Məktəbin iki idmançısı dünya çempionudur

  

Son illər respublikamızda hər sahədə olduğu kimi, idman sahəsində də sürətli inkişaf gedir. Ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edərək dövlətimizin bayrağını ucaldırlar. Belə idmançılar arasında adlarını fəxrlə çəkdiyimiz Bakıdakı 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri olan Kərim Cəfərov və Mikayıl  Rəhmanov öz uğurları ilə hamımızı sevindirir.

16 nömrəli UGİM-in direktoru Mərdan Quliyevdən aldığımız məlumata görə, 2005-ci ildən yunan-Roma güləşi üzrə məşqlərə başlayan Kərim Cəfərov hazırda yeniyetmələrdən ibarət milli komandanın üzvüdür. Qeyd edək ki, Kərimin məşqçi-müəllimi Akif Əliyevdir. Kərim Cəfərov respublikamızda keçirilən çoxlu sayda turnirdə də yüksək nəticələr əldə edərək beynəlxalq səviyyəli yarışlara qatılmışdır. Beynəlxalq yarışlarda da uğurlar qazanan gənc güləşçi bir çox turnirlərin qalibi olmuşdur. Belə ki, Kərim Serbiyada 2010-cu ildə, Polşada isə 2011-ci ildə keçirilmiş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatlarının 42 və 46 kq çəkidə qalibi olmuş, 2012-ci ildə isə Bakıda yeniyetmələr arasında yunan-Roma güləşi üzrə keçirilən dünya çempionatında 54 kq çəkidə I yerə layiq görülmüşdür.

UGİM-in digər yetirməsi Mikayıl Rəhmanov 2007-ci ildən adıçəkilən məktəbdə yunan-Roma güləşi üzrə məşqlərə başlayıb. Məşqçi-müəllimi Füzuli Tağıyev olan Mikayıl  Rəhmanov yeniyetmələrdən ibarət milli komandanın üzvüdür. Respublika və beynəlxalq yarışlarda 46 kq çəki dərəcəsində uğurlar qazanan Mikayılın ən böyük nailiyyəti isə bu il Bakıda yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə çıxaraq qızıl medal qazanmasıdır.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.7.