Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin
XVI
hesabat-seçki konfransı
keçirildi
Oktyabrın 10-da Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin XVI hesabat-seçki konfransı
keçirildi.
Konfransdan əvvəl tədbir
iştirakçıları Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi
qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da məzarı ziyarət olundu.
Konfrans iştirakçıları daha sonra Şəhidlər
xiyabanına gedərək Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsini andılar, məzarları üzərinə
qərənfillər düzdülər.
Konfrans Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində
öz işinə başladı. Tədbirdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev, Təhsil Nazirliyinin məsul
işçiləri,
respublikanın bütün bölgələrinin, eləcə
də paytaxt rayonlarının TİAHİ komitələrinin,
ali və orta ixtisas təhsili müəssisələrinin
müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının
sədrləri, bir sıra ali təhsil müəssisələrinin
rektorları, tanınmış alim və pedaqoqlar, səkkiz
ölkənin həmkarlar təşkilatları və beynəlxalq
həmkarlar ittifaqları birliklərinin nümayəndələri
iştirak edirdilər.
Öncə Azərbaycan
Respublikasının Dövlət himni səsləndirildi.
Ölkəmizdə təhsil sahəsində görülən
işlərdən, əldə olunan nailiyyətlərdən,
elm və təhsil işçilərinə dövlət tərəfindən
göstərilən diqqət və qayğıdan bəhs edən
filmin nümayişi konfrans iştirakçıları tərəfindən
rəğbətlə qarşılandı. Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin XVI hesabat-seçki konfransının
gündəliyi və iş qaydası təsdiq olunduqdan sonra Təhsil
Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov
təhsil naziri Misir Mərdanovun təbrikini oxudu.
Sonra Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar
Mehbalıyevin rəhbərlik etdiyi qurumun 2006-2012-ci illər ərzində
gördüyü işlərlə bağlı hesabatı
dinlənildi. Səttar Mehbalıyev bildirdi ki, əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuş strateji inkişaf kursunu əzmlə həyata
keçirən ölkə başçısı cənab
İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində
bu gün Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə
dünyanın ən öncül ölkələrindən
birinə çevrilmişdir. Respublikamız inkişaf etdikcə
həmkarlar ittifaqlarının da inkişaf etdiyini deyən məruzəçi
dövlətimiz tərəfindən həmkarlar ittifaqı təşkilatlarının
müstəqil fəaliyyət göstərə bilməsi
üçün yaradılmış münbit şəraitin,
ölkə rəhbərliyi səviyyəsində bu təsisatın
cəmiyyət həyatındakı roluna verilən
mühüm önəmin, vətəndaşların əmək
hüquqları ilə bağlı qanun və qərarların
qəbulu zamanı həmkarlar ittifaqı təşkilatlarının
rəyinin nəzərə alınmasının onları
yeni-yeni uğurların qazanılmasına
ruhlandırdığını söylədi.
Qeyd olundu ki, 2006-2012-ci illəri əhatə
edən hesabat dövründə ATİAHİ Respublika Komitəsi
qarşıya qoyulan istiqamətlər üzrə fəaliyyət
göstərərək ittifaq üzvlərinin əmək,
sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
təmin edilməsi ilə bağlı bir sıra işlər
görüb. Həmin dövrdə ATİAHİ Respublika Komitəsi
Məclisinin 7, Rəyasət Heyətinin 72 iclası
keçirilib. İclaslarda 649 məsələ müzakirə
olunub. Bildirildi ki, ATİAHİ Respublika Komitəsi də Azərbaycanın
gənclər siyasətinin fəal
iştirakçılarındandır. Hesabat dövrü ərzində Respublika Komitəsi tərəfindən
hər il ali məktəb tələbələri
üçün bədii yaradıcılıq festivalları,
müsabiqələr, fənn olimpiadaları, intellektual
yarışlar, xüsusi istedada və
yaradıcılığa malik gənclərin
aşkarlanması və onların potensial imkanlarının
genişləndirilməsi ilə bağlı tədbirlər təşkil
olunmuşdur. Bu cür tədbirlər çərçivəsində
tələbələrə adlı təqaüdün verilməsi
xüsusi əhəmiyyət kəsb edir. 2011-2012-ci tədris
ilindən başlayaraq aztəminatlı ailələrdən
olan 38 tələbənin təhsil haqqının 30 faizi həmkarlar ittifaqının
vəsaiti hesabına ödənilmişdir.
Milli Məclisin deputatı Səttar
Mehbalıyev daha sonra rəhbərlik etdiyi qurumla Təhsil
Nazirliyi arasında qurulmuş əməkdaşlıqdan, birgə
həyata keçirilən tədbirlərdən də
geniş söz açdı.
Məruzəsində hesabat dövrü ərzində
ATİAHİ Respublika Komitəsinin gördüyü işlər
barəsində konfrans iştirakçılarına ətraflı
məlumat verən sədr komitənin bundan sonra da üzərinə
düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə
ümidvar olduğunu dedi və bu işdə hamıya
uğurlar arzuladı.
Sonra ATİAHİ Respublika Komitəsinin
təftiş komissiyasının hesabatı dinlənildi.
Respublikanın bir sıra bölgələrinin, eləcə də
paytaxt rayonlarının
TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili
müəssisələrinin müəllim və tələbə
həmkarlar ittifaqı təşkilatlarının sədrləri
fəaliyyətlərindən söz açdılar, Respublika
Komitəsi ilə əməkdaşlıqlarından
danışdılar.
Qeyd edək ki, konfransa respublikanın
bütün bölgələrindən 181 nümayəndə
seçilmişdi.
Geniş fikir mübadiləsi və
diskussiya şəraitində keçən XVI hesabat-
seçki konfransında
ATİAHİ Respublika Komitəsinin işi qənaətbəxş
hesab edildi və Səttar Mehbalıyev yekdilliklə yenidən növbəti
dövr üçün komitənin sədri seçildi.
Konfransda həmçinin gündəlikdə
duran digər məsələlərə də baxıldı,
TİAHİ Respublika Komitəsinin yeni heyəti və təftiş
komissiyası seçildi.
Tədbirdə xarici ölkələrin
həmkarlar təşkilatları və beynəlxalq həmkarlar
ittifaqları birliklərinin nümayəndələri də
çıxış edərək
ATİAHİ Respublika Komitəsinin fəaliyyətini
yüksək qiymətləndirdilər, azərbaycanlı həmkarlarına
xatirə hədiyyələri təqdim etdilər və qonaqpərvərliyə
görə minnətdarlıqlarını bildirdilər.
Sonda Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVI
hesabat-seçki konfransı nümayəndələrinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciəti qəbul olundu.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.9.