"Azərbaycan musiqi məktəbinin layiqli davamçılarından olacağam"

 

"Eşidəndə ki, Bolqarıstanda  gənc musiqiçilərin  "Ümid. İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsində mən də iştirak edəcəyəm, çox sevindim. Sevindim ki, 23 ölkədən 150 nəfərin  iştirak edəcəyi müsabiqədə  Azərbaycanı mən təmsil edəcəyəm...Və həmin mötəbər yarışmada professorlar Viktor Çuçkov (Bolqarıstan),Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) ibarət münsiflər heyətinin yekdil qərarı ilə  kiçik və orta qruplarda  "Qran-pri" nominasiyasında  birinci mükafata layiq görüldüm. Beynəlxalq müsabiqədə yüksək mükafata layiq görülməyimlə yanaşı, Almaniyada müasir dövrün  görkəmli musiqiçilərinin ustad dərslərində iştirak etmək imkanı da qazandım", - deyə müsahibim Murad Abbasov  son illərdə ölkəmizdə istedadlı uşaqlara  göstərilən diqqət və qayğını yüksək dəyərləndirdi. Fərəhlə bildirdi ki, ölkə Prezidenti İlham Əliyev cənablarının  müvafiq sərəncamına əsasən adı  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla, Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Qeyd edək ki, Murad Abbasov  1998-ci ildə Bakıda anadan olub. 2004-cü ildə  Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyası orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə  Ayişə Əliyevanın sinfinə daxil olub. 2006-cı ildə  "Məktəb-studiya-25" Uşaq musiqi  festivalının laureatı (II yer), 2007-ci ildə  Qara Qarayev adına gənc pianoçuların IV Bakı  musiqi müsabiqəsinin laureatı (II),  2008-ci ildə  Qara Qarayevin anadan olmasının  90 illiyinə həsr olunmuş "Gənc musiqiçilər təhlil ifa edir" I Respublika  elmi-ifaçılıq müsabiqəsinin qalibi,  2010-cu ildə  Qara Qarayev adına gənc   pianoçuların  I beynəlxalq elmi-ifaçılıq  müsabiqəsinin laureatı adına I yerə, eyni zamanda P.İ.Çaykovski adına  Moskva Dövlət Konservatoriyasının  medalına  YUNESKO tərəfindən xüsusi diploma layiq görülüb.

Murad Abbasov Bakıdakı  244 nömrəli tam orta məktəbin  Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının  orta ixtisas  musiqi məktəb-studiyasının  IX sinif şagirdidir. Təhsil aldığı ilk  günlərdən bilik bacarığı, istedadı ilə yaşıdlarından fərqlənən Murad  gələcəkdə Azərbaycan  musiqi məktəbinin parlaq davamçılarından biri olacağına söz verib. O, bizimlə söhbət  zamanı  istedadlı gənc yeniyetmələr adından Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə  onun xanımı, Heydər Əliyev Fondunun  prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkürünü ünvanladı.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 12 oktyabr.- S.7.