"Məktəbdaxili qiymətləndirmə:
problemlər və qarşıda duran vəzifələr"
mövzusunda müşavirə
Oktyabrın 12-də Təhsil
Nazirliyində "Məktəbdaxili qiymətləndirmə:
problemlər və qarşıda duran vəzifələr"
mövzusunda müşavirə keçirildi. Tədbirdə
nazirliyin şöbələrinin və müvafiq struktur
bölmələrinin rəhbərləri, Sumqayıt Şəhər
Təhsil Şöbəsinin və Abşeron Rayon Təhsil
Şöbəsinin əməkdaşları, Bakının
ümumtəhsil məktəblərinin direktorları və
müəllimlər iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov tədbiri
açaraq iştirakçıları salamladı. Ölkəmizdə
artıq 5-ci ildir ki, kurikulum islahatlarının
aparıldığını deyən nazir bu islahatların tərkib hissəsi
olan məktəbdaxili qiymətləndirmə ilə
bağlı görülən işlərdən söz
açdı. Qeyd etdi ki, müvafiq qurumların əməkdaşları
bu məsələyə çox ciddi diqqət yetirirlər.
Dörd il ərzində məktəbdaxili
qiymətləndirmə ilə bağlı müəllimlər
üçün təlimlərin təşkil edildiyini,
monitorinqlərin aparıldığını diqqətə
çatdıran təhsil naziri bildirdi ki, bu sahədə
müəyyən uğurlar əldə olunub. Lakin unutmaq olmaz
ki, söhbət 150 mindən çox müəllimin bu işə
cəlb olunmasından gedir. Kurikulum islahatının uğurla
davam etdirilməsi məktəbdaxili qiymətləndirmənin
müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx
bağlıdır.
Ölkəmizin
hər yerində bu işin
yüksək səviyyədə təşkilinin zəruri olduğunu vurğulayan Misir Mərdanov qarşıda duran
vəzifələr haqqında
danışdı. Nazir qeyd
etdi ki, bu günlərdə işçi
qrupu yaradılmalı, qrupun
üzvləri qısa müddət ərzində xarici ölkələrin
təcrübəsini öyrənməli,
araşdırmalı, ölkəmizin 4 illik
təcrübəsini də nəzərə almaqla
bütövlükdə formativ qiymətləndirmə
ilə bağlı nazirliyin tövsiyələrini
hazırlayaraq yerlərə çatdırmalıdır.
Sonra Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri Təranə
Hacıyeva "Məktəbdaxili qiymətləndirmə:
problemlər və qarşıda duran vəzifələr"
mövzusunda təqdimatı tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Öncə
yeni qiymətləndirməyə keçid və yeni qiymətləndirmə
sisteminin hüquqi əsasları
haqqında məlumat verən natiq bildirdi ki, 2003-cü ildə
beynəlxalq təşkilatların köməyi və
tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin
yeni nəzəriyyəsi və icra mexanizmlərinin hazırlanmasına
başlanılmış və 2008-2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sistemi
tətbiq olunmuşdur. Beynəlxalq
və müəyyən qədər yerli
təcrübə əsasında "Azərbaycan
Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" hazırlanmış və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli,
9 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Konsepsiyada məktəbdaxili qiymətləndirmənin
tərkib hissələrinin (diaqnostik, formativ və summativ)
prinsipləri, əsas xüsusiyyətləri və mexanizmi təsbit olunmuşdur.
Daha sonra təqdimatda dünya
təcrübəsində yeni qiymətləndirmə,
məktəbdaxili qiymətləndirmənin tərkib hissələri,
ənənəvi və yeni qiymətləndirmənin
səciyyəvi cəhətləri, formativ
qiymətləndirmə, bu qiymətləndirmənin
nəzəri əsasları, dünya ədəbiyyatında
formativ
qiymətləndirmə, dünyanın məşhur
pedaqoqlarının bununla bağlı
fikirlərindən bəhs olundu. 2010-2011 və
2011-2012-ci dərs ilində yeni qiymətləndirmə
sisteminin tətbiqi ilə bağlı
monitorinqlərin keçirildiyini deyən
Təranə Hacıyeva araşdırmaların nəticələrini
iştirakçıların diqqətinə
çatdıraraq qeyd etdi
ki, bu sahədə
qarşıya çıxan çətinliklərin və mövcud problemlərin aradan
qaldırılması məqsədilə bir
sıra zəruri tədbirlər həyata keçirilmişdir.
V siniflərdə dərs deyən müəllimlər
üçün keçirilən təlimlərdə
təlim materialının qiymətləndirmə hissəsi daha da təkmilləşdirilmiş
və təlimlərin monitorinqi keçirilmiş, məktəbli
kitabçası və formativ qiymətləndirməyə
uyğunlaşdırılmış, formativ
qiymətləndirmə jurnalının tərtib edilməsi
üçün işçi
qrupu yaradılmış, jurnal
layihə şəklində Bakı, eləcə də Gəncə,
Lənkəran və Bərdə məktəblərində ibtidai sinif müəllimləri
tərəfindən sınaqdan keçirilmişdir.
Sınaqdan keçirilmiş
formativ qiymətləndirmə jurnalı daha da təkmilləşdirilərək
çap edilmiş və
2012-2013-cü dərs ilində istifadə üçün
məktəblərə paylanılmışdır. İbtidai təhsil səviyyəsi və V
sinifdə tədris olunan fənlər
üzrə müxtəlif qiymətləndirmə vasitələrindən
ibarət vəsait hazırlanmış və çap olunmuşdur.
Növbəti
bir neçə slaydda
formativ qiymətləndirmə jurnalı nümayiş etdirildi və
jurnaldan istifadə qaydaları, əsas
xüsusiyyətlər, meyarlar üzrə
qeydiyyatın aparılması və s. haqqında
geniş məlumat verildi.
Daha sonra
təqdimatda qiymətləndirmə sahəsində mövcud problemləri diqqətə
çatdıran natiq onların aradan qaldırılması istiqamətində
həyata keçiriləcək tədbirlərdən söz açdı. Bildirdi
ki, bu məqsədlə
müəllim fəaliyyətinin monitorinqinin,
formativ qiymətləndirmənin və onun jurnalda qeydiyyatının
aparılmasını təmin edən monitorinqlərin
keçirilməsi, Təhsil Nazirliyinin
tövsiyələri əsasında yerli təhsili
idarə edən orqanlar və məktəb
müəllimlərindən ibarət xüsusi
komissiya tərəfindən summativ qiymətləndirmə vasitələri
bankının yaradılması, formativ
qiymətləndirmədə valideynlərlə əməkdaşlıq
qiymətləndirmə üsuluna üstünlük verilməsi nəzərdə
tutulub.
Məruzəçi
təqdimatın sonunda bu
məsələ ilə bağlı təkliflərini verdi.
Tədbirdə
çıxış edən Təhsil Nazirliyinin
Kənd rayonları üzrə ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov,
Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova
və digərləri müzakirə olunan
məsələ
ilə bağlı fikirlərini bildirərək təkliflərini
səsləndirdilər.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.2.