"Ölkədaxili turizmin inkişafı" layihəsinin təqdimatı oldu

 

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyi      Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi, Dünya Azərbaycanlı Gənclər Birliyi və "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin birgə həyata keçirdiyi "Ölkədaxili turizmin inkişafı" layihəsinin təqdimatı oldu.

Beynəlxalq turizm gününə həsr olunmuş mərasimdə bir sıra dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Verilən məlumata görə, bu layihə çərçivəsində Azərbaycanın mədəni irsinin qorunması və təbliği, ölkədaxili turizmin inkişafı, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı, vətənpərvərlik, milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, sülh və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Diyarşünaslıq və turizmi inkişaf etdirmək, yeniyetmə və gənclərdə vətənə, xalqa, milli mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini daha da gücləndirmək, ekoloji tərbiyəni formalaşdırmaq, onları azərbaycançılıq ruhunda tərbiyə etmək, bilik, bacarıq, ağıl və düşünmə qabiliyyətlərini üzə çıxarmaq, asudə vaxtlarını səmərəli keçirmək, turizm ustalıqları aşılamaq və dövlətimizə layiqli vətəndaş kimi yetişdirmək məqsədi ilə reallaşdırılan "Ölkədaxili turizmin inkişafı" layihəsi bir il müddətində - 2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək həyata keçiriləcək. Layihədə məktəblilər, tələbələr, müəllimlər və valideynlər iştirak edə bilər.

"Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Alik Məmmədov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramil Məmmədov və başqaları çıxışlarında layihənin əhəmiyyəti, qarşıya qoyulmuş məqsəd, layihə çərçivəsində görüləcək işlər, planına uyğun olaraq nəzərdə tutulan tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verdilər. 

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.7.