"Ən yaxşı ümumi təhsil müəssisəsi" və
"Ən yaxşı müəllim" müsabiqələrinin
Təşkilat Komitəsinin yekun iclası
Oktyabrın 13-də Təhsil Nazirliyində
"Ən yaxşı ümumi təhsil müəssisəsi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
Təşkilat Komitəsinin yekun iclası oldu.
İclası açan təhsil naziri, Təşkilat
Komitəsinin sədri Misir Mərdanov son beş ildə hər
iki müsabiqənin uğurla keçirildiyini diqqətə
çatdırıb. Bu il də həmin işin öhdəsindən
layiqincə gəldiklərinə, müəyyən olunmuş
qaydaya əsasən müsabiqə qaliblərinin seçilməsi
prosesinin obyektivlik və şəffaflıq şəraitində
həyata keçirilməsinə görə Təşkilat
Komitəsinin üzvlərinə təşəkkürünü
bildirən nazir onların bir neçəsinin adını
xüsusi qeyd edib zəhmətlərini yüksək qiymətləndirdi.
Təhsil naziri qeyd etdi ki, hər bir
müsabiqə 3 mərhələdən ibarət olmaqla sonda Təşkilat
Komitəsinin iclasında təqdimatının qiymətləndirilməsi
ilə başa çatıb. Bildirildi ki, bu müsabiqələr
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış çoxsaylı təhsil layihələrindən
biri olmaqla yüksək qiymətə layiq bir layihədir. Ona
görə ki, bu layihənin həyata keçirilməsi
müəllimlər və məktəb direktorları
arasında inkişafa yönəlmiş rəqabəti artırmışdır.
Təşkilat Komitəsinin üzvlərindən
birinin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun bu
günlərdə 60 yaşının tamam olduğunu
xüsusi diqqətə çatdıran nazir onu nazirliyin
bütün heyəti adından təbrik etdi.
Sonra təhsil naziri ötən dərs
ili üzrə keçirilən "Ən yaxşı
ümumi təhsil müəssisəsi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin
yekunlarını, seçimlə bağlı məqamları
ekranda əks olunan görüntülər vasitəsi ilə tədbir
iştirakçılarının diqqətinə
çatdırdı.
Nazir əvvəlcə "Ən
yaxşı ümumi təhsil müəssisəsi"
müsabiqəsinin yekunları barədə məlumat verdi.
Qeyd etdi ki, müsabiqədə iştirak üçün
respublikanın əksər bölgələrini təmsil edən
151 məktəb Təşkilat Komitəsinə müraciət
etmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də
iştirakçılar arasında Bakı şəhərinin
məktəbləri üstünlük təşkil etmiş,
151 məktəbdən 53-ü (35,1 faiz) Bakı şəhərinin
məktəbləri olmuşdur. Qalan 98 məktəb isə 42
kənd rayonu (88 məktəb) və 3 şəhəri (10 məktəb)
təmsil etmişdir.
Sonra məktəbləri müsabiqədə
iştirak üçün müraciət edən rayonların
adları açıqlandı. Qeyd olundu ki, 151 məktəbin
təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən
sonra 111 məktəb müsabiqənin II mərhələsinə
buraxılmışdır. Onlardan da 45-i Bakı şəhərinin,
qalanları isə respublikanın digər şəhər və
rayonlarının məktəbləridir.
Müsabiqənin hər üç mərhələsinin
yekunlarına görə 47 məktəbin qalib hesab edildiyini
söyləyən təhsil naziri onlardan 20-nin Bakı şəhərinin,
3-nün Sumqayıt şəhərinin, 3-nün
İsmayıllı rayonunun, hər birindən 2 məktəb
olmaqla Gəncə, Şəki, Bərdə, Şirvan, hər
birindən 1 məktəb olmaqla Tovuz, İmişli, Zaqatala, Qazax,
Qax, Quba, Abşeron rayonlarının məktəbləri
olduğunu bildirdi.
İclasda həmçinin qaliblərin
siyahısında toplanmış ballara görə ilk 10 yeri
tutan məktəblərin adları açıqlandı, qalib
məktəblərin göstərdiyi nəticələr diqqətə
çatdırıldı. Bildirildi ki, II mərhələdə
Sumqayıt şəhərindən 24, 15, 14 nömrəli tam
orta məktəblər, Bakı şəhərindən 189, 9
nömrəli tam orta məktəblər, Xaçmaz şəhər
akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-lisey,
Şəki şəhər 10, 5 nömrəli tam orta məktəblər,
Ağstafa şəhər texniki-humanitar təmayüllü
lisey, Zaqatala rayon Aşağı Tala kənd 1 nömrəli
tam orta məktəbləri fərqlənmişdir.
Nazir dedi ki, Bakı şəhər 16,
36, 60, 266, Ağstafa şəhər texniki-humanitar təmayüllü
lisey, Şəki şəhər 5, Gəncə şəhər
44 nömrəli ingilis dili təmayüllü bağça-məktəb-lisey
kompleksi, Gəncə şəhər 21 nömrəli,
İsmayıllı rayonu S.Həsənov adına Qubaxəlilli
kənd, Sumqayıt şəhər M.Füzuli adına 15
nömrəli tam orta məktəblərin direktorlarının
təqdimatları maraqla qarşılanmış və onlara
yüksək bal verilmişdir.
Nazir eyni zamanda builki müsabiqədə
Mingəçevir və Naftalan şəhərlərindən,
Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən,
Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy,
Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd,
Şuşa rayonlarından iştirak üçün
müraciət edən məktəblərin olmamasını təəssüf
doğuran hal sayıb bu barədə düşünmək
lazım gəldiyini söylədi.
Daha sonra təhsil naziri Misir Mərdanov
"Ən yaxşı müəllim" müsabiqəsi
üzrə bir sıra məlumatları diqqətə
çatdırdı. Bildirdi ki, müsabiqədə iştirak
etmək üçün 464 nəfər müəllim sənəd
təqdim etmişdir ki, bu da ötən ilə nisbətən
39 nəfər çoxdur. Müsabiqə şərtlərinə
uyğun gəlmədiyi üçün 8 nəfərin sənədləri
qəbul edilməmişdir. Nəticədə 456 nəfərin
sənədləri ekspertizadan keçirilmiş, daha çox
bal toplayan 231 nəfər növbəti mərhələdə
iştirak etmək hüququ qazanmışdır. Obyektiv səbəblərdən
3 nəfər ikinci mərhələyə gələ bilməmişdir.
Təhsil naziri müsabiqələrin
ikinci mərhələsinin gedişi barədə də məlumat
verərək bildirdi ki, bu mərhələdə müəllimlərin
sınaq dərslərinin təşkili üçün
Bakı şəhərində 21 məktəb müəyyənləşdirilmiş,
nazirliyin müvafiq əmri ilə fənlər üzrə
müəllimlərin say nisbəti nəzərə
alınmaqla 88 nəfərdən ibarət 17 fənn
komissiyası yaradılmışdır.
Müsabiqənin ikinci mərhələsi
2012-ci il fevralın 21-də başlanıb aprelin 9-da
yekunlaşdırılmışdır. Hər bir sınaq dərsi
videolentə alınmış, dərs bitdikdən dərhal
sonra onun müzakirəsi aparılmış, Təşkilat
Komitəsində razılaşdırılmış 12
göstərici üzrə qiymətləndirilmişdir.
Nazir onu da diqqətə
çatdırdı ki, müsabiqələrin
üçüncü mərhələsində
üzürlü səbəbdən
13 nəfər iştirak edə bilməmiş, yekun mərhələdə
214 müəllimin təqdimatı dinlənilib qiymətləndirilmişdir.
Hər üç mərhələnin balları əsasında
müəllimlərin yekun balı müəyyən edilmiş
və ən yüksək nəticə göstərən 95 nəfər
müəllim qalib hesab olunmuşdur.
Qaliblərdən 51-i (53,58 faiz) Bakı
şəhəri, 15-i nazirlik nəzdindəki müəssisələr,
3-ü Sumqayıt şəhəri, 3-ü
İsmayıllı, 2-si BSU nəzdindəki məktəb-lisey
kompleksi, hər birindən 2 nəfər olmaqla Mingəçevir
şəhəri, Qusar, Bərdə rayonları və hər
birindən 1 nəfər olmaqla Abşeron, Qazax, Tovuz, Zaqatala,
Astara, Ucar, Şəmkir, Şamaxı, Ağdam, Cəlilabad, Tərtər
rayonları, Gəncə şəhəri, Avropa-Azərbaycan məktəbi,
Bakı xoreoqrafiya məktəbi və Bülbül adına
orta ixtisas musiqi məktəbini təmsil edir. Onlardan 29-u ibtidai
sinif, 19-u Azərbaycan dili və ədəbiyyat, 11-i ingilis
dili, 7-si kimya, 6-sı biologiya, 5-i riyaziyyat, 4-ü informatika,
3-ü tarix, 3-ü musiqi, 2-si rus dili və ədəbiyyatı,
hər birindən bir nəfər olmaqla fizika, coğrafiya,
fransız dili, çağırışaqədər
hazırlıq, fiziki tərbiyə və təsviri incəsənət
müəllimləridir.
Nazir həmçinin sınaq dərsləri
və təqdimatları ən yüksək balla qiymətləndirilmiş
müəllimlərin də adlarını çəkdi.
Tədbirdə "Ən yaxşı
ümumi təhsil müəssisəsi" müsabiqəsinin
qalibi olmuş 47 məktəbin rəhbərinə sertifikatlar,
"Ən yaxşı müəllim" müsabiqəsində
qalib gəlmiş 95 müəllimə isə vəsiqələr
təqdim edildi.
Sonda təhsil naziri tədbir
iştirakçılarına daha bir sevindirici xəbər verərək
bildirdi ki, oktyabrın 1-dən 6-a kimi Rusiya Federasiyasının
Anapa şəhərində boks üzrə məktəblilərin
Avropa çempionatı keçirilib. Yarışda 25 ölkə
üzrə 200-ə qədər boksçu mübarizə
aparıb. Yarışda müxtəlif çəki dərəcəsində
qüvvəsini sınayan 13 boksçumuzdan 5-i medal qazanıb.
Nazir qalib şagirdləri və onların
məşqçilərini təbrik edərək onlara daha
böyük uğurlar arzuladı.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.2.