Dövlət müstəqilliyi günü qeyd olundu

 

Naxçıvan Dövlət Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə bağlı mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Azərbaycan xalqının milli müstəqillik uğrunda əsrlər boyu  apardığı şərəfli mübarizədən, Şərqdə ilk dəfə məhz Azərbaycanda, 1918-ci ildə yaradılan demokratik respublikanın fəaliyyətindən bəhs etdi.  Qeyd olundu ki, XX əsrin sonlarında keçmiş SSRİ-də  dünyada baş verən ictimai-siyasi proseslər, getdikcə güclənən milli-azadlıq hərəkatı nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında mühüm tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi.

 

Lakin məşəqqətli mübarizələr və minlərlə qurbanlar bahasına başa gələn müstəqilliyimiz ölkədə baş verən siyasi çəkişmələr, vətəndaş qarşıdurması, hətta Azərbaycanın regionlara parçalanması kimi təhlükənin mövcud olduğu bir şəraitdə yenidən təhlükə altına düşmüşdü. Məhz belə bir dövrdə yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev milli həmrəyliyə nail olmaqla, müstəqil dövlət quruculuğuna yönəlmiş uzaqgörən siyasətilə ölkəmizin dövlət müstəqilliyinin qarantına çevrildi. Azərbaycan xalqını bu əlamətdar bayram münasibətilə təbrik edən rektor, akademik İsa Həbibbəyli vurğuladı ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin siyasi ideyalarının uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf etməkdə olan dünya dövlətləri ilə bir sırada addımlayır, öz qətiyyətli siyasi mövqeyi, nüfuzu ilə bütün dünyada tanınır.

 "Qeyrət" nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Məmmədov "Heydər Əliyev şəxsiyyəti müstəqillik tarixində" mövzusunda məruzə edərək ümummilli liderin XX əsrin sonlarında ölkədə siyasi sabitliyin yaradılması, iqtisadi, siyasi dirçəliş, elm, təhsil və mədəniyyətin, habelə beynəlxalq diplomatik əlaqələrin inkişafı istiqamətindəki böyük siyasi xidmətlərindən bəhs etdi.

Sonra universitetin incəsənət fakültəsinin kamera ansamblının bayram konserti təqdim olundu. Fakültənin baş müəllimi, Azərbaycan Respublikasının xalq artisti Çingiz Axundovun bədii rəhbərlik dirijorluq etdiyi kamera ansamblının premyerasında dünya bəstəkarlarının Azərbaycan klassiklərinin operalarından parçalar, kamera musiqiləri ifa olundu. Universitet müəllimlərindən Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva, Naxçıvan MR əməkdar artisti Mübariz Əsgərov, Əli Davudi müstəqillik bayramını mahnı ərməğanı ilə təbrik etdilər.

 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.4.