İzmirdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin tikintisi başa çatıb

 

Ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ''Star'' neft emalı zavodu ilə eyni vaxtda təməli qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanmış məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş bu liseyin tikintisi olduqca qısa müddət ərzində, cəmi 270 günə başa çatdırılmışdır. Liseyin tikintisi davam edərkən burada təhsil almaq istəyən şagirdlər üçün müsabiqə elan edilmiş 180 nəfər seçilmişdir. Gələcəkdə şagirdlərin sayının 720 nəfərə çatdırılması planlaşdırılır.

"SOCAR-Türkiyə Enerji" şirkətinin prezidenti "Petkim" neft-kimya holdinqinin idarə heyətinin üzvü Kənan Yavuz ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil sahəsində ən önəmli simvoluna çevriləcəyini bildirmişdir.

K.Yavuz qeyd etmişdir ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi hazırda Türkiyənin ən gözəl modern təhsil ocaqlarından biridir. Liseydə təhsil alan şagirdlər tədris prosesində istehsalat praktikasına cəlb ediləcək, ən bacarıqlı məzunlar isə SOCAR-ın Türkiyə Azərbaycanda həyata keçirdiyi layihələrdə işlə təmin olunacaqlar.

Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi 22 hektar ərazidə kampus sisteminə uyğun qurulmuşdur. 216 şagird üçün pansionat tipli yataqxana 300 nəfərlik konfrans zalına malik liseyin sinif otaqları müasir texniki avadanlıqlarla təchiz edilmişdir.

 

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.1.