusunun bir çoxu qolodomorun mahiyyətindən xəbərsizdir, ona görə burada çox qısa bilgi verməyi gərəkli sayıram. Ukraynaca "aclıqdan ölmə" anlamına gələn "qolodomor" sözü dünyanın hər yerində tərcüməsiz işlədilir. Düzdür, "qolodomor" dedikdə başlıca olaraq 1932-1933-cü illər aclığı nəzərdə tutulur, ancaq bu abidə və müzey ukraynalıların həmin hadisəni daha geniş təsəvvür etdiyini bildirir.

Məsələnin özəyi bundan ibarətdir ki, Ukrayna müstəqilliyə daha çox can atdığına görə başda Stalin, Molotov, Kaqanoviçb. olmaqla ozamankı SSRİ rəhbərliyi Ukrayna xalqına qarşı məqsədyönlü soyqırımı siyasətini gerçəkləşdirib. Əslində SSRİ-nin taxıl anbarı olan bu ölkədə kollektivləşmə adıyla qırmızı ordu kəndlilərin bütün kənd təsərrüfatı alətlərini və "şəhərə yardım" adıyla bütün taxıl ehtiyatını əlindən alıb və əhalini labüd aclığa məhkum edib. Doğrudur, KiyevXarkov kimi iri şəhərlərdə nisbətən ərzaq tapılıb, ancaq çoxlu ukraynalıdan eşitdiyimə görə, həmin şəhərləri qırmızı ordu əsgərləri tam mühasirəyə alıb və şəhərə girmək istəyənləri yerindəcə güllələyib. Ukrayna MEA DemoqrafiyaSosial Araşdırmalar İnstitutunun əldə etdiyi nəticələrə görə, təkcə 1932-1933-cü illərdə Ukraynada ən azı 3,2 milyon nəfər aclıqdan ölüb. Bu siyasətin sovet Ukraynasında əhalinin 20-30 faizini məhv etdiyi bildirilir.

Doğrudur, ruslar qolodomoru qəbul etmironu keçmiş SSRİ-nin ümumi bəlasının tərkib hissəsi kimi götürürlər, ancaq ukraynalılar bunu rəsmən soyqırımı sayırlar. Yeri gəlmişkən, ABŞ, Andorra, Argentina, Avstraliya, Belçika, Braziliya, Çexiya, Çili, Ekvador, Estoniya, Gürcüstan, İspaniya, İtaliya, Kanada, Kolumbiya, Latviya, Litva, Macarıstan, Meksika, Paraqvay, Peru, Polşa, SlovakiyaVatikan dövlətləri də qolodomoru soyqırımı aktı kimi tanıyıb.

Alt qatdakı muzeyə başdaşlarını andıran, yan-yana düzülmüş qara mərmər lövhələrin arasıyla enirsən. İçəri, əsasən, qaranlıqdır. Geniş ekranda daim sənədli filmlər göstərilir. Ukrayna Milli Yaddaş İnstitutunun hazırladığı 51 cildlik, Ukraynanın bütün vilayət və şəhərlərini qapsayan "Ukraynada 1932-1933-cü illər qolodomoru qurbanlarının milli YADDAŞ KİTABI" adlı möhtəşəm nəşrin cildləri bir neçə yerdə qoyulub; istəyənlər vərəqləyib tanış ola bilər. Çox da geniş olmayan otaqda o dönəmdə Ukrayna kəndlilərinin durumunu göstərən müxtəlif muzey eksponatları düzülüb.

Muzeydən çıxışdakı dar dəhlizin başlanğıcında kiçik bir kilsə zəngi asılıb. Buradan Dnepr çayına gözəl bir mənzərə açılır.

 

Kiyevo-Peçyorska lavra

 

 Kiyevin bəzəyi buranın ən nüfuzlu və ən gözəl kilsəsi "Kiyevo-Peçyorska lavra"dır. Şəhərə gələn turistlərin ən mühüm hissəsinin buraya yönəldiyini desəm yanılmaram. Rusiyadakı ilk monastrlardan sayılan bu tikilinin özülü Yaroslav Mudrı dönəmində - 1051-ci ildə qoyulub. "Peçyora" ukraynaca "mağara" deməkdir, çünki bu kilsənin ilk sakinləri olan rahiblər öncə yaxınlıqdakı mağaralarda yaşayaraq buranı ibadətgaha çeviriblər.

Lavrada xaçpərəstlərin müqəddəs saydığı bir çox insanlar dəfn edilib. Maraqlıdır ki, Rusiyanın baş naziri olmuş P.A.Stolıpin (1862-1911) də bu kilsədə uyuyur.

Kilsənin qarşısı daim turistlərlə və ziyarətə gələn yerli sakinlərlə doludur. Mən də onlara qoşuluram. Maraqlıdır ki, kilsəyə girən bütün qadınlar, müsəlmanlarda olduğu kimi, başlarını örtürlər.

İndi muzey kimi çalışan Kiyevo-Peçyorska lavranın bütün gözəllik və özəlliklərindən burada söz açmağa imkan yoxdur. Təkcə onu deyim ki, "minarə"sinin hündürlüyü 100 metrdən artıqdır. Ukraynanın muzey işçiləri də xeyli vətənsevər olduqlarına görə, turistlərdən əldə edilən vəsaiti dağıtmadan onun bərpasına, gözəlləşdirilməsinə sərf edirlər. Neçə kilolarla qızıl işlədilərək rənglənmiş günbəzləri gün işığında göz qamaşdırır. İçərinin gözəlliyini təsvir etməkçünsə ayrıca bir məqalə yazmaq gərəkdir.  

 

Əfqanıstan müharibəsi qurbanlarına abidə

 

Kilsədən bir qədər aralıdakı bir turist firması ikimərtəbə avtobuslarla şəhərə səyahət təşkil edir. Oranı tapmaq üçün soraqlaşa-soraqlaşa gedirəm. Yenə bir balaca kilsənin qarşısından ötüb küçənin o tayına keçməliyəm. Ortada kiçik bir bağ var. Bağa girəndə gördüm ki, burada 1979-1989-cu illər Əfqanıstan müharibəsi qurbanlarının şərəfinə çox təsirli bir abidə ucaldılıb. Ortada üç silahlı əsgər görünür. Onlardan ikisi qabağa baxır, birisə oturub və başını dizləri üzərinə qoyub - ya hədsiz dərdlidir, ya da hədsiz yorulub. Bu abidənin dörd bir yanı iri qara mərmər daşlarla əhatələnib. Həmin daşların üstündə Əfqanıstan müharibəsində həlak olmuşitkin düşmüş bütün ukraynalıların adı yazılıb.

 

Kiyev gəzintisi

 

200 qrivna verib (bizim 25 manata yaxın) ikiqatlı, üstüaçıq turist avtobusuna əyləşirəm. Arada yüngülcə yağış yağsa da heç kəs yerindən tərpənmir, aşağı qata düşmək istəmir. Mən şəhəri daha yaxşı görüb şəkillər çəkmək üçün ən qabaqda otururam.

Avtobus öncə bizi Dnepr çayının üzərindəki körpüdən keçirərək şəhərin çağdaş hissəsinə aparır. Burada ən görməli yer Ana Vətən abidəsidir. Kiyevin, yalan olmasın, hər yerindən görünən bu olduqca əzəmətli abidəni 1981-ci ildə şəxsən Sov.İKP MK baş katibi L.İ.Brejnev (1906-1982) açıb.

Altında muzey yerləşən abidə keçmiş SSRİ-dəki ən hündür heykəldir. Onu hər biri 25-30 ton ağırlığında blokları qaynaq etməklə quraşdırıblar. 150 illiyə və 9 bal zəlzələyə hesablanmış heykəlin hündürlüyü Ananın əlindəki qılıncın ucunadək 62 metr, özüllə birlikdəsə 102 metrdir. Danışılanlara görə Kiyev mitropoliti ozamankı Ukrayna rəhbəri V.V.Şerbitski (1918-1990) ilə danışaraq qılıncın Kiyevo-Peçyorska lavranın xaçından yüksək olmaması barədə razılığa gəlib. Gerçəkdən, indi qılıncın ucu həmin xaçdan 12 metr aşağıdadır. Ananın əlindəki qılıncın uzunluğu 16 metr, çəkisi 9 tondur. Ananın sol əlindəsə ağırlığı 13 ton olan qalxan var. Bütün heykəlin ağırlığısa 450 tondur.

Avtobusla yenidən Dunayı keçərək geriyə dönür, bu dəfə "əski" Kiyevə giririk. Əslində Kiyevlə bağlı əski və çağdaş anlayışları çox şərtidir, çünki əski hissənin özündə də geniş müasir məhəllələr var. Doğrudur, Bakının üç butasına çatacaq binaları yoxdur, ancaq istənilən ölkənin paytaxtını bəzəyəcək həm çox yüksək, həm də zövqlə tikilmiş, gözoxşayan binalar az deyil. Doğrudur, şəhərin içərisində uca binalar tikilməsinə hədsiz ehtiyatla yanaşıldığı hiss olunur, ancaq bu tikililərin özləri də böyük ustalıqla köhnə binalarla uzlaşdırılıb, eyni ansamblda qovuşdurulub.

Adını bilmədiyim küçələri bir-bir ötürük. Bələdçimiz aramsız olaraq bilgi verir. Başdan-başa açıq-qırmızı rənglə boyanmış binanın qarşısından keçəndə o bildirir ki, bura Ukrayna Milli Universitetidir. Onun qırmızı rəngi haqqında belə bir lətifə var ki, bu binanın rəngi tələbələrin qanından yaranıb. Bununla o zaman universitetdə oxumağın çox çətin olduğuna işarə ediblər.

Açığı, bu binanın qarşısından keçəndə çox həyəcanlandım, çünki hələ mənim müəyyənləşdirə bildiyim 63 Azərbaycan oğlu bu binanın divarları arasında ali təhsil alıb! Onların bu binaya girib-çıxmalarını, auditoriyalarda mühazirə dinləmələrini, qarşı-qarşıya durub söhbət etmələrini xəyalında canlandırmaq nə qədər xoşdur!..

 

 Timoşenkoçuların çadırları

 

Kiyevin ən mərkəzi küçələrindən birinə keçirik. Qarşıda cəlbedici bir mənzərə açılır - geniş səkidə onlarca çadır yan-yana düzülüb. Öncə onları ticarət çadırları bildik - belələri şəhərdə ağzınacandır. Yaxınlaşdıqda bunları indi həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko tərəfdarlarının qurduğu anlaşıldı. Üzü küçəyə Timoşenkonun Ukrayna bayrağı fonunda iri portreti qoyulub, portretin üstündə və altında, əlbəttə, öz vətəndaşlarına deyil, əcnəbilərə ünvanlanmış ingiliscə "Stop politikal repressions", "Freedom for Yulia Tymoshenko", "Freedom for Ukraine" cümlələri yazılıb. Portretin sağ tərəfində təxminən 20-30 metr uzunluqdakı bir sahədə müxtəlif dillərdə indiki prezident Yanukoviçin, ümumən hakimiyyətin əleyhinə kəskin ifadəli çoxlu şüarlar asılıb. Çadırdakılar onların şəklini çəkdiyimi görərkən sevinclə əl edirdilər.

Bu sözləri Timoşenkoya rəğbətimdən yazmıram. Doğrudur, onun hörüyündən çox xoşum gəlir, ancaq şəxsiyyəti haqqında heç bir ukraynalıdan xoş söz eşitmədim. Özəlliklə onun Ukrayna-Rusiya qaz danışıqlarında milyardları mənimsəməsindən çox danışır və haqlı tutulduğunu bildirirdilər. Ancaq bununla yanaşı, onu tutanların da heçondan geri qalmadıqlarını eşidirdim.

Ziyalıların birindən hakimiyyətin aydan artıq burada "sakinləşmiş" çadırlara niyə toxunmadığının səbəbini soruşdum. Xoşuma gələn cavab verdi: "Bu çadırları dağıtsalar, camaat elə bilər ki, Timoşenkoda nəsə var. Ancaq onun buradakı tərəfdarlarıyla söhbət edəndən sonra yanıldıqlarını görürlər".

Hər bir halda, Ukrayna hakimiyyətinin söz azadlığına sayğısı göz qabağındadır.

Bir saatlıq gəzintimiz Kiyevin, gerçəkdən, dünyanın ən gözəl şəhərlərindən biri olduğuna məni inandıra bildi. 

 

Qoca musiqiçi

 

Metroda tez-tez gördüyüm qoca musiqiçidən yazmasam Kiyev haqqında qeydlərimi yarımçıq sayaram.

Bu başdan deyim ki, Ukraynada tənbəl, yəni küçədə oturub heç bir iş görmədən dilənənləri nadir halda görərsən. Bura dilənçiləri ya müxtəlif hərəkətlərlə səni əyləndirəcək, güldürəcək, ya musiqi çalacaq, yaxud oxuyacaq, ya da öz istedadını başqa sahədə göstərəcək, sən də onun qarşısındakı papağa, yaxud kisəyə pul atacaqsan. Danışacağım qoca da onlardan biridir.

70-75 yaşı olar. Demək ki, təqaüdçüdür və pulu yetmədiyinə görə mədəni şəkildə dilənir. Ancaq şıq geyinib. Başında qara şlyapa, əynində təzə yay kostyumu var. Gitarada çalır və oxuyur. Qarşısındakı təkərli əl çamadanının əlcəyini qaldırıb, onun qolunun başından oxuyacağı mahnıların mətnini asır, yan qollarının birindən gül dəstəsi, birindənsə "nəzir" torbası asıb (yeri gəlmişkən, ukraynalılar da "torba" sözünü bizdəki anlamda işlədir, ancaq vurğunu birinci hecanın üstünə salırlar).

Qoca müğənni köynəyinin yaxasından çıxarıb ağzının yanında quraşdırdığı mikrofona oxuyur. Mikrofonsa yanına qoyduğu balaca dinamikə calanıb. O oxumağa başlayanda səsi bütün vaqona yayılır. Səsi də elə tənzimləyir ki, sərnişinlər rahatsız olmasın.

Mahnıların məzmunu ən müxtəlifdir. Onların içində prezidenti, hakimiyyəti "danlamaqdan" tutmuş, xalqın durumuna, dünyanın gedişinə, məişət problemlərinə... qədər hər şey tapmaq mümkündür. İstədiyini oxuyur. Onunla heç kəsin işi yoxdur - polisin də, vətəndaşların da. İstəyən qulaq asır, "nəzir"ini verir, istəməyən dinləmir, söhbət edir.

Bir dəfə onunla üzbəüz düşdüm. Şəklini bir neçə pozada çəkdim. Baxdı, ancaq heç nə demədi. Razı qaldığını hiss etdim. Ancaq bundan sonra onu bir daha görmədim.

İyulun 28-də Kiyevdən ayrılıb Odessaya uçdum...

 

(Ardı gələn sayımızda)

 

 

Ədalət TAHİRZADƏ,

Bakı Avrasiya Universitetinin  professoru

adalet_tahirzade@yahoo.com

Tel.: +994-50-612-68-13

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.4.