"Times
Higher Education" jurnalı 2012-ci il üzrə
dünya universitetlərinin
reytinqini açıqlayıb
"Times
Higher Education" jurnalı 2012-ci il üzrə
dünyanın 400 ən
yaxşı universitetinin
reytinq cədvəlini
dərc edib.
Bu siyahıda birinci yeri yenə
də Kaliforniya Texnologiya İnstitutu tutub. Ümumilikdə,
ilk onluğa yeddi
ABŞ ali məktəbi daxil olub. İkinci yerə ötən il dördüncü
olan Böyük Britaniyanın Oksford Universiteti və ABŞ-ın Stenford Universiteti layiq görülüblər. Harvard Universiteti
bu il
dördüncü sıraya
düşüb. ABŞ universitetlərindən başqa
top-onluqda Böyük
Britaniyanın Kembric Universiteti yeddinci və London İmperial Kolleci səkkizinci yerlərdə qərarlaşıb.
Rusiya ali məktəbləri
artıq ikinci dəfədir ki, planetin 200 ən yaxşı universiteti sırasına daxil ola bilməyib. M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti bu siyahıda 201-225-ci yerləri
tutan ali məktəblər qrupuna daxildir. Otən il M.V.Lomonosov
adına Moskva Dövlət Universiteti
276-dan 300-ə qədər olan ali məktəblər
qrupuna daxil idi.
"Times Higher Education" jurnalının
redaktoru Fil Beyti reytinqin yekun cədvəlini belə şərh edib: "Rusiya üzrə nəticələr
birmənalı deyil. Rusiyanın ən yaxşı ali
məktəbi olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti dünyanın
200 ən yaxşı
universiteti siyahısından
kənarda qalmasına
və bu səbəbdən narahatlıq
doğurduğuna baxmayaraq,
o həmin siyahıya yaxınlaşıb. Əgər Rusiya
islahatlar kursunu və beynəlxalq inteqrasiya siyasətini daha sıx davam
etdirsə, biz ümid
edirik ki, onun çox yaxşı perspektivi var".
Eyni zamanda F.Beyti
başqa problemləri
də diqqətə çatdırıb. Məsələn, builki siyahıda
Sankt-Peterburq Universiteti
dünyanın 400 ən
yaxşı universiteti
siyahısından çıxarılıb.
Türkiyənin Orta Doğu Texniki Universiteti də "Times Higher Education" jurnalının siyahısında
201-225-ci yerləri tutan
ali məktəblər
qrupuna daxildir. Türkiyənin Bilkənd və
Koç universitetləri,
eləcə də Rusiyanın Moskva Dövlət Mühəndislik-Fizika
İnstitutu 226-250-ci yerlərdə
qərarlaşan universitetlər
siyahısındadır. Boğaziçi, İstanbul Texniki
universitetləri cədvəldə
276-dan 300-ə qədər olan universitetlər qrupunda qərarlaşıb.
Siyahıya 76 ABŞ universitetinin
daxil olmasına baxmayaraq, tədqiqatların
müəllifləri qeyd
edir ki, getdikcə tendensiya Şərqin xeyrinə dəyişir. Ötən illə müqayisədə
51 ABŞ universitetinin reytinqi
aşağı düşüb.
Bununla yanaşı, Çinin iki aparıcı ali
məktəbinin reytinqi
qalxıb, belə ki, Pekin Universiteti
yerini 49-cu sıradan
46-ya, Tsinxua Universiteti
isə 71-ci sıradan
52-yə dəyişib.
Yüksək gəlirliliyinə görə Sinqapur Milli Universiteti 40-cı yerdən 29-a, Nanyanq Texnologiya Universiteti isə 169-cu yerdən
86-cı yerə qalxıb.
Yaponiyanın Tokio Universiteti
siyahıda 27-ci yerdə
qərarlaşıb.
Onu da
qeyd edək ki, dünyanın aparıcı ali məktəblərinin reytinqinin
hazırlanması məqsədilə
2012-ci ildə akademik mühitdə təmsil olunan 16,6 min nəfər
respondent arasında sorğu
aparılıb, 50 milyon
sitat analiz edilib, ali məktəblərin
tədqiqatlardan əldə
etdiyi gəlirlərə,
tələbə və
müəllim nisbətinə,
eləcə də digər nüanslara diqqət yetirilib.
Böyük Britaniyanın “Times Higher Education” jurnalının 2012 ci il üzrə
dünya universitetlərinin
reytinqi
Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.6.