Metodiki
ədəbiyyatın hazırlanmasına dair
Tədrisin təşkili,
təlim prosesinin səmərəli
qurulması, müasir təlim metod və texnologiyalarının tətbiqi,
idarəetmə və qiymətləndirmə kimi
müxtəlif pedaqoji mahiyyətli işlərin,
eləcə də təhsilin bütün
sahələrini, tərbiyə işini, o cümlədən iqtisadi,
sosial, texnoloji əsasların
uğurlu nəzərə alınması
məqsədi ilə müxtəlif metodiki
nəşrlər hazırlanır və istifadəyə verilir. Metodiki materiallar sırasına tədris planları, fənn
proqramları, dərsliklər, dərs vəsaitləri, yardımçı
vəsaitlər, əyani vəsaitlər, metodiki
göstərişlər, vəsaitlər, tövsiyələr
və s. daxildir.
Bəlli olduğu kimi, bilik, bacarıq və
vərdişlərin məcmusunu təşkil edən və
standartları müəyyənləşdirən sənədlər
- təhsil proqramlarından, tədris planı, fənn proqramı
və dərsliklərdən (kurikulumdan) ibarətdir. Bu
mühüm dövlət əhəmiyyətli sənədlərin
hazırlanma, istifadəyə verilmə mexanizmi Təhsil
Nazirliyi tərəfindən müəyyənləşdirilir
və nazirliyin kollegiyası tərəfindən təsdiq
edilir, nazirin əmri ilə istifadəyə buraxılır.
Bütün metodik
sənəd və materiallar mütəxəssislər
tərəfindən hazırlanır, müzakirə, qəbul,
təsdiqlənmə və nəşr mərhələlərindən
keçir. Müzakirələr, ilkin rəylər əlyazmasının
hazırlandığı müəssisədə (kafedrada, fakültədə, metodiki
şurada, Elmi Şurada) başa
çatır, sonra nəşrinə qrif alınması üçün
Təhsil Nazirliyinə təqdim olunur. Təhsil
Nazirliyinin Elmi-Metodiki
Şurasının ixtisaslar (fənlər)
üzrə bölmələri əlyazmasını yenidən
rəyə verir, müzakirə edir, qrifin verilib-verilməməsi
barədə təklifini irəli sürür.
Bu təklifdən sonra
Təhsil Nazirliyi nəşrə dair razılığını və ya qərarını verir.
Təhsil
naziri cənab Misir Mərdanov
ötən il bölmələr üzrə
Metodiki Şuraların işini
gücləndirmək məqsədi ilə əmr
imzalamışdır. Əmrdə hazırlanan əlyazmalarının
orijinallığına, məzmunca yeniliyinə, ümumiyyətlə,
pedaqoji-metodik keyfiyyətinin təminedici
olmasına diqqətin artırılması tələb olunur.
Həmin əmr bölmələrdə müzakirə edilmiş və icrasına
başlanmışdır.
Təcrübə
göstərir ki, əlyazma müəlliflərinin
xeyli qismi verilən pedaqoji-metodik tələbləri nəzərə
almır, tərtib etdikləri materiallarda
özlərini müəllif kimi göstərirlər.
Xoşagəlməyən hallardan biri budur ki,
bəzi fənlər üzrə proqramları digərindən
köçürmə yolu ilə qeyri-ixtisas sahibləri
"hazırlayırlar". Hətta metodik
vəsait, tövsiyə və digər əlyazmalarında qeyri-ixtisas sahibləri rəyçi və ya redaktor kimi
göstərilir.
Ən
xoşagəlməz hallardan biri də budur ki, bəzi müəlliflər plagiatdan
bəhrələnir və ya monoqrafik dissertasiya əsərini
tədris vəsaiti, metodik tövsiyə kimi təqdim edir. Bütün bu kimi hallar Metodiki
Şuranın bölmələrinin işini
çətinləşdirir.
Metodik vəsait, tövsiyə,
göstəriş, hətta dərs vəsaitinin hansı məzmunda,
hansı həcmdə hazırlanmalı olduğunu,
verilən struktur və didaktik
tələbləri bilməyənlər də vardır.
Təcrübəsiz
müəlliflərə yardımçı olmaq
məqsədi ilə metodiki işləmələrlə
əlaqədar verilən tələbləri qeyd
etmək istərdim. Öncə fənn proqramının tərtibi
haqqında.
Fənnin
(kursun) proqramı, hamıya bəlli olduğu kimi, tədris
planında nəzərdə tutulmuş
saatları əhatə edir, didaktik qaydalara əsasən
tərtib olunur. Hər mövzuda
hansı məsələyə, istiqamətə yer veriləcəyi göstərilir. Bu, bir neçə
adlıq cümlə ilə öz əksini
tapır. Təbii ki, bu
kimi məlum tələblərə əməl
edənlər çoxdur, amma
bəzi müəllif və kafedralar
proqramı metodik göstəriş istiqamətinə
yönəldirlər. Hər mövzunun
şərhini verir, izah
edir, dərs deyən müəllimin
axtarıcılığına, yaradıcı
yanaşmasına imkan qalmır. Bununla yanaşı, proqramın həcmi şişirdilir, proqram
mahiyyətini dəyişir. Bəlli olduğu kimi, proqramın
həcmi fənnin məzmunundan, tədrisə
ayrılmış saatlardan asılı olaraq müəyyənləşdirilməlidir.
Əgər tədris vaxtı 14 və ya
15 mövzuya verilirsə, onun
həcmi 30 saatlıq nəzərdə tutulur
və bu, 10-12 səhifəni keçməməlidir.
Yeri gəlmişkən,
"Dərslik siyasəti" sənədinə əlavə edilmiş məqsədəuyğun
anlayışların izahını konkret
olaraq xatırlatmaq istərdim:
Tədris
planı (kurikulumun tərkib hissəsi) - hər
bir sinif üzrə fənləri
və onların tədrisinə ayrılan həftəlik dərs
saatlarının miqdarını göstərən sənəddir.
Tədris
proqramı (kurikulumun tərkib hissəsi)
- hər bir fənn üzrə mənimsənilməli
bilik, bacarıq və vərdişlərin
məzmununu, həcmini müəyyən edən sənəddir.
Dərslik
- konkret fənn üzrə tədris
planı və proqram əsasında
hazırlanmış, nəzəri və praktik
biliklərin əsaslarının sistemli və
anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir.
Variativ dərsliklər -
ayrı-ayrı müəlliflərin (müəllif qrupunun) vahid tədris
proqramı əsasında eyni fənn üçün hazırladıqları
müxtəlif dərsliklərdir.
Dərs
vəsaiti - konkret fənn üzrə tədris
proqramına uyğun
hazırlanmış, dərslikdə verilən biliklərin
genişləndirilməsi və möhkəmləndirilməsinə
xidmət edən vəsaitdir (Bax: "Təhsil xəbərləri",
2006, ¹2).
Yuxarıda
qeyd edilən tələblər təkcə
ümumtəhsil məktəbi üçün
deyil, orta ixtisas, texniki peşə, ali məktəblər üçün
hazırlanan metodik işləmələrə
də aiddir.
Əlavə
olaraq metodik vəsait,
tövsiyə, göstəriş haqqında bir
neçə səciyyəvi əlamətləri qeyd etmək istərdim. Metodik
vəsait hər hansı bir fənnin,
bölmənin, mövzunun və s. tədris xüsusiyyətlərini, bu sahədə nəzəri və təcrübi
məlumatları ümumiləşdirən, konkret
didaktik-metodiki-praktik yönümdə
hazırlanmış olur. Hər hansı monoqrafik əsəri metodik
vəsait adı ilə təqdim etmək olmaz.
Metodik tövsiyə, adətən,
ayrı-ayrı mövzu və ya bölmələrin tədrisinə aid səmərəli nəticə verə bilən
tövsiyələrdən ibarət olur.
Metodik xarakterli
ədəbiyyatın hazırlanmasına verilən tələblər
bütün kafedralarda
diqqət mərkəzində saxlanmalıdır. Bunu da qeyd etmək istərdim ki, yeni dövrün,
yeniləşən cəmiyyətin, inkişaf
edən texnologiyaların metodik ədəbiyyatda
öz əksini tapması, böyüyən
nəslin marağı və intellektuallığı,
respublikamızın inkişafda olan sosial, iqtisadi,
mədəni həyatı məqsədəuyğun məqamlarda
tədrisə daxil edilməsi nəzərə
alınmalıdır.
Əjdər
AĞAYEV,
Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin
Elmi-Metodiki Şurasının
"Pedaqogika
və Psixologiya" bölməsinin
sədri,
pedaqoji elmlər doktoru, professor
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.9.