Beynəlxalq türk xalqları uşaq
ədəbiyyatı konfransı keçirildi
11-13 oktyabr 2012-ci il tarixində Qafqaz
Universitetində II Beynəlxalq Turk xalqları uşaq ədəbiyyatı
konfransı keçirildi. Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi,
"Çağ" Öyrətim İşlətmələri
Qafqaz Universiteti, Turkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə
təşkil olunmuş konfransda 9 ölkədən nümayəndələr
-alimlər, şairlər, yazıçılar və uşaq
jurnallarının redaktorları, eyni zamanda 27 universitetdən
elm adamları iştirak edirdilər.
Konfransın oktyabrın 11-də
keçirilən açılış tədbiri vətən
uğrunda mübarizələrdə şəhid olanların
xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Azərbaycanla
Türkiyənin dövlət himnlərinin səsləndirilməsi
ilə başladı. Sonra açılış sözü söyləyən
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç nümayəndələri
salamlayaraq bu mövzuda ilk konfransın 2008-ci ildə
keçirildiyini bildirdi. Qeyd etdi ki, birincidə olduğu kimi bu
konfransda da məqsəd milli, mənəvi, mədəni dəyərlər
və millətlərin gələcəyi baxımından həyatın
bütün mərhələlərində böyük əhəmiyyət
kəsb edən uşaqların təlimində və xarakterlərinin
formalaşmasında əvəzsiz rol oynayan uşaq ədəbiyyatına
diqqəti cəlb etmək, türk xalqlarının mövzu
ilə əlaqədar klassik və çağdaş əsərlərini
tanıtmaq, türk xalqları arasında bu günədək
görülmüş işlərin təbliğinə,
inkişafına, ortaq bir müstəviyə
daşınmasına nail olmaq, bu sahədə müştərək
cəhətləri müəyyənləşdirmək,
yazılmış yeni əsərlər və onların
müəlliflərinin tanıdılmasına səy göstərmək,
yazıçı və şairləri türk
toplumlarının ortaq dəyərlərini əks etdirən əsərlər
qələmə almağa təşviq etmək, 2008-ci ildə
keçirilmiş ilk konfransın nəticələrini təhlil
edərək yeni vəzifə və hədəflər müəyyənləşdirməkdir.
Rektor birinci konfransda olduğu kimi bu konfransda da təqdim
olunmuş məruzələrin kitab şəklində
çap olunaraq iştirakçılara
paylanacağını, Türkiyədə çap olunmuş
2 hekayə kitabının Azərbaycan dilinə çevrilərək
çap edildiyini diqqətə çatdırdı. Bildirdi ki,
konfransda 37-si xarici ölkələrdən olmaqla bütövlükdə
95 məruzə təqdim ediləcəkdir.
Professor A.Saniç gələcəyimizin
təminatı olan uşaqların tərbiyəsində ədəbiyyatın
mühüm rol oynadığını vurğulayıb,
onların bu ədəbiyyatla təmin olunmasında uşaq
yazarlarının, təlim-tərbiyə müəssisələrinin,
valideynlərin üzərinə ciddi vəzifələr
düşdüyünü söylədi və
"Uşağınızı sevirsinizsə ona bir kitab hədiyyə
edin, əgər çox sevirsinizsə iki kitab hədiyyə
edin" hikmətli kəlamını misal gətirdi.
Rektor universitetləri haqqında da məlumat
verib, onun fəaliyyətə başlamasının iyirminci
ilinin sevincini yaşadıqlarını, bu dövr ərzində
ümummilli lider Heydər Əliyevdən, Prezident İlham Əliyevdən,
Təhsil Nazirliyindən, Azərbaycan və Türkiyə
dövlət işçiləri və xalqından ən
yüksək səviyyədə dəstək və himayə
gördüyünü, ilk illərdəki coşqu ilə
etimada sədaqətlə dünya universiteti olma yolunda
uğurla irəliləməyə davam etdiyini diqqətə
çatdırdı və tədbirin təşkilində
sponsorluq etmiş qurumlara minnətdarlığını
bildirib, konfransın işinə uğurlar arzuladı.
Konfransda təbrik nitqi söyləyən
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
iştirakçıları salamlayıb, konfransın Azərbaycanın
tarixində önəmli rol oynayacağına ümid etdiyini
söylədi. Belə bir konfransın Qafqaz Universitetində
keçirilməsini yüksək qiymətləndirən nazir
bu ali məktəbin təxminən Azərbaycanın müstəqilliyi
ilə yaşıd olduğunu konfrans
iştirakçılarının, xüsusən də
qonaqların diqqətinə çatdırdı. Bildirdi ki,
Qafqaz Universiteti özəl ali təhsil
müəssisəsi olaraq Azərbaycanda nümunəvi və ən
öndə gedən bir təhsil ocağına çevrilmişdir.
Təkcə Qafqaz Universiteti deyil, "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycanda
qurduğu liseylər də ölkəmizin təhsil sistemində
nümunə olan məktəblərdir. Bütün bunlara
görə nazir "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin əməkdaşlarına
təşəkkürünü bildirdi.
Konfransda uşaq ədəbiyyatı ilə
bağlı dəyərli çıxışlar
olacağına əminliyini bildirən Misir Mərdanov tədbirin
türk xalqlarının çoxsaylı nümayəndələrini,
alimləri bir araya gətirib görüşdürmək
baxımından da mühüm əhəmiyyət kəsb
etdiyini söylədi və təşkilatçılara minnətdarlığını
bildirdi, belə konfransların ənənəvi keçirilməsini
arzu etdi.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar, Türkiyə
Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət
müşaviri Seyid Ahmet Aslan da təbrik çıxışları
edərək konfransın əhəmiyyətini
vurğulayıb, işinə uğurlar arzuladılar.
Xalq artisti Ağadadaş Ağayev
konfrans iştirakçılarını mahnılarla
salamladı. Təşkilatçılar adından
konfransın qızıl sponsorları olan Azərbaycan Amerika
Alyansı və "Azərsun" Holdinq şirkətinə,
gümüş sponsorları olan Türk İşbirliyi və
Kordinasiyon Alyansı Başkanlığına, "Ulduz"
Şokolad Fabrikinə, Kaynan Kultur Yayın qrupuna və
"Baksell"ə plaketlər təqdim olundu. Firudin bəy
Köçərli adına Uşaq Kitabxanasının
üzvləri olan Bakıdakı 190 nömrəli tam orta məktəbin
şagirdləri konfrans iştirakçıları
qarşısında maraqlı bədii proqramla
çıxış etdilər.
Açılış mərasimindən
sonra Qafqaz Universiteti türk dili və ədəbiyyatı
kafedrasının müdiri, professor Ömer Okumuş bəyin
rəhbərliyi ilə konfransın plenar iclası
keçirildi. İclasda professor Qara Namazov, uşaq ədəbiyyatı
yazıçısı Bestami Yazğan çıxış
etdilər.
Konfransın ikinci iş günü
keçirilən bölmə iclaslarında 90-dan çox məruzə
dinlənildi. Həmin günün sonunda isə yekun iclas oldu.
Konfransın üçüncü
günü Asiya ölkələrindən və Türkiyədən
gələn elm adamları Bakı şəhəri ilə
tanış olub tarixi məkanlara baxdılar. Bununla da II Beynəlxalq
türk xalqları uşaq ədəbiyyatı konfransı
öz işini başa çatdırdı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.3.