BDU-nun
rektoru "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESKO
mükafatı"na layiq görülüb
İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (İSESKO) "Elm və Texnologiya sahəsində
2012-ci ilin İSESKO mükafatı"nın Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmova
verilməsi haqqında qərar qəbul edib. Bu yüksək
mükafat akademik Abel Məhərrəmova kimya (nanomateriallar və
nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına
görə verilib. Sertifikat, qızıl medal və puldan ibarət
olan mükafat 20-21 noyabr 2012-ci il tarixlərində Sudanın
Xartun şəhərində keçiriləcək "Ali Təhsil və Elmi Tədqiqatlar
Nazirlərinin altıncı İslam Konfransı" çərçivəsində
təqdim ediləcək.
"Elm və Texnologiya sahəsində
mükafat" İSESKO tərəfindən təşkilatın
üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli
elmi-texniki problemlərin həll olunması uğrunda
görülən mühüm işləri
mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq
etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin
mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və
fizika sahələrində əldə edilən nailiyyətlərə
görə 56 ölkə üzrə yalnız 1 nəfərə
verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq
görülən ilk azərbaycanlı alimdir.
Qeyd etmək lazımdır ki, İslam Təhsil
Elm və Mədəniyyət Təşkilatı (İSESKO) 1979-cu ildə İslam
Konfransı Təşkilatı tərəfindən təsis
edilmişdir. Təşkilatın baş qərargahı Rabat
(Mərakeş) şəhərində yerləşir. Heydər
Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı
Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir.
Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.4.