“Azərbaycan
təhsilində yeniliklər çoxdur"
Bu fikri Azərbaycan əsilli
tanınmış Türkiyə cərrahı və
araşdırıcısı İbrahim Yıldırım
redaksiyamızın kollektivi ilə görüşündə
bildirib
Tanınmış
filoloq, dəyərli ziyalı, Avrasiya Universitetinin professoru Ədalət
Tahirzadə artıq neçə müddətdir ki, qəzetimizlə
sıx əməkdaşlıq edərək maraqlı bir layihə
reallaşdırır: Vaxtilə müxtəlif səbəblərdən - ya təhsil
almaq üçün, ya siyasi baxışlarına görə
xarici ölkələrə üz tutmuş, getdiyi yerləri
özlərinə vətən qərar vermiş azərbaycanlılar
və Azərbaycanəsilli türk aydınları haqqında
ilk qaynaqlara əsaslanan məqalələrlə qəzetimizdə
çıxışlar edir. Onun bu silsilədən "Azərbaycan
müəllimi" qəzetinin builki 15 iyun tarixli nömrəsində
dərc olunmuş məqaləsi Azərbaycanəsilli görkəmli
Türkiyə cərrahı, elm adamı və maraqlı tarixi
- etnoqrafik araşdırmalar müəllifi, professor İbrahim
Yıldırım haqqında idi. Ədalət müəllimin
Azərbaycana sonsuz məhəbbət bəsləyən
professor İbrahim bəyə böyük sayğı ilə
qələmə aldığı "Azərbaycan məcnunu
- professor Dr.İbrahim Yıldırım" adlı həmin
məqalə istər redaksiyamızın əməkdaşlarının,
istərsə də oxucularımızın dərin
marağına səbəb olmuşdu. Bu yaxınlarda öyrəndik
ki, Ədalət müəllim məqaləsi vasitəsi ilə
tanış olub sevdiyimiz İbrahim bəylə
redaksiyamızın əməkdaşlarını
görüşdürmək kimi xeyirxah və bizim
üçün maraqlı bir missiyanı öhdəsinə
götürüb. Nəhayət, ötən cümə
görüş baş tutdu. Azərbaycana qonaq gələn
professor İbrahim Yıldırım redaksiyamızın və
Təhsil Nazirliyi İctimaiyyətlə əlaqə
şöbəsinin əməkdaşları ilə
görüşdü. Biz iki saatadək çəkən
görüşdə İbrahim bəyin olduqca mənalı həyat
tarixçəsi, fəaliyyəti, həyat fəlsəfəsi
ilə tanış olduq. Bu böyük təbib və
insanın əslən azərbaycanlı olmasından sonsuz fəxarət
hissi duyduq.
Söhbətə "Azərbaycan
müəllimi" qəzetinin baş redaktoru Bayram
Hüseynzadə körpü
saldı.
Bayram
Hüseynzadə: - Hörmətli İbrahim bəy,
"Azərbaycan müəllimi" qəzetinin
yaradıcı heyəti ilə görüşə xoş gəlmişsiniz.
Sizinlə görüşümüzdən məmnunuq.
Hörmətli həmkarlarımız,
siz İbrahim bəyi yaxşı tanıyırsınız. Qəzetimizin
yazılarından onun haqqında müəyyən məlumata
maliksiniz. Əlavə edim ki, İbrahim bəy nəinki
Türkiyədə, dünyada tanınan bir həkimdir. Eyni
zamanda Türkiyənin və Azərbaycanın tarixini çox
mükəmməl bilən bir araşdırıcı,
maraqlı insandır. Mən eyni zamanda onu da bildirim ki, təhsil
naziri cənab Misir Mərdanovun da İbrahim bəyə bir
alim, həkim və şəxsiyyət kimi böyük
hörməti var. Mənim üçün maraqlı bir məqam
ondan ibarətdir ki, İbrahim bəyi Azərbaycanda çoxlu
sayda insan tanıyır və hamı onunla görüşmək
istəyir. Ancaq Azərbaycana gəldiyi qısa müddətdə
İbrahim bəy özü bizim qəzetin kollektivi ilə
görüşmək istəyib. Görüşdə "Azərbaycan
müəllimi" qəzetinin yaradıcı kollektivi, Təhsil
Nazirliyinin mətbuatla bağlı şöbəsinin əməkdaşları
iştirak edirlər.
İbrahim
bəy çox mütaliəli, hazırlıqlı bir
insandır. Eyni zamanda o, Türkiyədə təhsil sahəsində
həyata keçirilən tədriblərdə yaxından
iştirak edən bir adamdır. İbrahim bəyi yaxşı
tanıyan Ədalət müəllim də bugünkü
görüşümüzdə iştirak edir. Azərbaycanın
tanınmış ziyalılarından olan Ədalət Tahirzadə
qəzetimizdə bizim üçün çox önəmli
tarixi materiallar verir. Yaxşı olar ki, Ədalət müəllim
də bir neçə kəlmə danışsın, sonra
sözü İbrahim bəyə verək.
Ədalət Tahirzadə: - İbrahim bəylə
biz bir neçə ildir ki, dostluq, yoldaşlıq edirik.
İbrahim bəy Türkiyənin ən gözəl
aydınlarından biri, dünya miqyasında
tanınmış estetik cərrahdır. O yalnız Türkiyədə
deyil, dünyanın bir çox ölkələrində təhsil
alıb. Mənim üçün o, cərrahdan çox
gözəl bir azərbaycanlıdır. Əsilləri -
kökləri Azənbaycandandır. İndi yəqin
özü bu haqda geniş məlumat verəcək. Onu deyim ki,
dünən (oktyabrın 10-u - Y.Ə.) 100 illiyi qeyd olunan xalq
şairi Mirvarid Dilbazi İbrahim bəyin xalasıdır.
İbrahim bəy həm də gözəl
araşdırmaçıdır. Onun "Türk plastik cərrahlığı
tarixi" əsərində 8-ci yüzildən bəri
türk dünyasında plastik cərrahlığın tarixi
araşdırılır. İbrahim bəyin digər
maraqlı araşdırmaları da var. Məsələn,
"Azərbaycandan Amasyaya daşınan türk
kültürü və şirvanlılar", "Türkiyədə
Azərbaycan kültürü", "İstanbul
Universitetini bitirmiş azərbaycanlılar" və s.
İbrahim
bəyin çox geniş bir çevrəsi var. Tez-tez Azərbaycana
gəlir. Mən sevinirəm ki, o, "Azərbaycan müəllimi"
qəzeti redaksiyasının kollektivi ilə
görüşdü. Mən bu kollektivə minnətdaram.
İbrahim bəy haqqında ilk yazını məhz sizin qəzet
dərc edib. Bizim bir layihəmiz də var. İnşallah,
İbrahim bəy bundan sonra özü sizdə tarixi mövzuda
silsilə yazılarla çıxış edəcək. Mən
də sizin adınızdan İbrahim bəyə xoşgəldin
deyirəm.
İbrahim
bəyin sizinlə görüşməsi əslində mənim
təşəbbüsüm idi. Arzu edərdim ki, belə
görüşlər davamlı olsun. Sizinlə
görüşməyə mən də şadam. Hər
birinizə öz adımdan təşəkkür edirəm.
İndi isə sözü verək İbrahim bəyə.
İbrahim
Yıldırım:
- Hər şeydən əvvəl məni buraya
görüşə dəvət edənlərə, sizlərə
çox təşəkkür edirəm. Biz Ədalət bəylə
bu barədə İnternet vasitəsi ilə danışıb
razılaşdıq.
İnsan
oğlunun 100 ildə heç dəyişmədiyini, yüz
ilin insanlar arasında çox kiçik bir vaxt olduğunu mən
ailəmin Azərbaycandan Türkiyəyə köçməsindən
90 il sonra buraya gəlib bütün qohumlarımı
tapdıqda bir daha yəqin etdim. Atalarımızın,
babalarımızın, nənələrimizin bizə
anlatdığı hər şey burada qalanların da eyni
şəkildə dinlədiyi hekayələrdir. Biz siyasət
adamı deyilik. Amma hər kəsin bir siyasi kültürü
var. Məsələn, bizdə - demokratik Türkiyədə
çoxlu partiya var. Seçki vaxtı hər kəs gedib səsini
öz partiyasına verir. Amma ölkəni ortaya qoyan bir mədəniyyət
var. Bu mədəniyyət, nə edirsinizsə edin, dəyişmir.
Onun üçün də Azərbaycanla Türkiyənin
yaxınlığını ifadə etmək
üçün "Bir millət, iki dövlət" deyimi
ortaya çıxıb.
Bu baxımdan bizim dilimiz demək olar ki,
eynidir. Hər halda mən "gəlirəm,
gedirəmlə", "geliyorum, gediyorum" arasında bir fərq
görmürəm. Çünki bizim Ərzurumda
danışılan türk ləhcəsi Azərbaycan dilinə
çox yaxındır. Onun
üçün ki, biz eyni millətin soyuyuq. Hər ölkədə bir mədəniyyət millətçiləri
olur. Hər ölkənin yerləşdiyi
mahalda, bölgədə hansı mədəniyyət keçərlidirsə
o mədəniyyətin vətəndaşı oluruq.
Madam ki, bizim mədəniyyətimiz
türk mədəniyyətidir, biz də türk mədəniyyətini
incələyib ortaya qoymalıyıq. Onunla
bağlı dəyərləri bərabər
paylaşmalıyıq. Bu burada da belədir,
İranda da, Türkiyədə də, Balkanlarda da. Balkanlar Qərbə yaxın olduğu
üçün əhalisi çox duyğusal deyil. Uzun müddət basqı altında olmalarına rəğmən
çox böyük elm adamları yetişdirmişlər.
Fəqət onu biləsiniz ki, türk
dünyasının ürəyi, qəlbi Azərbaycandır.
Bu, sadəcə mənim inancım deyil. Biliklərim, coğrafiyam hamısı bunu mənə
göstərir. Siz müəllimlər
üçün çıxan qəzet kimi çiyinlərinizdə
böyük yük daşıyırsınız.
İndi isə düşünürəm
ki, əvvəl bir qədər özüm haqqında
danışıb sonra sizin suallarınıza cavab verməyim
daha yaxşı olar.
Mənim ailəm 1898-ci ildə buradan
köçməyi qərar vermişdir.
Bunun bir çox səbəbləri olmuşdur
ki, bunlardan da biri, həm də əsası o vaxt rusların həm
Balkanlara, həm də Qafqaza enib Türkiyəni hər tərəfdən
əhatəyə almaq səbəbi ilə etdikləri təzyiqlərdir.
Bu təzyiqlər Azərbaycanda da olmuş və onu bir
çox ailələr öz üzərində hiss etmişdir
ki, onlardan da biri bizim ailəmiz olmuşdur. Mənim
atam Sarı Qulu da bu taleyi yaşamışdır. O,
Qaçaq Kərəmi öz evində saxlayaraq qorumuş və
ruslara verməmişdir. Bu zaman ondan şikayət
etmişlər və babamı tutaraq Sibirə sürgünə
göndərmişlər. Lakin Sibirdə
komandirin qızını müalicə etdiyindən onun
qaçmasına şərait yaradılmış və o,
qaçaraq Zəngəzura gəlmiş, bir müddət
burada yaşadıqdan sonra Qərbi Azərbaycana getmişdir.
Nənəmin anlatdığına görə,
o zamanlar quberniyamız Gəncə, mahalımız Qazax,
vağzalımız Ağstafa, bazarımız isə Tiflis
olmuşdur. Bakı ilə əlaqələrimiz az imiş. Bakı neft
çıxandan sonra inkişaf etmişdir. O zaman Gəncə
Azərbaycanın ürəyi idi, bunu kimsə inkar edə bilməz.
Təkcə Azərbaycanın deyil, bütün
Qafqazın mədəniyyətini toplayan arxivlər isə o
zaman Tiflisdə yerləşirdi. Bu gün
də arxivlər oradadır və araşdırma aparanlar oraya
gedirlər.
1898-ci ildə bir çox ailələrlə
birlikdə bizim ailəmiz də Tiflisdən Batumiyə, Batumidən
Trabzona, oradan Samsuna, Samsundan isə arabalarla Amasyaya
getmişdir. Amasya Türkiyənin
çox tarixi bir şəhəridir. Amasyada
ilk bələdiyyə azərbaycanlılar - şirvanlı
Abdurrahman Əfəndi tərəfindən 1883-84-cü illərdə
yaradılmışdır. Ondan sonra da 10-a
yaxın azərbaycanlı bələdiyyə başqanı
olmuşdur. Bütün millət vəkillərinin
yarısı Azərbaycan əsillidir.
Düşünürəm ki, hər
ölkədə Azərbaycan diasporu ola bilər.
Bu təbii bir şeydir. Lakin
Türkiyədən başqa. Çünki Türkiyədə
Azərbaycan diasporu ola bilməz. Bunun üçün 80 milyon insanın
hamısının diaspor olması lazım olardı. Biz eyni millətin, eyni mədəniyyətin
övladlarıyıq.
Mənim əmilərimin də
hamısı Amasyada yerləşmişlər.
Onların hamısı Azərbaycanda anadan olub.
Təkcə atam atasını və
anasını yaxşı xatırlamırdı. Çünki Türkiyədə anadan olmuşdu.
Biz oraya getdikdən sonra 4 müharibə
keçirmişik. O savaşlardan Qafqaz cəbhəsində,
Sarıqamışda bir əmim şəhid olmuş, bir əmim
Qalisiya cəbhəsində Osmanlı Ordusunda general olaraq itkin
düşmüşdür. Oxumayan bir əmim isə 14 il əsgərlik çəkib
qayıtmışdır. Demək istəyirəm
ki, hər ailənin iztirabları olub. Nənəm
deyərdi ki, ay oğul, biz batdıq. Amma
narahat olma, biz yenə yüksələcəyik.
Aradan zaman keçib.
Türkiyə-Sovet mədəniyyət əlaqələri
çərçivəsində 1990-cı ildə Moskvaya gəldim.
Orada 2 konfrans verdim. Sonra Azərbaycana
gəldim. Burada məni
qarşıladılar. Ondan əvvəl
yerlilərimdən biri Türkiyəyə gəlmişdi.
Bir-birimizdən xəbər tutmuşduq. Azərbaycanda bir ay qaldım. Qazaxa
getdim. Bütün qohumlarımı
tapdım. Bir daha təkrar edirəm ki, məhz
onda mən bütün qapıların bağlı olduğuna
rəğmən 100 ilin insan həyatında heç bir
şey olduğunu hiss etdim.
Tale qismətindən xanımım
tanınmış Azərbaycan şairi Molla Vəli Vidadinin nəvəsidir.
Budəfəki gəlişimdə onun
qohumlarının axtarışındayıq. Xoş bir təsadüfdən Mirvarid Dilbazinin 100
illik yubileyində mən də iştirak etdim.
Mən Türkiyədə oxudum.
Qırıxqalada təhsilimə başladım.
Merzifonda (Merzifon bu gün Amasya ilinin 7 ilçəsindən
biridir - Y.Ə.) ibtidai məktəbi bitirdim. İmtahan verib Trabzon liseyinə qəbul olundum.
Oranı bitirdikdən sonra əsgəri tibbiyə
girdim. Dədə-babalarım həkim
olduğu üçün bu sənəti seçdim. İlyarım təhsil alandan sonra məzun olmağa
3 gün qalmış məni əsgərliyə oxutmaq
üçün çəkilən bütün xərcləri
ödəyib azad oldum və İstanbula getdim. O vaxt
Türkiyədə belə bir qanun var idi. İstanbul
Universitetinə qəbul oldum və burada ümumi cərrahlıq
ixtisası aldım. Sonra əsgərliyə
getdim. Əsgərliyə gedəcəyim
gün çox gənc yaşlarında atamı itirdim. Bu səbəbdən əsgərliyə 2 gün gec
getdim. O vaxt bir qanun qəbul olunmuşdu, əsgərliyə
2 gün gec gedən orduda 1 ay artıq qulluq etməli idi. Elazığa getdim. Elazığ
Azərbaycan şairi Almaz İldırımın illərlə
qaldığı yerdir. Nigar Rəfibəylinin
böyük qardaşı Kamil Aran da o vaxt
Elazığdakı sığorta xəstəxanasında
işləyirdi. Onun oğlu mənim dostum
idi. Əsgərlik müddətində
Elazığ əsgəri xəstəxanasında ümumi cərrah
olaraq çalışdım. Əsgərliyi
bitirməyə 1 həftə qalmış tələbələrin
(öyrəncilərin) əsgərliyə getməməsi barədə
bir qanun qəbul olundu.
Amma o müddət ərzində ölkənin
görmədiyim yerlərini gəzdim. Əsgərlikdən sonra universitetə dönmək
əvəzinə İngiltərəyə getdim. 6 il burada təhsilimi davam etdirdim. Ümumi
cərrahlıqdan əlavə plastik, rekonstruktiv və estetik cərrahiyyə
ixtisasını da aldım. Orada ikən
dosent oldum.
Sonra Türkiyəyə döndüm.
Bundan heç peşman da deyiləm. Ondan sonra Amerikada gənc doktorlar deyilən müsafir
xoca olaraq çalışdım. Dünyanın
bir çox yerlərinə getdim.
1990-cı ilin oktyabrında Bakıya gəldim.
Buradakı Semaşko adına xəstəxanada
Sovetlər Birliyində xaricdən əməliyat edən ilk
türk olaraq çalışdım. 230 xəstəni
təmənnasız əməliyyat etdim. O zaman hətta
xəstəxananın adının dəyişdirilərək
İbn Sina adlandırılmasına təşəbbüs
etdim, yaranmış bir fürsətdən istifadə edərək
xəstəxanaya su çəkdirdim.
1994-cü ildə yenidən Azərbaycana gəldim.
O vaxt Azərbaycan Prezidenti olan Heydər Əliyev İstanbulda
bizi görmüş və Azərbaycana dəvət
etmişdi. Novruz bayramı ərəfəsində bir qrup həkimlə
Azərbaycana gəlib Hərbi Hospitalda yaralı əsgərlərə
yardım etdik, təxminən 2 həftə çəkən
səfərimiz zamanı 68 xəstə üzərində
mikrocərrahiyyə əməliyyatları apardıq.
O vaxt şəraiti olmayan hər iki xəstəxanada
sonralar çox gözəl təmir işləri
aparılmış və nümunəvi şərait
yaradılmışdır. Bu dəfə
onları gördükdə çox məmnun qaldım.
Azərbaycan üçün yüksək
ixtisaslı tibb mütəxəssislərinin, həkimlərin
hazırlanması sahəsində çoxlu
çalışmalarım olub. 1992-ci ildə Azərbaycanın 10 nəfər tibb tələbəsini
Türkiyəyə gətirərək təqaüdlə təmin
etdirdim. Onlardan 5-ni İstanbul Universitetinin
Cərrahpaşa tibb fakültəsində, 5-ni isə
İstanbul Çapa tibb fakültəsində yerləşdirdim.
İndiyədək 97 tələbənin
Türkiyədə oxumasına kömək etmişəm.
Onlardan hələ təhsilini bitirməyənlər
də var. Təhsilini bitirərək dönənlər burada
tanınmış həkimlər kimi yüksək vəzifələrdə
çalışırlar.
Azərbaycandan Türkiyədə oxuyanlar
çoxdur. Bu lazımdır,
çünki Azərbaycandan Amerikaya, Almaniyaya, İngiltərəyə
və digər ölkələrə gedən tələbələr
bir sıra çətinliklərlə
qarşılaşırlar. Ən əvvəl
o ölkələrdəki insanların bir kimlik problemi var. Azərbaycanlılar
üçün kimlik probleminin çox asan çözüləcəyi
yeganə yer isə Türkiyədir. Çünki
buraya gələnlər eyni dildə danışan adamları
görür, eyni yeməyi yeyir, eyni adətlərin şahidi
olurlar. Bu isə çox önəmli bir
şeydir.
Bizim Azərbaycanla münasibətlərimiz
davam edir. Əlimizdən gələni
edir, atamızın, anamızın vəsiyyətlərini
yerinə yetiririk. Dədəmizin, nənəmizin
öyrətdiyi mahnılar bizim üçün çox əzizdir.
İnşallah, həmin mahnılar pozulmaz,
çünki həyatda heç də hər şey pozulmur.
Azərbaycan əhalisi, Azərbaycan toplumu
çox duyğusal, emosionaldır. O
duyğu xaricində gerçəkçi olmağı öyrənmək
lazımdır. Biliklər, irəliləmə də
gerçəkçi olmadan mümkün deyil. "Mənim savadım heç kimdə yoxdur",
"Mən hər şeyi bilirəm" deyə
düşünməklə irəli getmək olmaz. Yalnız hər zaman "Mən bu işi bilmirəm,
öyrənəcəm" deyəcəyiniz halda öyrənmək,
irəli getmək mümkündür.
***
Görüşdə professor İbrahim
Yıldırıma "Azərbaycan müəllimi" qəzetinin
əməkdaşları tərəfindən bir sıra suallar
ünvanlandı:
Sual:
- Azərbaycan təhsilinin vəziyyəti ilə bağlı
nə deyə bilərsiniz? Türkiyənin təhsil
sistemi ilə müqayisədə bizdə nələri
müsbət, nələri çatışmayan cəhətlər
hesab edirsiniz?
Cavab:
- Azərbaycan təhsilində son illər çox
güclü dəyişmələr gedir, yeniliklər tətbiq
olunur. Sizdə orta məktəblərdə
oxuyanlar elmlərin əsasları üzrə geniş və
mükəmməl bilgilər alırlar. Azərbaycanda
çoxdan 11 illik orta təhsil tətbiq olunur, Türkiyədə
isə indi-indi 12 illik orta təhsilə keçilir. Lakin sizdə adamların öyrəndikləri bilikləri
tətbiq etmələri sahəsində problemlər var.
İndi sizin orta təhsilin məzmununda aparılan islahatlar yəqin
ki, yaxın illərdə bu
çatışmazlığı tamamilə aradan
qaldıracaq. Çünki indi sizin orta məktəblərdə
öyrədilən biliklərin tətbiqinə böyük
önəm verilir.
Türkiyədə ali
məktəblər Avropaya, Qərbə daha çox inteqrasiya
olunub. Ancaq anqlo-amerikan təhsil sisteminə
keçərkən biz heç bir şey itirmədik, sərbəstliyimizi
qoruyub saxladıq. Qərbə paralel bir
sistem qurduq. Bizim bütün dövlət məktəblərində,
istər ali, istərsə də orta məktəblər
olsun, təhsil pulsuzdur. İmtahan verib oxumaq
fürsəti qazananlar bu imkandan istifadə edə bilirlər.
Türkiyədə təhsilə dəstək
verən qurumlar, xüsusən xeyriyyə fondları
çoxdur. Onlar çəkinmədən
tələbələrin təhsilinə vəsait xərcləyirlər.
Tələbələrə kredit verilməsi
praktikasından da geniş istifadə olunur. Tələbə
təhsilinə dəstək üçün
aldığı müəyyən məbləğdə
krediti universiteti bitirib, əgər oğlandırsa əsgərliyə
gedib qayıtdıqdan, işə girib işlədikdən 2 il sonra qaytarır. Pulu qaytarmaq ona
görə zəruri olur ki, digər təhsil alanlara da belə
köməklikləri göstərmək mümkün olsun.
Məsələn, mən bizdə kənddən
gəlmiş, orta təhsilini belə başa vurmamış
Ömər bəy adlı bir iş adamı tanıyıram,
o, universitetdə 857 tələbəyə
qarşılıqsız borc verərək oxudur. Amma tələbə
çalışmadığı zaman pulunu kəsir.
Sizin təhsilinizdə də yeniliklər
çoxdur. Onlardan biri də tibb təhsilində
rezidenturanın tətbiqidir. Bu bizim zatən
istədiyimiz və ATU-nun rektoru Əhliman Əmiraslanovla
görüşlərimizdə davamlı olaraq
danışdığımız bir şeydir. Tibb Universiteti üçün xəstəxanaların
tikilməsi də müsbət işlərdəndir.
Sual: -
Bu yaxınlarda Azərbaycanda belə bir məlumat
yayıldı ki, Türkiyədə bütün ali məktəblərdə təhsil haqqı ləğv
olunub. Bu nə deməkdir?
Cavab:
- Türkiyədə universitetlərdə tələbələrin
6 ayda ödədikləri vəsait var. Bu hər tələbə
üçün kiçik məbləğ olub, 200-250
Türkiyə lirəsi, yəni təxminən 100 ABŞ
dolları təşkil edir. Xarici tələbələr
bu məbləğin 2 misli qədər ödəyirlər.
Həmin vəsaiti dövlət deyil, universitetlər özləri
alırlar: tələbələrin yeməyi, digər zəruri
kiçik xərclər üçün. Həmin
ödənişlər aradan qaldırılıb.
Sual:
- Azərbaycanda dövlət ali məktəblərinin
tələbələrinin 60 faizi dövlət hesabına, 40
faizi isə ödənişlə təhsil alır. Bəs
Türkiyədə dövlət ali məktəblərində
ödəniş neçə faizdir, yəni tələbələrin
neçə faizi dövlət hesabına, neçə faizi
ödənişli oxuyur?
Cavab: -
Türkiyədə
dövlət ali məktəblərində tələbə
heç bir vəsait ödəmir. Hamısını
dövlət özü ödəyir. Ödəniş
ancaq özəl ali məktəblərdədir.
Lakin dövlət onlara da limit qoyur ki, məsələn,
45 faiz tələbəni pulsuz oxudacaqsan və dövlət bu
tələbin yerinə yetirilməsinə nəzarət edir.
Sual:
- Azərbaycanda uzun müddətdir ki, müzakirə gedir.
İnsanlar deyirlər ki, nə üçün özəl ali məktəblər təhsil haqqı olaraq
istədikləri qiymətləri qoyurlar. Dünyada bu proses necə
gedir? Türkiyədə bunu dövlət
nizamlayırmı?
Cavab:
- Türkiyədə də dövlət bu məsələyə
çox qarışmır. Ancaq bizdə bir
qurum var - YÖK (Yüksək Öyrətim Kurulu). Həmin qurum bu məsələyə müdaxilə
və nəzarət edir. Universitetlərdə
təhsil haqqı öyrədilən ixtisaslar
üçün lazım olan maddi-texniki bazadan
asılıdır. Məsələn, elə
fakültələr, ixtisaslar var ki, daha çox avadanlıq tələb
edir. Xüsusən də texniki
yönümlü ixtisaslarda. Amma elələri
də var ki, çox avadanlıq gərək olmur. Məsələn, humanitar ixtisaslar. Ödəniş qiymətləri müəyyənləşdirilərkən
bu amil nəzərə alınır və qiymətlər əsaslandırılır.
Sual:
- Siz indiyədək Azərbaycandan tibb ixtisasları üzrə
97 tələbənin Türkiyədə oxumasına kömək
etmisiniz. Bizim tələbələrin səviyyəsi
haqqında nə deyə bilərsiniz?
Cavab:
- Dünyanın bütün insanları eynidir. Bu
baxımdan azərbaycanlı tələbələr də
türkiyəli tələbələrdən heç fərqli
deyil. Lakin onların içərisində istedadları,
bilikləri ilə fərqlənənlər olur. Məsələn,
mənim 5 il öncə Azərbaycandan gətirdiyim
2 tələbəTUS (Türkiyə uzmanlıq sınavı)
imtahanlarında bütün ölkə üzrə ən
yüksək nəticə göstərərək birinci
olmuşlar.
Bayram
Hüseynzadə: - İbrahim bəy, bizimlə görüşə
vaxt ayırdığınıza və maraqlı söhbətlərinizə,
dediyiniz dəyərli fikirlərə görə Sizə dərin
təşəkkürümüzü bildiririk. Xahiş
edərdik ki, vaxtınız olduğu təqdirdə bizim qəzetimizə
Azərbaycanla, Türkiyə ilə, hər iki ölkənin
tarixlərilə bağlı mütəmadi yazılar verəsiniz.
Azərbaycana yolunuz düşəndə bizim
kollektivlə daha geniş şəkildə görüşməyə
vaxt ayırasınız. Sağ
olun.
Hazırladı:
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.6.