Şamaxıda 5 yeni məktəb binası müəllim və
şagirdlərin ixtiyarına verilib
Şamaxı Rayon Təhsil Şöbəsinin
müdiri Səadət Veysovadan aldığımız məlumatda
bildirilir ki, 2012-2013-cü dərs ilində Dövlət
Proqramına müvafiq olaraq rayonun Göylər kənd 2
nömrəli tam orta məktəbi üçün 360, Təhsil
Nazirliyinin sifarişi ilə II Çaylı kənd tam orta məktəbi
üçün 80, rayon icra hakimiyyətinin sifarişi ilə
Həmyəli kənd tam orta məktəbi
üçün 180 və Kərkənc
kənd tam orta məktəbi üçün 80, Sosial
İnkişaf Fondu hesabına isə Qonaqkənd kənd tam
orta məktəbi üçün
80 şagird yerlik yeni məktəb binaları tikilərək
bu il sentyabrın 15-də müəllim və şagirdlərin
istifadəsinə verilib.
Müasir tələblərə cavab verən
binaların hər biri istilik sistemi ilə təchiz edilib,
bütün lazımi inventar və texniki avadanlıqlarla tam təmin
olunub.
Yeni məktəblərin
açılış mərasimlərində
çıxış edənlər Prezident İlham Əliyevin
ölkəmizdə təhsilin inkişafına diqqət və
qayğısından, bu sahədə həyata keçirilən
çoxsaylı layihələrdən danışıblar.
Eyni zamanda çıxışlarda Heydər
Əliyev Fondunun bu sahədə xidmətlərindən də
geniş bəhs edilib. Qeyd olunub ki, son beş ildə
Şamaxıda bu gün istifadəyə verilən beş təhsil
ocağı da daxil olmaqla 18 məktəb üçün yeni
bina tikilib. Bu məktəb binalarından beşi Heydər Əliyev
Fondunun təşəbbüsü ilə inşa edilib.
Hazırda rayonun Böyük
Xınıslı və Cabanı kənd ümumi orta məktəbləri
üçün hər biri 80 şagird yerlik olmaqla yeni məktəb
binalarının tikintisinə başlanılıb. Həmin
binaların 2013-cü ildə istifadəyə verilməsi nəzərdə
tutulub.
Ölkəmizdə, o cümlədən
Şamaxı rayonunda təhsildə qazanılan uğurları
regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramının ardıcıl həyata keçirilməsinin
nəticəsi kimi qiymətləndirən natiqlər bölgələrdə
təhsilin inkişafına, onun maddi-texniki bazasının
möhkəmləndirilməsinə göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə,
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.1.