BPKİYİ-də "Azərbaycan
dövlət müstəqilliyinin 21 ili: reallıqlar və
perspektivlər" mövzusunda elmi-praktik konfrans
Oktyabrın 18-də Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda Binəqədi Rayon İcra Hakimiyyəti ilə
birgə "Azərbaycan dövlət müstəqilliyinin 21
ili: reallıqlar və perspektivlər" mövzusunda
elmi-praktik konfrans keçirilib. Azərbaycanın dövlət
müstəqilliyinin 21-ci ildönümünə həsr
olunmuş konfrans başlamazdan öncə Dövlət himni səsləndi.
Konfransı giriş sözü ilə
açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov "Azərbaycanda
elm və təhsil müstəqillik illərində"
adlı məruzə etdi. Bildirdi ki, bu gün biz sizinlə bərabər
Azərbaycanımız, xalqımız, millətimiz
üçün, hər bir vətəndaşımız
üçün çox müqəddəs və şərəfli
bir günün işığına
yığışmışıq - 18 Oktyabr - Dövlət
Müstəqilliyi Gününün işığına...
Tarixdən bildiyiniz kimi, 1918-ci il
mayın 28-də Azərbaycan
Demokratik Respublikası təsis edildi. O vaxtdan
başlayaraq Azərbaycan Demokratik Respublikasını
dünyanın xarici dövlətləri də
tanıdılar. Amma bu müstəqilliyimizin tarixi çox
çəkmədi. Cəmi 23 ay ömür sürdü. Bu 23
ay qədim tarixi üçün ani bir zaman kəsiyi olsa da,
bu dövr, xalqımızın milli şüurunun
formalaşmasında mühüm bir mərhələ idi.
1920-ci ildə bolşevik təcavüzünə
məruz qalan xalqımız yenidən rus imperiyasının əsarəti
altına düşdü, - deyən A.Zamanov qeyd etdi ki, beləcə
Azərbaycan düz 71 il sovet imperiyasının müstəmləkəsi
oldu. Həmin dövrlərdə xalqımızın
hüquqları tapdandı, torpaqları əlindən
alındı. Azadlıq mücahidləri, minlərlə
günahsız soydaşımız kütləvi təzyiq və
repressiyaların qurbanına çevrildi. Lakin Azərbaycan
xalqı çətin sınaqlardan çıxaraq əsrin
sonunda itirilən müstəqilliyinin qaytarılması
uğrunda mübarizəyə qalxdı, qanı bahasına
olsa da, azadlığını qazandı. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi elan edildi.
Rektor çıxışına davam edərək
bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti
Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktını qəbul etdi. Bununla da Azərbaycanın tarixində
yeni dövrün təməli qoyuldu.
A.Zamanov sonra qeyd etdi ki, məmləkətimizin
bu müstəqilliyini dünya dövlətləri
tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci
il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra
Rumıniya, Pakistan, İsveçrə, İran, Amerika Birləşmiş
Ştatları, Rusiya və başqa dövlətlər
tanıdı.
Azərbaycanın 2 mart 1992-ci ildə
BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə
de-fakto tanınmasına başlandı. Lakin müstəqilliyini
qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək
təhlükəsi ilə üzləşdi. Bir tərəfdən
Ermənistan silahlı qüvvələrinin təcavüzü
nəticəsində geniş miqyas almış birinci
Qarabağ müharibəsi, digər tərəfdən isə
daxildə gedən siyasi çəkişmələr,
separatçılıq hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini
reallaşdırdı.
Natiq bildirdi ki, uzaqgörən siyasi
xadim, ümummilli lider Heydər Əliyevin ölkədə
hakimiyyətə qayıdışı ilə bu təhlükə
sovuşdu. Amma bu müstəqilliyi möhkəmləndirmək
üçün Heydər Əliyev yeni neft
strategiyasının nəticəsi kimi təzahür edən
"əsrin müqaviləsi"ni imzaladı və bununla Azərbaycanın
dünya iqtisadiyyatı sistemindəki yerini müəyyənləşdirdi.
Qeyri-neft sektorunu da sürətlə inkişaf etdirdi. Azərbaycanın
gələcək inkişaf yolunu məhz Heydər Əliyev
müəyyənləşdirdi. İndi müstəqilliyimizin
siyasi və iqtisadi sütunları
getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi
sarıdan heç bir narahatlığı yoxdur. Müstəqilliyin
taleyini müəyyənləşdirən əsas amillər
qorunub saxlanır, inkişaf etdirilir. Dahi lider Heydər Əliyev
siyasətini uğurla davam etdirən, məmləkətimizin
dünya dövlətləri sırasında öncül yerlərdən
birini tutması, müstəqilliyimizin qorunması və daha da
möhkəmlənməsi üçün dövlət
başçımız cənab İlham Əliyev səylə
çalışır.
Çıxışının sonunda
A.Zamanov Dövlət Müstəqilliyi bayramı münasibəti
ilə bütün Azərbaycan xalqını və eləcə
də təhsil işçilərini təbrik etdi.
Konfransda daha sonra AMEA prezidentinin
müşaviri, akademik Asəf Nadirov "Azərbaycanın
sosial-iqtisadi inkişaf strategiyası", Binəqədi Rayon
İcra Hakimiyyəti başçısının müavini
Vüsal İsmayılov "21 il və regionların infrastrukturunun
formalaşması", "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə "Azərbaycan mətbuatı
müstəqillik illərində" mövzularında
çıxış etdilər.
Tədbirin sonunda Binəqədi rayon
ümumtəhsil məktəblərinin şagirdləri
arasında "Müstəqillik illərində Azərbaycanın
neft strategiyası" mövzusunda keçirilən inşa
yazı müsabiqəsinin yekunları və əhəmiyyəti
barədə Binəqədi Rayon İcra Hakimiyyəti
aparatının şöbə müdiri Natiq Əliyev
çıxış etdi.
Qalib şagirdlərə Binəqədi
Rayon Gənclər və İdman İdarəsinin diplomları
və hədiyyələr təqdim olundu.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.3.