Ukraynada
bir ay
(Başlanğıcı
ötən saylarımızda)
2.
ODESSA
"Hacıbəy"mi,
"Odessa"mı?
Ukraynaya, Odessaya gedəcəyimi bilən
köhnə naşir dostum Abbas bəy məndən
"Odessanın Türk şəhəri olduğu sənə
bəllidirmi?" soruşduqda, açığı, bunun
gerçəkliyi haqqında heç nə bilmirdim.
"Tarixi-Nadir"i yarıya qədər oxuduğum halda, mənim
bilmədiyimi oxucularımızın çoxunun da bilməyəcəyini
göz önünə alaraq, Odessanın "Optimum" nəşriyyatının
bu il buraxdığı "Odessanın keçmişi və
indisi" adlı rusca kitabdan götürdüyüm bəzi
tarixi faktları ortaya qoymağı faydalı sayıram.
500-600 il öncə
indiki Odessanın yerində Kacıbəy adlı tatar qəsəbəsi
olub. XIV yüzildə litvalılar oranı
işğal edib və düşməndən qorunmaq
üçün onun yanında Hacıbəy adlı bir qala
tikiblər. XVI yüzildə tatarlar qəsəbəni
qalayla birlikdə geri qaytarıblar. 1764-cü
ildə Türklər limanı qorumaqçün Yeni Dünya
adı verdikləri yeni bir qala da tikiblər. Burada 300 nəfərlik hərbi qüvvəylə
Türk paşası otururmuş. Hacıbəydə
daşdan tikilmiş gözəl məscid də varmış.
İndiki Odessada Yekaterina küçəsiylə
Yunan meydanı arasındakı ərazi bu gün izi də
qalmayan müsəlman qəbiristanlığıymış.
Hacıbəyin sahillərini Türk donanması
qoruyurmuş.
Ruslar 1789-un sentyabrında olduqca gərgin
savaşdan sonra Hacıbəy limanını tutublar, 1791-dəki
Yassı sülhüylə bura birdəfəlik Rusiyanın
hakimiyyəti altına keçib. 6 yanvar 1795-də II Yekaterina Hacıbəyi
"Odessa" adlandırıb.
Hacıbəyin tarixi önəmini gözdən
salmaqçün rus tarixçiləri oranı ən tünd
bənzətmələrlə təsvir edir, buranın
çox kiçik, evlərininsə palçıqdan
yapılmış, üstü keçəylə
örtülmüş daxmalar olduğunu, varlı tatarların
hərəmlərində əsir kənizlərin
saxlandığını və b. yazır, rusların buraya mədəniyyət
gətirdiyini bildirirlər.
Odessa
Vilayəti Dövlət Arxivində
Odessaya gəlməzdən öncə
Yekaterina küçəsi 30-dakı "Menşikov"
otelində yer bronlatmışdım. Bura əski bir binanın ikinci qatında əla təmir
olunmuş və lüks bəzədilmiş otaqlardan ibarətdir.
Qonaq özünü dəbdəbəli bir mənzildə hiss
edir. Qiyməti baha olsa da mənə çox əlverişlidir
- buradan çalışacağım arxivəcən ayaqla 4-5
dəqiqəlik yoldur; oteli əslində elə bu
üstünlüyünə görə seçmişdim.
Şəhərə çatanda hələ
heç gün əyilməsə də Kiyevdə hədsiz
yorulduğuma görə bu günü heç yana
getməyib dincəldim. Ertəsi - bazar
günü arxivin yerini bəlləməkdən ötrü
dışarı çıxdım. Bu
işdə ən yaxın yardımçım İnternet
oldu, belə ki, Odessa şəhərinin xəritəsi
İnternetdə elə gözəl verilib ki, istənilən
yeri tapmaq çox asandır. Arxivin
Yekaterina küçəsiylə yaşadığım
binanın yanında kəsişən Jukov küçəsində,
18 saylı binada yerləşdiyini hələ Bakıdaykən
öyrənmişdim. Oraya
çatmaqçün bircə Rişelye küçəsini
keçməlisən, vəssalam.
Heç kəsdən heç nə
soruşmadan arxivə üz tuturam.
Çatanda gözlərimə inanmıram - qədim bir kilsəyə,
yıxılmasın deyə neçə yerdən
hündür dirəklər vurulub! Buranın gerçəkdən
arxiv olub-olmadığını dəqiqləşdirməkçün
lövhəsini bir neçə dəfə oxudum...
30 iyul - bazar ertəsi günü Odessa
Vilayəti Dövlət Arxivinin ilk oxucusu mən oluram.
Keçmişdə raykom işləmiş direktor İvan
İvanoviç Nitoçko məni mehribanlıqla
qarşılayır - yaxın dostu, Kiyevdə tanış
olduğum tarixçi Valeri Vyaçeslavoviç Tomazov zəng
edərək məni ona tapşırıb. Azərbaycanda
olduğunu, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, professor Ataxan Paşayev’i özünə
ağsaqqal saydığını, onun da buraya gələrək
arxivdə çalışdığını söyləyir,
mənə qanun daxilində hər cür köməklik
göstərəcəyini bildirir.
Odessa arxivi Kiyevdəki kimi deyil - burada oxu
zalı həftənin 5 günü saat 10-dan 17-yədək
işləyir, ancaq 2 "əmma"sı var: 1) ayın son
iş günü (yəni sabah) zal da
işləmir, 2) hər gün saat 13-də
araşdırıcılar məcburi şəkildə nahar
fasiləsinə çıxarılır (sənədləri
təhvil verməklə), saat 14-də yenidən zala
buraxılırlar. Bunun heç biri mənə
sərf etmir. Direktordan sabah da işləməyimə
və nahar fasiləsinə çıxarılmamağıma,
bir də ən önəmlisi - mənə gündə 15
iş verilməsinə icazə verməsini xahiş edirəm.
Sağ olsun, sözümü yerə salmır, oxu
zalının müdiri Kirill Sergeyeviç Petropavlovski’ni
çağıraraq xahişlərimi yerinə yetirməsini
tapşırır.
İlk gün siyahılarla
tanışlıqdan aydınlaşdı ki, 1920-ci ilədək
tələbələrimiz Odessada yalnız Novorossiya
Universitetində oxuyublar. Nə qədər
diqqətlə baxsam da başqa ali məktəblərdə
heç bir soydaşımızın adına rast gəlmədim.
Dəftərimdə Universitetə məxsus 45-ci
fonddan baxılmalı 70-dən artıq işin nömrəsini
qeyd etdim. Sonrakı günlərdə sənədlərlə
tanış olarkən, qorxduğum başıma gəldi -
soydaşımız bilərək sənədlərini
sifariş verdiyim 15 tələbə erməni, rus və yəhudi
çıxdı: M.Y.Avşarov, S.A.Ağa-Neyman,
A.İ.Ağa, M.Z.Alaverdov, S.X.Babayev, M.A.Vekilov, Q.V.Calalov,
M.V.İzmaylov, A.İ.Kardaşov, P.Muxtarov və b. Deməli, mənim
bir günlük normam havaya getdi, yəni bir günü
boşuna itirdim...
"Orada
oturmayın, divar başınıza uçar"...
Odessa arxivinin durumuna ağlamaq
üçün bir ana, beş bacı gərəkdir
ki, əllərinə yaylıq götürüb gecə-gündüz
ağlasınlar. Bu dediyimdə azacıq da
şişirtmə, kinayə yoxdur. Köhnə
kilsə binası güclə ayaq üstə durur. Uçulub-dağılmaması üçün
giriş qapısı tərəfdən divarlara çox
böyük taxta dirəklər vurulub, ancaq ətraflar yenə
dərin çatlar, şırımlar içindədir.
Binanın dəhlizlərində, otaqlarında
da çoxlu tirlərdən dayaqlar vurulub. Direktorun
katibəsi oturan qəbul otağının divarları
"uçdum-uçdum" deyir. Oxu
zalı da elədir. Xaraba gündə olan
otaqda başın üstündə dəhşətli
uçuqları, tavanı saxlamaqçün qoyulmuş uzun
dirəkləri görəndə bədəninə
üşütmə düşür. İşıqlı
olsun deyə mən pəncərənin yanında, divarın
dibində oturmağı xoşlayırdım. Oxu
zalının müdiri Kirill ilk gün dedi: "Orada
oturmayın, divar başınıza uçar". Cavab verdim ki, Allahın istədiyi nədirsə o da
olacaq. Sonadək orada əyləşdim və
xoşbəxtlikdən, heç nə baş vermədi.
Ancaq bir gün İnternetdə Odessa arxivinin uçduğunu və
bütün kollektivin, araşdırıcıların onun
uçuqları altında qaldığını oxusam (Allah
eləməmiş!) əsla təəccüblənmərəm,
çünki bu, hər an gözlənilən
bir şeydir.
Məntiqsizlik
Ancaq arxivdə məni ən çox təəccübləndirən
şey sənədlərin üzünü
çıxarmaqçün müəyyənləşdirilmiş
qiymətlər oldu. Kiyevdə
hər səhifəyə 6 qrivna alınırsa burada SƏHİFƏyə
görə deyil, hər SƏNƏDə görə 43 qrivna
ödəməlisən. Başqa sözlə, sən 500
səhifəlik bir sənədin üzünü
çıxarırsansa 43 qrivna verəcəksən, ancaq əlindəki,
tutalım, 15 səhifəlik işdə 5 ərizə, 3
arayış, 3 şəhadətnamə, 1 diplom surəti varsa
onların hər birinə 43 qrivna, yəni üst-üstə
516 qrivna ödəməlisən! Mənim baxdığım
işlərin hərəsində isə orta hesabla 20 sənəd
vardı, deməli, onların hər birinə 860 qrivna verməliydim!
Bu məntiqsizliyin səbəbini soruşduqda
direktor heç bir inandırıcı cavab verə bilmədi
və son sözü "qiymətləri Ədliyyə
Nazirliyimiz təsdiqləyib" oldu. Sənədlərin
üzünü öz fotoaparatımla çəkmək istədiyimi
dedikdə etiraz etmədi, ancaq bunun yenə qiyməti
azaltmayacağını bildirdi.
Bizdə deyirlər ki, atam bicdir, kündəni
sayır, anam bicdir, kündədən kəsir.
Bu arxivin qiymət siyasətindən müflis olacağımı
görərək (Xarkov arxivinə pul qalmayacağından
qorxurdum) mən də öz siyasətimi qurdum və nəticədə
az məsrəflə hətta Kiyevdəkindən
də artıq sənəd üzü çıxardım.
Doğrudur, Odessa bankına təxminən 14 min qrivna ödədim,
ancaq bu, ödəniləsi məbləğin heç üçdə
biri də deyildi...
Novorossiya
Universitetinin tələbələri
Bu başdan deyim ki, indiyədək
oxuduğumuz "Novorossiysk" sözü nəinki ədəbiyyat
və tarix müəllimlərimizi, hətta
odessalıların özünü də
çaşdırır. Bu universitetin
binasını axtardığım zaman ən məlumatlı
odessalı aydınlardan bir neçəsi təəccüblə
soruşmuşdu: "Odessada Novorossiysk Universiteti olub?". İş
burasındadır ki, Rusiyanın Krasnodar diyarında Novorossiysk
şəhəri var və onu Odessa universitetinin rusca
adındakı "Novorossiysk" sözüylə
qarışdırırlar. Müəllimlərimizə
yardımdan ötrü məsələyə aydınlıq gətirmək
istəyirəm.
Rusiya XVIII yüzildə Osmanlı
imperatorluğu və Krım xanlığından savaşla
qopardığı torpaqları "Novorossiya" ("Yeni
Rusiya"), "Novorossiya diyarı" adlandırdı və
bu ad XX yüzilin başlarınadək geniş işlədildi.
1764-də Novorossiya vilayəti (quberniyası)
yaradıldı. Sonralar Odessa da buraya daxil oldu və
universitet bütün vilayətə məxsus olduğuna
görə "Novorossiya İmperator Universiteti"
(ruscası: "İmperatorskiy Novorossiyskiy Universitet")
adlandırıldı. İndiyədək bizim
bütün elmi ədəbiyyatımızda (mənim
yazılarım da daxil) bu universitetin adı ruscadan
yanlış tərcümə nəticəsində
"Novorossiysk Universiteti" yazılıb. Bir daha
dolaşıqlığa yol verməməkçün həmin
universitetin adını bundan
sonra "Novorossiya Universiteti", "Novorossiya İmperator
Universiteti", "Odessa Novorossiya Universiteti", "Odessa
Novorossiya İmperator Universiteti"
kimi işlətməyi təklif edirəm.
Beləliklə, bir həftəlik gərgin
çalışmalardan sonra Odessadakı Novorossiya İmperator
Universitetində oxumuş aşağıdakı
soydaşlarımızın adlarını müəyyənləşdirərək
onların şəxsi işləriylə tanış
oldum və tələbələrimizin arxivdəki
bütün sənədlərinin surətini
başdan-ayağa çıxardım.
Bunu da bildirməliyəm ki, Odessa arxivində
tarixçilərimiz hədsiz az işləyiblər.
Yalnız N.Nərimanovun sənədləri yetərincə
öyrənilib, o da sovet dönəmində. İki tələbənin
(Hidayət bəy Sultanov və Həmid bəy Şahtaxtlı’nın)
işlərinin qeydiyyat vərəqində indi
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik olan
keçmiş aspirant İsa Həbibov’un (Həbibbəyli’nin)
adı, bir neçə işdəsə ADU-nun (indiki BDU-nun) Gəncədən
olduğu hiss edilən bir tələbəsinin imzası var. Məhəmməd
xan Təkinski’nin şəxsi işiylə Ataxan Paşayev’in
tanış olduğunu dəqiq bilirəm (ancaq qeydiyyat vərəqində
adı yoxdur). Vəssalam. Yerdə
qalan bütün tələbələrin sənədlərini
əlinə götürən ilk azərbaycanlı Allah bəndəsi
mən oldum.
1. Ağaəlizadə Fətulla Axund Cavad
oğlu (Bakı)
2. Ağakişibəyov Fərrux bəy Əlikişi
bəy oğlu (Pərioğlular k./Şuşa)
3. Behbudov Mirzəəli bəy Rəhim bəy
oğlu (Üçoğlan k./Şuşa)
4. Bəkirov Məhəmməd Əmirhəsən
oğlu (Yalta)
5. Vəkilov Pənah ağa Məhəmməd
ağa oğlu (Qazax)
6. Vəkilov Mahmud ağa Məhəmməd
ağa oğlu (Qazax)
7. Hacıyev Məhəmməd Cəbrayıl
oğlu (Şəki)
8. Qayıbov Məhəmməd ağa Məhəmmədkərim
ağa oğlu (Qazax)
9. Qayıbov Cahangir bəy Hüseyn əfəndi
oğlu (Qazax)
10. Zülqədərov Əli bəy
Allahyar bəy oğlu (Xılxına k./Gəncə)
11. Qədimbəyov Əziz bəy Qədim
bəy oğlu (İrəvan)
12. Qarayev (Qara oğlu) Əbülfəzl Fərəcullah
oğlu (Bakı)
13. Kəlbəlixanov Əliqulu xan Xəlifəqulu
xan oğlu (Naxçıvan)
14. Məhəmmədbəyov Qazıəhməd
bəy Məhəmməd bəy oğlu
(Axtı/Dağıstan)
15. Məhəmmədov Nəbi Nəsibməhəmməd
oğlu (Aslanbəyli k./Qazax)
16. Miryəhyayev Mirəhməd
Mirmüseyib oğlu (İrəvan)
17. Mirqasımov Mirəsədulla Mirələsgər
oğlu (Bakı)
18. Nərimanov Nəriman Kərbəlayı
Nəcəf oğlu (Tiflis)
19. Nəsirbəyov Əbülfət xan Kərim
xan oğlu (Aşqabad)
20. Novruzov Abbas Məhərrəm oğlu
(Şəki)
21. Sultanov Rzaqulu bəy Məhəmmədqulu
bəy oğlu (Bakı)
22. Sultanov Hidayət bəy Eynulla sultan
oğlu (Naxçıvan)
23. Tağıyev Əliəkbər
Hacı Əliəsgər oğlu (Bakı)
24. Təkinski Məhəmməd xan
(Göytəpə/Türkmənistan)
25. Şərifov David Mixayloviç (Davud
Mikayıl oğlu) (Qazax)
26. Şərifov İosif Mixayloviç
(Yusif Mikayıl oğlu) (Qazax)
27. Şahtaxtlı Həmid bəy Xəlil
ağa oğlu (Şahtaxtı/Naxçıvan)
28. Şahsuvarov Əliəkbər Kərim
oğlu (Qızlar)
29. Şahmalıyev İsmayıl bəy Nəsrullah
bəy oğlu (Samux/Gəncə)
30. Şahmalıyev Əmirxan bəy Fərhad
bəy oğlu (Samux/Gəncə)
31. Şahmalıyev Əli bəy Fətəli
bəy oğlu (Samux/Gəncə)
32. Şahmalıyev Məhəddin bəy Fətəli
bəy oğlu (Samux/Gəncə)
33. Şəfibəyov Əli Məşədi
Məhəmmədcəfər oğlu (Gəncə)
34. Əfəndiyev Məhəd bəy Əli
əfəndi oğlu
35. Yusifbəyov Nəsib bəy Yusif bəy
oğlu (Gəncə)
36. Yusifbəyov Bahadır bəy Yusif bəy
oğlu (Gəncə)
Odessa
Ukraynanın başqa şəhərləri
kimi, Odessa da yaşıllıqdır və gözəldir.
Bakı kimi o da liman şəhəri olduğuna
görə tez-tez gəzə-gəzə limana gedir, estakadalar
üzərində tikilmiş möhtəşəm
"Odessa" otelinin yanından dənizin gözəlliyini
seyr edir, təmiz hava alırdım. Özəlliklə
yayın boğucu istisində bura minlərcə şəhər
sakinini və qonaqları özünə çəkir. Burada bir kölgəyə çəkilərək sərin
kvas içə-içə, dondurma yeyə-yeyə dincəlməyin,
dənizin ləpələnməsinə, gəmilərin
üzməsinə, qağayıların uçuşuna
tamaşa etməyin öz ləzzəti var.
Hava limanından gələndə taksidən
şəhər mənə, nədənsə, çox
nimdaş, darıxdırıcı
görünmüşdü. Kiyevdəki
kimi, burada da şəhərin içində çox yüksək
mərtəbəli çağdaş evlər azdır,
çünki şəhərin əski görkəminin
saxlanılmasına, tarixi simasının itməməsinə
ciddi fikir verilir, ancaq yeni tikilən binaların gözəlliyinə
söz ola bilməz.
Odessada xoşuma gələn şeylər
çox oldu. Hər şeydən öncə,
küçələrin, demək olar ki, hamısında
sırayla xan çinarlar əkilib. Bu
baxımdan Odessa Gəncə və Göyçaydan, Daşkənd
və Bişkekdən nəinki geri qalmır, hətta
qabaqdadır.
Odessada azmaq mümkün deyil,
çünki şəhər elə ciddi plan üzrə
salınıb, məhəllələr elə cərgəylə
düzülüb, küçələr elə nizamla kəsişib
ki, xəritəyə baxdıqda sanki dama-dama dəftərin səhifəsini
görürsən. Sadəcə neçə
küçə irəli-geri, sağa-sola getdiyini yadında
saxlasan yaşayış yerinə asanlıqla dönə
bilirsən.
Burada metro yoxdur. Düzdür, mən heç şəhər nəqliyyatına
minmədim, çünki ayaqla gəzməyi xoşlayıram,
ancaq dayanacaqlarda basabasın yoxluğu nəqliyyatın
yaxşı işlədiyini bildirir. Trolleybus görmədim,
ancaq tramvay və avtobuslar saat kimi dəqiq
çalışır.
Şəhərin küçələri
çox genişdir. Bakının
səkilərində, adətən, avtomobillər
saxlandığına görə adamlar küçənin nəqliyyat
işləyən hissəsinə keçməyə məcbur
olur, bu zaman xoşagəlməz durum yaranır. Odessadasa səkilər o qədər genişdir ki,
onlarda saysız-hesabsız yay restoranları qurulub, həmin
restoranların yanından adamlar sərbəst gəlib-keçir,
küçədə maşınlar da rahat hərəkət
edir.
Restoran və qəhvəxanalar əsl dincəliş
yeridir. Doğrudur,
bahalıqdır, ancaq adamlar ailəsiylə gəlib hərəyə
bir dondurma, yaxud bir şüşə sərinləşdirici
içki götürərək saatlarla oturur, söhbətləşir,
dincəlir. Bilgisayarla burada çalışanlar da az olmur. Mən də bir neçə
dəfə bu açıq restoranlarda əyləşərək
yazılarımı bilgisayarda yazmışam. Səni heç kəs tələsdirmir, "yeri
boşaltmaq gərəkdir" eyhamı vurmur, əksinə,
elə rahat şərait yaradırlar ki, sən bir də oraya
gedəsən. Müştəriləri cəlb
etməkçün milli etnoqrafiya elementlərindən
yararlanır, milli geyimli xörəkpaylayan qızların xidmətinə
üstünlük verirlər.
Bütün Ukraynada, o sıradan Odessada əhali
yolu keçmək qaydalarını çox ciddi gözləyir.
Bütün küçələrin kəsişməsində
yolun hər iki üzündə küçə
adlarını göstərən, başı lampalı
hündür metal dirəklər qoyulub. Yalnız
Odessada gördüyüm belə dirəklərin yanından
keçid zolaqları başlayır və zolaqların hər
iki tərəfində hökmən işıqfor yanır.
Küçə bomboş olsa belə
qırmızı işıqda kimsə keçmir və bunu
ayıb sayır.
Yerin darlığı üzündən
Odessanın memarlıq abidələrindən və heykəllərindən
söz açmıram, halbuki bu haqda istənilən qədər
yazmaq mümkündür. Təkcə onu deyim ki, yaşadığım
Yekaterina küçəsinin başlanğıcında II
Yekaterinanın böyük heykəli var. Bu abidə
Yekaterinanın Sankt-Peterburqdakı çoxfiqurlu nəhəng
heykəlinin kiçildilmiş biçimidir.
Lətifəçi Sergey
Çudin
Novorossiya Universiteti binasının harada
yerləşdiyini öyrənmək, onu gözlərimlə
görmək istəyirdim. Bu haqda İnternetdən də düzgün bilgi
tapmadım. Kimdən soruşdumsa "bilmirəm"
dedi. Çoxları Odessada haçansa belə universitetin
olmasından tam xəbərsizdi. İki
küçə irəlidə böyük kitab yarmarkası
olduğunu bilirdim. Həm dostum İsmayıl Calallı’nın istədiyi sözlüyü
tapmaq, həm də universitetin yerini öyrənməkçün
oraya yollandım. Sözlük tapılmadı.
Universitetin yerini də heç kəs deyə
bilmədi. Ancaq yaşlı bir satıcı əlini
yarmarkanın sıralanmış çadırlarının
qurtaracağına tuşlayıb: "Oradakı lətifəçidən
soruşun, o, hər şeyi bilir", - deyə məsləhət
verdi.
Getdim. Üstündə rusca "Odessadan lətifələr"
yazılmış lövhə asılan kiçicik səyyar
satış yerinin qarşısında ucaboy, üzügülər
bir gənc dayanaraq gəlib-gedənlərə öz
kitablarını almağı təklif edir. Mən özümü təqdim edib ondan Odessa
Novorossiya Universitetinin yerini soruşuram. Hərəsi
10 qrivnaya iki kitabçasını almamış sorğuma cavab
vermək istəmir. Alıram.
Sualımı təkrarladıqda bayaqdan gülüş
yağan sifəti tam ciddiləşir: "Odessada Novorossiysk
Universiteti? Yanılmırsınız ki?".
Yanılmadığımı bildirirəm.
İşini yarımçıq qoyub məni
qonşu məhəlləyə aparır, oradakı
yaşlılardan soruşur. Heç kəs
heç nə bilmir. Bir yerə, beş
yerə telefon açır. Açığı,
onun bu qayğıkeşliyinə heyran oluram. Axır ki,
üzü gülür: "Deyəsən, bu
yaxınlıqdakı bağın başındadır,
lütfən orada axtarın". Təşəkkür edib
gedir, bir azdan oranı tapıram - sən demə, əski
Novorossiya Universiteti indiki Odessa Universitetinin
binasıymış!
Bunu danışmaqda məqsədim
universitet yox, lətifəçi Sergey Çudin’dir.
Otelə gəlib onun topladığı lətifələri
oxuduqca gülməkdən uğunub gedirdim. İnternetdə saytı olan (http://chudin.com.ua) Sergey çox
maraqlı bir işlə məşğuldur - həm lətifələri
xalq içində yayır, həm də onunla
yaşamını təmin edir. Məncə,
Azərbaycanda da onun təcrübəsindən yararlanmaq
çox faydalı olardı.
(Ardı
gələn sayımızda)
Ədalət
TAHİRZADƏ,
Bakı
Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.:
+994-50-612-68-13
Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.5.