Təhsil Nazirliyində ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim olundu

 

Oktyabrın 13-də Təhsil Nazirliyində ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində medal və fəxri ada layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirildi.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində "Tərəqqi" medalı və "Əməkdar müəllim" fəxri adı ilə təltif olunduğunu, bugünkü mərasimdə  məhz həmin mükafatların öz sahiblərinə təqdim ediləcəyini bildirdi. Ulu öndər Heydər Əliyevin hər zaman təhsilə önəm verdiyini, müəllim əməyini yüksək dəyərləndirdiyini, təhsil işçilərinə xüsusi hörmətlə və ehtiramla yanaşdığını deyən nazir dahi şəxsiyyətin müəllim haqqında söylədiyi qiymətli fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırdı.

Nazir Misir Mərdanov təhsil sahəsində əldə olunan uğurlara toxunaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğıdan danışdı.

Müəllimlik peşəsinin şərəfli, eyni zamanda çətin və məsuliyyətli  olduğunu qeyd edən təhsil naziri bununla bağlı fikirlərini mərasim iştirakçıları ilə bölüşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı təhsil işçilərinin əməyinin hər zaman  layiqincə qiymətləndirildiyini söyləyən nazir Misir Mərdanov son illərdə fəxri admedallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdırdı, mükafatlandırılan təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirdi.

Nazir Misir Mərdanov qeyd etdi ki, ölkə başçısının sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə  görə 58 təhsil  işçisi "Tərəqqi" medalı ilə təltif olunub, 65 nəfərə "Əməkdar müəllim" fəxri adı verilib.

Çıxışının sonunda təltif olunan bütün təhsil işçilərini təbrik edən təhsil naziri onlara ən xoş istəklərini çatdırdı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı  Səttar Mehbalıyev dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin ildən-ilə artdığını deyərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən ölkə təhsilinin inkişafına, təhsil işçilərinə göstərilən qayğıdan söz açdı. Səttar Mehbalıyev əməyi dövlət başçısı tərəfindən qiymətləndirilən təhsil işçilərini təbrik edərək, onlara yeni-yeni uğurlar arzuladı.

Sonra təltif olunanlara mükafatlar təqdim edildi, xatirə şəkli çəkdirildi.

Mərasimdə "Əməkdar müəllim" fəxri adına layiq görülən Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov çıxış edərək  təltif olunan təhsil işçiləri adından onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

 

 

Samirə KƏRİMOVA 

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.3.