2012-ci ilin Nobel mükafatı laureatlarının adları açıqlanıb

 

Stokholmda İsveç Nobel Komitəsi ənənəyə uyğun olaraq  elm sahəsində 2012-ci il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel mükafatları Komitəsi məlumat yayıb. Hər il  oktyabrın ilk günlərində Nobel həftəliyi çərçivəsində tibb, fizika, kimya  və ədəbiyyat üzrə laureatların adları açıqlanır.  Oktyabrın 8-də ilk olaraq  İsveç Nobel mükafatları Komitəsi 2012-ci ilin tibb və fiziologiya  üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. İsveç Kral Akademiyasının qərarı ilə  bu ali mükafata gövdə hüceyrələri sahəsində əldə etdikləri inqilabi kəşflərə görə Böyük Britaniya alimi Con Gerdon və Yaponiya bioloqu  Sinya Yamanaka  layiq görülüblər. Yetkin hüceyrələri müvəffəqiyyətlə gövdə hüceyrələrinə yenidən  proqramlaşdırmağa nail olan alimlər qeyd ediblər ki, apardıqları elmi araşdırmaların məqsədi insan üçün onun dəri və qan hüceyrələrindən ehtiyat ürək, beyin və digər orqanların hissələrini yaratmaqdan ibarətdir. Onların qənaətincə, bu yolla  bir çox xəstəlikləri, o cümlədən ürək-damar, bir çox irsi və Alzheimer sindromu kimi ağır xəstəliklərin qarşısını almaq və  müalicə etmək mümkündür. 

1962-ci ildə Con Gerdon hüceyrə daxilində genetik informasiya daşıyan genləri yerləşdirməklə yeni embrion yaratmağa nail olub. 40 il sonra isə Sinya Yamanaka genetik informasiyanın yumurtaya yerləşdirilməsi əvəzinə  hüceyrənin bir növ yenidən "yığılması" texnologiyasını işləyib hazırlayıb. Alim dəri hüceyrəsinə 4 gen əlavə edərək onun əsasında  gövdə hüceyrəsi yarada bilib. Gövdə hüceyrəsi isə, öz növbəsində, orqanizmin müxtəlif orqanlarını əmələ gətirən hüceyrələrə çevrilə bilir. Nobel mükafatları Komitəsi bu nəticələri "inqilabi" bir nəticə kimi səciyyələndirib.

1993-cü ildə Böyük Britaniyada anadan olan  Con Gerdon 1972-ci ildən Kembric Universitetinin onun adını daşıyan Gerdon İnstitutunda çalışır. 1962-ci il təvəllüdlü  Sinya Yamanaka isə Yaponiyadakı Kyoto Universitetinin və Kaliforniyadakı Qledston İnstitutunun professorudur.  

Oktyabrın 9-da   İsveç Kral Akademiyası tərəfindən fizika sahəsində 2012-ci ilin Nobel mükafatı laureatlarının adları açıqlanıb. Bu sahədə yüksək elmi mükafata fransalı Serj Aroş və amerikalı Devid Cey Uaynlend layiq görülüblər. Onlar kvant sistemlərin ölçülməsinə və manipulyasiyasına imkan verən qabaqcıl eksperimental metodların kəşfinə və kvant hissəciklərinin işıq şüası və cismlə qarşılıqlı təsirinin öyrənilməsi, ölçülməsi və hesablanması, kvant optikası sahəsinə aid olan elmi işləri və məqalələrinə görə layiq görülüblər.  Alimlər bir-birlərindən xəbərsiz ayrı-ayrı hissəciklərin kvant-mexaniki xassələrini saxlamaqla onların ölçülməsi və manipulyasiyası üzrə metodları kəşf ediblər. Bu metodların kəşfi əvvəllər mümkünsüz hesab edilirdi. Alimlər kvant fizikası üzrə aparılan eksperimentlərin yeni dövrünün başlanğıcını qoyublar.  İsveç  Kral Akademiyası bildirib ki, alimlərin elmi işləri kvant sistemlərinin ölçülərini aparmağa  və tətbiq etməyə imkan verib. Adıçəkilən alimlərin tədqiqatları  kvant fizikasına əsaslanan yeni növ super sürətli kompüterlərin yaradılmasına yol açır. Bu sahədə aparılmış elmi araşdırmalar atom saatından daha dəqiq işləyə biləcək kvant saatının yaradılması və yeni, daha dəqiq vaxt standartlarına keçidin təmin edilməsinə şərait yaradacaq. Akademiya həmçinin bildirib ki, alimlərin bu araşdırması ifrat dəqiq saatın yaradılmasına və vaxtın yeni standartının müəyyən olunmasına əsas olacaq.

1944-cü ildə ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində anadan olmuş   Devid Cey Uaynlend Amerika Milli StandartlarTexnologiya İnstitutunda (NIST) çalışır. O, Kolorado Boulder Universitetinin əməkdaşıdır.  1978-ci ildə ilk dəfə ionların lazer vasitəsilə soyudulması texnologiyasını nümayiş etdirib. Onun bu işini davam etdirən digər alimlər - Uilyams Filipps, Stiv Çu, Klod Koen-Tanucci, eləcə də Erik Kornell, Volfqanq Keterle, Karl Viman müvafiq olaraq 1977 və 2000-ci illərdə Nobel mükafatına layiq görülüblər.

1944-cü ildə  Mərakeşin Kasablanka şəhərində anadan olmuş Serj Aroş hazırda Fransa  KollecininParis Ali Normal Məktəbinin  professorudur. Stenford, Harvard universitetlərində, Massaçusets Texnologiya İnstitutunda çalışıb. Alim 2009-cu ildə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin qızıl medalını alıb.

Oktyabrın 10-da  İsveç Kral Akademiyası kimya üzrə 2012-ci il Nobel mükafatına Amerikadan olan tibb professorları  Robert LefkoviçBrayan Kobilkanı layiq görüb. Onlar canlı  hüceyrələrin  reseptorlarının (G-protein cütləri reseptorları)  öyrənilməsi sahəsində tədqiqatlara görə ali  mükafata təqdim olunublar.  Nobel mükafatları Komitəsinin məlumatında qeyd olunur kı, alimlərin apardığı tədqiqat zülallı G-reseptorların quruluşu və fəaliyyəti barədə təsəvvür yaratmağa kömək edir. Mükafatın kimya və biologiyanın çarpazlaşma sahəsində edilmiş fundamental kəşflərə görə verildiyi qeyd olunur.  Akademiya bildirir ki, alimlər canlı hüceyrələr daxilində bioloji siqnalların ötürülməsində iştirak edən universal molekulların fəaliyyətini tədqiq ediblər.  Alimlərin əldə etdikləri nəticələr  bir sıra ağır xəstəliklərin müalicəsində həlledici əhəmiyyətə malik olan effektiv dərmanların işlənib hazırlanmasına kömək edə bilər. Həmkarları qeyd edirlər ki, LefkoviçKobilka hüceyrə reseptorlarının tədqiqi sahəsində əsl inqilab ediblər. 

Lefkoviç 1943-cü ildə Nyu-Yorkda anadan olub, hazırda Şimali Karolina ştatındakı Dyuk Universitetinin tibb mərkəzində işləyir.  Hovar Hyuz Tibb İnstitutunun professorudur. Onun həmkarı Kobilka 1955-ci ildə Minnesota ştatında anadan olub və hazırda Stenford Universitetinin tibb məktəbində çalışır.

Oktyabrın 11-də İsveç Kral Akademiyasının qərarı ilə ədəbiyyat sahəsində Nobel mükafatına Çin yazıçısı Mo Yan layiq görülüb. 57 yaşlı yazıçının əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Nobel mükafatları Komitəsindən verilən məlumata görə, yazıçı öz əsərlərində "müasir realizmi xalq nağılları, tarix və müasirliklə" əlaqələndirə bildiyinə görə ali mükafata layiq görülüb.

Laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq 2012-ci il dekabrın 10-da Alfred Nobelin anım günündə keçiriləcək.  Laureatlara mükafatın təsisçisinin əksi təsvir olunmuş qızıl medal, diplom və 8 milyon İsveç kronuya 1,2 milyon ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, mükafatlar 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.

 

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.1; 5.