Uşaq  yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika  müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Uşaq  yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika   müsabiqəsi 2012-ci ilin noyabr ayında keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil  İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili  üçün müvafiq  tədbirlər görsünlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.

5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi  T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.  

6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi  (A.İbrahimov) müsabiqənin respublika mərhələsinin qaliblərinin əl işlərinin kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əmrin əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini  təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

16 oktyabr 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.2.