"Nə qədər çox qonorar alsa da, atamın əlində pul qalmazdı"

  

Müsahibimiz xalq şairi Süleyman Rüstəmin oğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru Azad Rüstəmzadədir 

 

Xalq şairi Süleyman Rüstəmin yaradıcılığı oxucularımıza yaxşı tanışdır. Səhifəmizin qonağı şairin oğlu, filologiya elmləri üzrə fəlsəfə doktoru, ərəb filologiyası mütəxəssisi Azad Rüstəmzadə ilə söhbətimizi ona köklədik ki, bir ata, bir ailə  başçısı, həm də bir dövlət xadimi kimi  Süleyman Rüstəmlə bağlı onun öz övladının xatirələrini oxucularımıza çatdıraq.

 

- Atamın çiynində çox ağır vəzifələr dururdu. Xalq şairi, xalq  elçisi, dövlət  xadimi... Evdə mənim tərbiyəmlə, təhsilimlə demək olar ki, anam məşğul olurdu. Özü də mən belə tərbiyə olunmuşam ki, nə  qədər çox istəsələr  də, valideynlərim məni  ərköyün  böyütməyiblər. Anam bir  fikri həmişə mənə  təlqin edib  ki,  mən Süleyman  Rüstəmin  oğlu  olduğum  üçün  özümü  daha tərbiyəli, daha  mədəni  aparmağa  borcluyam. Heç  bir  hərəkətimlə  atamın adına  xələl  gətirməməliyəm.

Məktəbdə oxuduğum  illərdə  valideynlərim, xüsusən də  anam  heç  vaxt  məni sərbəst  çölə-bayıra   buraxmazdı. Ailəmizin  yeganə  övladı  olduğuma görə  evdəkilər həddən  artıq  mənim  üstümdə  əsirdilər.

...1934-cü ildə atam anamla ailə qurub. 1935-ci ildə ailənin ilki dünyaya gəlib. Adını Azad qoyublar. Bir ildən sonra  uşaq dünyasını dəyişib və on bir il ailəmiz həsrətlə  övlad yolu gözləyib.

Həmin illərdə anam Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil alıb, atam isə cəbhə bölgələrinə təhkim olunub, daha sonra  Təbrizə gedib...

Atamın 40 yaşı olanda, yəni 1946-cı ildə  mən doğulmuşam. Məndən sonra da nə bacım olub, nə də qardaşım. Mən ata-anamın ikinci Azadıyam. Dünyaya göz açdığım gündən anam öz ömrünün hər bir anını mənə həsr edib. Birinci  sinfə  gedəndə də əlimdən  tutub  anam  aparıb məni  məktəbə... 

-  Hansı məktəbdə təhsil almısınız?

- Elə evimizin yaxınlığındakı  160 nömrəli şəhər məktəbində,  rus bölməsində oxumuşam. Eyni zamanda, musiqi məktəbinin yeddiillik piano sinfini   bitirmişəm. O vaxtın   ziyalı ailələrində  bu da  bir dəb idi   düşmüşdü ki, hamı uşaqlarını ümumtəhsil məktəbləri  ilə yanaşı, musiqi  məktəbində də oxudurdu. İnanırsız, doqquzuncu sinifdə oxuyurdum, yenə də anam məktəbə məni tək buraxmır, özü aparıb gətirirdi. Məktəbin bütün ictimai işlərində ən fəal valideyn mənim anam idi. Valideyn komitəsinin də üzvüydü... Məktəbdə uşaqdan-böyüyə hamı anamı tanıyırdı desəm, yanılmaram.

Anam   universiteti  müharibə illərində bitirmişdi. O  illərdə bir qrup yazıçı  və şair qadınları - Səməd Vurğunun,  Mir Cəlalın,  Mehdi Hüseynin  həyat yoldaşı... onlar da anam Sayadxanımla eyni fakültədə oxumuşdular.

...Ağlım söz kəsən vaxtlarımda qışda  həsrətlə bazar günlərini gözləyərdim. Çünki qış aylarında hər bazar günü atam məni də götürüb bağımıza gedərdi. Ağaclarımızın dibini bellə boşaldar, quru budaqları kəsib  atar, yorulmaq bilmədən çalışardı. Ağac  əkmək, bağ sulamaq atamın ən çox sevdiyi məşğuliyyət idi.

Yay aylarında isə bütün mövsümü bağda yaşayırdıq.

- Xalq şairi Süleyman Rüstəmin oğlu XX əsr Azərbaycan ədəbiyyatı haqqında bu günün  oxucularına    demək  istərdi?

- XX əsr Azərbaycan ədəbiyyatı çox məhsuldar olub. Həm nəsrdə, həm də poeziyada... Əsrin əvvəlində Sabirimiz olub, Məmməd Səid Ordubadimiz... sonrakı onilliklərdə Səməd Vurğunumuz, Rəsul Rzamız, Məmməd Rahimimiz olub. Orta nəslin nümayəndələri də həmçinin...Onlar hamısı  öz qələm məhsulları ilə   göstəriblər ki, insan öz xalqını, torpağını, vətənini necə sevsin! Atam da bu yolda yarım əsrdən çox öz izini qoyub, sözünü deyib...

-  O dövrdə çox populyar olan mövzulardan bu gün hansına yenə də rəğbətlə baxa bilirsiniz?

- Bir çox mövzular var ki, onlar heç dəbdən  düşməməlidir. Məsələn, sülhün, qələbənin, döyüşçülərimizin, əsgər analarının   tərənnümü... Elə bu gün ən böyük dərdimiz olan  Qarabağ mövzusu, vətənə məhəbbət, bayrağımıza, himnimizə sədaqət... Əli qələm tutanlarımız bu mövzularda hər gün külüng işlətməlidirlər. Hətta mən düşünürəm ki, əmək bahadırlarına həsr olunan əsərlərin, mahnıların nəyi pisdi ki? Taxıl əkən, çay becərən, neft  çıxaran zəhmətkeş insanların vəsfi məgər qəbahətdir?

-  Azad müəllim, atanız uşaqlıqdan zəhmətə qatlaşıb...

- Atamın atası Məşədi Əliabbas babam  dəmirçi  olub. Beşmərtəbəynən üzbəüz küçədə babamın dəmirçi dükanı varmış.   Atam da əli iş tutandan babama kömək edib. Hələ kiçik yaşlarından  atamın ovcunun içi qabar  tutubmuş...Sonralar atam deyəndə eşitmişdim ki, babama kömək etdiyi illərdə atam öz-özünə söz verib, qarşısına məqsəd qoyubmuş ki, nəyin bahasına olursa- olsun, oxuyub  təhsil  alacaq.

Atamgil ailədə dörd qardaş olub, dörd bacı.  Atamın böyük qardaşı İkinci Dünya müharibəsində itkin düşüb. Atam  o  əmimi  həmişə  xatırlayıb  qüssələnərdi.

Zəhmətkeş ailədə böyüdüyündən  ömrünün sonuna kimi zəhmətdən, işdən- gücdən yorulmadı  atam. 1938-ci   ildə   birinci   çağırış   Azərbaycan   Ali   Sovetinə deputat seçildi.   Sonrakı bütün çağırışlarda  xalqın elçisi seçilməklə bərabər, həm də Azərbaycan Ali Sovetinin sədri vəzifəsində çalışdı. Atam 10 iyun 1989-cu ildə vəfat edəndə düz 84  yaşın içində idi. Atamın yaşı çox olsa da, ürəyi cavan idi. Tükənməz enerjisi ona istər zehni əməkdən, istər fiziki əməkdən yoruldum deməyə imkan vermirdi.

Atamın  əlindən ancaq  yaxşılıq gələrdi. O dövrün bir çox cavan şairləri - adlarını çəkməyə ehtiyac görmürəm - müxtəlif, xüsusən də təhsil problemlərinin həll olunması ilə bağlı atamın  yanına tez-tez xahişə gələrdilər. Bir  kimsəni    əliboş,  naümid  qaytarmazdı. Xoşlayardı ki, ona işi  düşənlərin problemini  həll  etsin. Təbii  ki, vəzifə  səlahiyyətləri  çərçivəsində. Öz mənafeyinə  çalışan  adam  deyildi. Uşaqla uşaq idi, böyüklə böyük. Ömrünün  sonuna kimi    öz  xarakterinə  sadiq  qaldı...

O ki qaldı yaradıcılıq fəaliyyətinə...Atamın dönə-dönə müraciət etdiyi cənub mövzusu onun ürəyinin  ən  ağrıyan yeriydi. O mövzudan danışanda atamın çöhrəsi buludlanırdı. Ümumiyyətlə, təbiətində gizlədilə bilməyəcək dərəcədə kövrəklik, ürəyiyumşaqlıq, həssaslıq vardı atamın...

-  Azad müəllim, atanız  Süleyman Rüstəm  demək olar ki, bütün janrlarda qələmini işlədib. Həmçinin Ali Sovetin sədri ...digər ictimai  vəzifələr... Bəs o qədər işin-gücün arasında yaradıcılıqla məşğul olmağa necə vaxt ayıra bilirdi?

- Atam adətən  gecələr evdə yazırdı. Biz artıq  onun    üslubuna  öyrəşmişdik. Çalışırdıq  ki, evdə  səs-küy   salmayaq. Yatanda da  həmişə  yastığının yanına  kağız-qələm  qoyardı. Hərdən  yuxudan  ayılıb  fikrinə  gələn  misraları,  qafiyələri  o kağıza köçürərdi.

-  Yazdıqlarını kiməsə oxuyurdumu?

- Ən çox şair Qabilə oxuyardı ilk yazdıqlarını. Aralarında yaş fərqi olmasına baxmayaraq, atam Qabilin məsləhətlərinə həmişə qulaq asardı. Qabil də bilirsiniz də, açıq danışan, sözü üzə deyən adam idi. Əgər Qabil  atamı dinləyib desəydi ki, bu bənd, və ya bu  misra yerində deyil, zəifdi... Onda atam yazdığını ya cırıb atar, ya da vaxt tapıb  yenidən o şeirin üzərində işləyərdi... Atamın çapa vermək istədiyi şeirlərinin də ilk oxucusu və ilk rəyçisi Qabil idi.

O dövrün cavan şairlərindən Sabir Rüstəmxanlı, rəhmətlik Əliağa Kürçaylı ilə atamın isti münasibətləri vardı. Atamın son yazdığı məktub da Sabir Rüstəmxanlıya  ünvanlanıb.

-  Sirr deyilsə, məktub nə ilə bağlı yazılmışdı?

- Sabir Rüstəmxanlının baş redaktor işlədiyi nəşriyyatda atamın əsərləri çap olunmuşdu. Axırıncı cild qalmışdı. O cildin çapı ilə bağlı idi atamın yazdığı məktub. Elə  həmin günlərdə də atam dünyasını dəyişdi.

...Zəngin  potensialı,  güclü müşahidə  qabiliyyəti   vardı atamın.  O yaşda  heyrət    doğuracaq  dərəcədə  yaddaşa   malik   idi. Bir də görürdüm  çağırırdı  məni   yanına, soruşurdu, Azad, filankəsin  telefonu   neçədi?  Fikirləşirdim. Deyirdim, qoy,  kitabçaya baxım  gəlim. Yumorla gülümsəyib  deyirdi  ki, qələm götür, mən deyim,  sən də yaz. ...Və soruşduğu  nömrəni   əzbərdən  söyləyib  "inanmırsan, get   yoxla"  - deyirdi.  Demək istədiyim  odur  ki, 83 yaşında  olanda da atamın  hafizəsi  20 yaşında   cavanın  hafizəsi kimi yerində idi. O yaşda eşitməsindən    bir  şikayəti  yox  idi.  Danışığı da  səlisdi, sözləri,  cümlələri də yerli-yerində idi. Yəni, yaşını  nəzərə  alanda   heç bir qüsuru yox idi.  Ömrünün  sonlarında   heç bir gün də xəstə  yatmadı.

...Kiçik  bir problemi vardı, demək olar ki, lap cavanlığından. Cərrahi  müdaxiləylə  aradan  qaldırıla  bilərdi...

Bir gün dedi ki, mən işdə - prezidiumda  saatlarla  otururam, deyəsən,  bu  balaca  problemim  yavaş-yavaş mənə əziyyət vermək  istəyir.                                                                       

...Öz  ayaqları  ilə  getdi  girdi xəstəxanaya. Üç gündən sonra  da   elə palatada     dünyasını  dəyişdi.

-  Azad  müəllim, Süleyman   Rüstəmin   "Ana    poçtalyon"   şeiri  ana, xüsusən əsgər anası  mövzusunda yazılmış  ən   təsirli poeziya nümunəsidir...

- Atamın  qələm dostu Huseyn Abbaszadənin yazdığı cümlələr "Ana və poçtalyon"a verilən ən səmimi qiymətdir: "Əgər mənə desəydilər ki, dünya ədəbiyyatında analara həsr edilmiş ən gözəl şeirləri seç, bir antologiya tərtib elə, mən mütləq o antologiyanın ilk səhifəsinə "Ana və poçtalyon" şeirini verərdim. Çünki bu kiçik şeir qədim ənənələrə malik qüdrətli Azərbaycan poeziyasının nadir incilərindən biridir. Süleyman Rüstəmin əsərləri içində belə incilər çox-çoxdur".

Atamın öz əlləri ilə  gündəliyinə  yazdığı  bu cümlələr də   ana məfhumunun  onun üçün necə böyük bir önəm daşıdığından xəbər verir: "Mən  öz  xoşbəxtliyimdə, sevincimdə  anamı  minnətdarlıq  hissi  ilə  xatırlayıram. O anam  ki, savadsız  idi. Lakin  qohumlarımın  "dəmirçi  oğludur, qoy atasının  sənətini davam  etdirsin"  təkidinə  etiraz  səsini  ucaldıb  məni  oxumağa, təhsilə  həvəsləndirmişdir. Mənə  hər  cür  qayğı  göstərmişdir".

...Atam   olduğu   üçün  demirəm, şair Süleyman Rüstəmin  yazmaq  ilhamı  qaynayıb-daşan  bir   bulaq  idi.  Atamı  tez-tez məktəblərə, ali təhsil  ocaqlarına görüşə dəvət edirdilər. Bakıda elə bir təhsil ocağı tapılmazdı ki, atam oraya dəvət edilməsin. O görüşlərdə şagirdlər, tələbələr atamın şeirlərini əzbərdən deyir, pyeslərindən səhnəciklər oynayırdılar.

...Qara cildli, qalın bir kitabçası vardı atamın. Özünün ən yaxşı şeirlərini qara rəngli qələmlə həmin kitabçaya  köçürmüşdü. Dəvət olunduğu tədbirlərə gedəndə, o kitabça mütləq atamın əlində olardı...

Bəzən atam  anamla məni də o görüşlərə aparardı. Atamın  şeirləri   səsləndiriləndə mən şair  oğlu olduğumdan qürur duyurdum.

Atamla bağlı ən çox yadımda qalan Bakıdakı 190 və 132 nömrəli məktəblərdə keçirilən tədbirlərdi... Çox canlı, maraqlı təşkil edirdilər. Xüsusən, 190 nömrəli məktəbin dil-ədəbiyyat müəllimi Zərbalı müəllimin yazdığı ssenarilər üzrə...

-  Atanızın ən çox hansı mövzuda yazdıqları bir oxucu kimi sizin daha çox xoşunuza gəlirdi?

- Atam qəlbən,  ruhən odlu bir vətənpərvər idi. Onun Cənubi  Azərbaycana  həsr  etdiyi  silsilə  şeirləri, Qarabağ  ünvanlı,  vətən  soraqlı misraları  həmışə  dillər əzbəri  olub...

-  Azad müəllim, atanızla bağlı xatirələriniz...

- Atam boz rəngi çox sevərdi. Demək olar ki, kostyumlarının, köynəklərinin əksəriyyəti boz rəngdə idi. Əlli  yaşından sonra buxara papaq  qoymağa  başladı. Sadıq  Murtuzayev  vardı, eşitmiş  olardınız, uzun illər Abşeronda,  Ağdamda, Şəkidə  katib  işləmişdi. Deyirdi  ki, kişi məndən  boz  rəng papaq istəmişdi, o rəngdə dəri tapa bilmədim,  odur ki, boza oxşar rəng dəridən tikdirdim kişiyə papağı,  hədiyyə elədim.

...Atam adətən dekadalara (ongünlüklərə - müəllif) gedəndə  anamla  məni də özü ilə götürərdi... Dəfələrlə Moskvada, Daşkənddə keçirilən tədbirlərin ailəvi iştirakçısı  olmuşuq.

...Nə qədər çox  qonorar  alsa  da, atamın əlində pul qalmazdı. Səxavətli adam  idi. Ürəyi  yuxa idi. Hamı da  xasiyyətini  bilirdi. Ona görə    ona  ağız  açanlar, nəyinsə xahişini edənlər  çox  olurdu.

-  Süleyman  Rüstəmin son şeiri?

- Təxminən 14-15  bənddən  ibarət  "Qarabağnamə" yazıb. Oxuyursan,  elə bil bu gün üçün  yazılıb:

 

Yersizin əmri ilə  yerli yerindən  köçməz,

Hansı  övlad Vətən uğrunda  canından  keçməz!

İki  gözdən  kor olan  dostunu  yaddan  seçməz,

Vətən övladı səni yadlara verməz, Qarabağ!

Hüsnünü,  mənliyini  odlara  verməz, Qarabağ!

 

 -  Azad müəllim, sənət seçiminizdə ata-ananızın rolu oldumu?

- 1963-cü ildə orta məktəbi bitirdim. Anam istəyirdi ki, həkim olum.

...Bir gün atam məni apardı universitetin rektoru Şəfayət Mehdiyevin yanına. İndiki İqtisad Universitetinin sağındakı binanın ikinci mərtəbəsində rektorun  otağı idi. Şəfayət müəllim mənə bir neçə sual verdi, cavab verdim. Hazırlıqlı olmağım onun xoşuna gəldi. O, qarşıdakı qəbul imtahanlarında mənə uğur arzuladı. Mən həmin il imtahanlardan müvəffəqiyyətlə keçib universitetin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə qəbul olundum.

-  Süleyman  müəllim  nəvələrinə şeir həsr edirdimi? 

- Əlbəttə. Mənim iki övladım  var. Oğluma  Günəş adını vermişəm, qızıma  Azadə. Atam  hər  ikisinə şeir  həsr  eləmişdi: "Nəvəm  Günəşə", "Nəvəm Azadəyə". İndi hər iki  övladım ailə sahibidi. Qızımın iki qızı, oğlumun bir oğlu  var. Oğul  nəvəmə  atamın adını qoymuşuq. İndi  bizim ata ocağımızda  yeni  bir  Süleyman Rüstəmzadə  böyüyür.

-  Atanızın  dostları   çox  idi?

- Əlbəttə. Dünyanın hər yerində  atamın  qələm  dostları  vardı...SSRİ  miqyasında  atamın  dostları  daha çox  idi. Böyük türk  şairi  Nazim  Hikmət Moskvadan ilk dəfə  Bakıya  atamın  şəxsi   dəvətilə  gəlmişdi. Dağıstanın  xalq  şairi   Rəsul  Həmzətov  dəfələrlə  Azərbaycana  gəlib, atamın  qonağı  olub. Ümumiyyətlə, başqa  respublikaların  şairlərindən,  yazıçılarından  Bakıya  kim gəlirdisə,  mütləq  atamın  qonağı  olurdu. Atam onlara ya evimizdə  ziyafət  verərdi,  ya  da  ata  babamgilin   geniş   həyətlərində.

Atam   xasiyyətcə  deyib-gülən, zarafatcıldı. Hərdən  qonaq-qarası çox olanda  evə kefi kök qayıdardı. Anam səbrini basıb bir söz  deməz, hətta nədənsə inciyəndə belə  atama  heç  vaxt,  heç nə hiss etdirməzdi. Ümumiyyətlə, anam təbiətən çox sakit, mülayim qadın  idi.

-  Atanızın  sözlərinə  yazılmış mahnılardan, şeirlərindən yadınızda qalanı  varmı?

- Atamın  şeirlərini  əzbərləməyə  məxsusi  ehtiyac  yoxdu... Çünki onun  şeirləri  o  qədər  axıcı, o  qədər   rəvandı  ki, bircə  dəfə  oxuyursan,  adamın  yadında qalır. Şeirlərinə yazılmış  mahnılar  da  həmçinin.

...Atamın şeirlərinə yazılan mahnıları daha çox Şövkət Ələkbərova, qəzəllərini  isə əsasən  Zeynəb  Xanlarova  oxuyub. Atamla  Zeynəb xanım  ata-bala  kimi  idilər. Təzə şeir  kitabı  çıxan  kimi,  atam onu hamıdan  əvvəl  Zeynəb  xanıma  göndərərdi. Yeri gəlmişkən, Zeynəb xanımın  səsindən  də yoxdu  da...

Yenə də atam olduğu üçün demirəm, XX  əsr  Azərbaycan  ədəbiyyatında, o cümlədən ictimai mühitində  Süleyman Rüstəmin bir vətəndaş kimi  fəaliyyəti ayrıca  səhifədir. Onun şeir dünyasında açdığı cığır yalnız özünə məxsusdur. Misraları axıcıdır, dili xəlqidir, söz ehtiyatı  zəngindir...

Mənim sırf oxucu qənaətimdən doğan fikirlərdi bu...

Azad müəllimlə söhbəti yekunlaşdırıb ailə albomunu  gündəliyini vərəqlədik.

 

Süleyman Rüstəmin gündəliyindən seçmələr

 

"...Yurdumuzun  göylərini  qara buludlar  alanda  biz qələmi silaha çevirib  ona  sarıldıq. Döyüş meydanlarında, cəbhələrdə, əsgərlər  qarşısında  alovlu,  vətənpərvər  şeirlərimizlə çıxış  edib  vətən  oğullarına  qol-qanad  verirdik. Biz  Mozdok ətrafında,  Kerçdə  416-cı,  402-ci,  223-cü  diviziyalara  təhkim  olunmuşduq. Döyüş  meydanlarında  yazdığım  şeirləri  vətənimin  azadlığı  üçün  döyünən ürəyimin  bir parçası   hesab  edirəm".

"...Cənub həsrəti, Cənub ağrısı   mənim  qəlbimdə,  demək olar  ki, lap  uşaq yaşlarımdan başlamışdı. Hələ  Süleyman  Sani  Axundovun  dördüncü rus-tatar məktəbində  oxuduğum  vaxtlarda  Arazın o  tayından  Bakıya işləməyə gələn  fəhlələrə   mirzəlik eləyirdim. Mən onların  dedikləri  sözləri  yaza-yaza  onların ürəklərinə   bələd  olurdum  və yavaş-yavaş  başa düşürdüm ki,  uzaqlarda,  çox  uzaqlarda  əlim  çatmayan,  ünüm  yetməyən  bir   dağ  var, - adı  Savalandır,  bir  şəhər  var, - adı  Təbrizdir,  yenə bir  şəhər  var, -  adı Ərdəbildir,  bir kənd  var, - adı  Sərabdır.  İş elə gətirdi ki, sonralar  mən   Cənubi  Azərbaycanda oldum:   Savalanı, Təbrizi,  Ərdəbili,  Sərabı  qarış-qarış  gəzdim.   Heç  yadımdan  çıxmaz,  bir dəfə bir  dağ  kəndində   camaatın  qarşısında  şeir   oxudum. O  qədər əl çaldılar  ki, düzü,  utandım.  Yığıncaqdan  sonra  yaşlı  bir kişidən  soruşdum  ki,  mənim  oxuduqlarımı  başa düşdü, ya yox?  Kişi  güldü, dedi  ki,  niyə başa düşmürəm,  ağa,  ürəyimin qulağı  var,  gözü  var. O vaxtdan  bu ifadə  mənim  yadımda  qalıb..."

 

 

Hazırladı: Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.8.