İlk müsəlman Nobel
mükafatı laureatı
XX əsr fizika elminin ən
görkəmli nümayəndələrindən biri elm sahəsində müsəlman şərqinin ilk
Nobel mükafatı laureatı, pakistanlı alim Abdus
Salamdır. Öz elmi uğurları ilə
sağlığında Pakistanın milli qəhrəmanı
zirvəsinə yüksəlmiş, ölkəsində elmin
inkişafı naminə fədakarcasına
çalışmış Abdus Salam dünya nəzəri
fizika məktəbi yaratmış, inkişaf etməkdə
olan ölkələrdə fizik alimlərin və onların
elmi tədqiqatlarının inkişafına töhfələr
vermişdir. O, atomun müasir standart modelinin banilərindən
biri hesab olunur. Dünyanın 40-dan artıq universitetinin və
elmi cəmiyyətlərinin fəxri doktoru seçilmiş
Abdus Salamın adı sağlığında Albert Eynşteyn, Nils Bor və digər
dahilərlə yanaşı çəkilib. Dahi alimin fizika elminə göstərdiyi xidmətlər
əvəzsizdir.
Uşaqlıq illəri
Müsəlman
dünyasının ilk Nobel mükafatı laureatı
1926-cı il yanvarın 29-da Pakistanın Canh şəhərciyində
rayon təhsil idarəsində işləyən Məhəmməd
Xusseyn və Xacira Xusseynin ailəsində anadan olub. Salamın
mömin ailəsində
oxumağa, biliklər əldə etməyə köhnədən
ənənə mövcud idi. 14
yaşında Salam tədris olunan fənlər üzrə ən
yüksək qiymətlər alıb. Pencab Universitetinə qəbul
imtahanlarında Salama qədər bu cür ən yüksək
nəticə qeydə alınmamışdı. O, universal tələbə olub, urdu
dili və ingilis ədəbiyyatı ilə maraqlanıb. Lakin
tezliklə riyaziyyat onun diqqətini daha çox cəlb edib.
Müəllimləri çox istəyirdilər ki, Salam ingilis
dili müəllimi olsun. Lakin o, riyaziyyatı seçib.
Universitetin 4-cü kursunda oxuyarkən bir sıra riyazi problemlərin
həlli ilə məşğul olmağa başlayan Salam ciddi
elmi karyera vəd edirdi. Atası oğlunun universiteti bitirdikdən
sonra Hindistanda dövlət
işində çalışmasını istəyirdi. O zaman dövlət işi bir
sıra universitet məzunlarının can atdığı əsas
fəaliyyət sahəsi idi. Dövlət qulluqçuları
cəmiyyətdə ən hörmətli mənsəbə
malik idi. Atasının arzularına hörmət edən Salam
özünü ilk iş yeri
kimi Hindistan dəmiryolu idarəsində sınamağa cəhd
edib. Lakin tibbi yoxlamadan keçə bilməyib. Salam gənclik
illərindən eynək taxdığından tibbi
yoxlamanın nəticələrinə əsasən dəmiryolu
nəqliyyatında mühəndis vəzifəsinə
yararlı hesab olunmayıb. Onun ilk cəhdi baş
tutmadığından Lahordakı hökumət kollecinin
aspiranturasında təhsilini davam etdirib. O, 1946-cı ildə
buranı bakalavr diplomu ilə başa vurub.
Xüsusi
təqaüdə nail olan Salam İngiltərədə Kembric
Universitetinin Sent-Con Kollecinə daxil olaraq 1949-cu ildə fizika və
riyaziyyatdan əla qiymətlərlə magistr diplomu
alıb.
Müsəlman alimin Avropa
zəfəri
Abdus
Salam Kembricdə qalıb və 1952-ci ildə məşhur
Kavendiş laboratoriyasında nəzəri fizika üzrə
kvant mexanikası və elektrodinamikanın fundamental problemlərinə həsr olunmuş doktorluq
dissertasiyası müdafiə edib.
Doktorluq dissertasiyası elmi jurnalda dərc olunandan sonra
Salam bütün dünya fiziklərinin diqqətini cəlb
edib. Bu elmi işə görə Salam Adams
mükafatına layiq görülüb. 1951-ci ildə o, Lahorda
hökumət kollecində riyaziyyat professoru yeri alıb. İlkin mərhələdə
o, Pakistanda nəzəri-fiziklər məktəbi
yaratmağı qarşısına məqsəd qoyub, lakin
tezliklə başa düşüb ki, Avropanın aparıcı
elmi-tədqiqat mərkəzlərindən çox-çox
uzaqlarda yaşamaqla nəzəri fizika sahəsində
uğurlu iş apara bilməyəcək. Buna görə də
Salam 1954-cü ildə riyaziyyat üzrə mühazirəçi-professor
kimi Kembric Universitetində işləməyə
başlayıb. 1957-ci ildə Salam Londondakı İmperial
Kollecində nəzəri fizika
kafedrası yaradır.
50-ci
illərin ortalarında Salam təbiətdə müşahidə
olunan bütün qüvvələr üçün vahid nəzəriyyəni işləyib
hazırlamağa cəhd edib. O, bununla hələ
XIX əsrdə əsası qoyulmuş elmi problemi həll etməyə
çalışıb. 1870-ci ildə şotlandiyalı
riyaziyyatçı və fizik Ceyms Klerk Maksvel elektrik və maqnetizmin vahid nəzəriyyəsini
- elektromaqnetizmi
hazırlamışdı. Ondan sonra fiziklər elə bir
nəzəriyyə işləməyə cəhd etmişdilər
ki, bu nəzəriyyə həm elektromaqnetizm, həm də
qravitasiyanı, eləcə də zəif və güclü
qarşılıqlı təsirləri əhatə edə
bilsin.
Abdus
Salam və digər fiziklər Şeldon Qleşou və Stiven
Vaynberqin bir-birlərindən ayrılıqda işləyib hazırladıqları
yeni nəzəri ideya elektromaqnetizm və zəif
qarşılıqlı təsirləri birləşdirən nəzəriyyənin
qurulmasına gətirib çıxardı. Maksvelin elektrik və
maqnetizmi birləşdirdiyi kimi, Salam-Qleşou-Vaynberq nəzəriyyəsi elektromaqnit və
zəif qarşılıqlı təsiri vahid "zəif-elektrik"
qarşılıqlı təsirin müxtəlif aspektləri
kimi təqdim etməyə imkan verdi. 60-cı illərin əvvəllərində
Salam və Qleşou
elektromaqnetizm və zəif
qarşılıqlı təsiri birləşdirməyə
cəhd etdilər, onlar bundan ötrü kalibrləmə simmetriyası
adlandırılan anlayışdan istifadə etdilər.
1960-cı
ildə Qleşou elektromaqnetizm və zəif
qarşılıqlı təsirin vahid nəzəriyyəsini
irəli sürdü, bu nəzəriyyə
qarşılıqlı təsirin
daşıyıcıları (fotonlar) olan 4 zərrəciyin
(elektromaqnit keçiricilər) və sonralar W+, W-, Z0
adlandırılan hissəciklərin (zəif
qarşılıqlı təsirin keçiriciləri) mövcud
olmasını söyləməyə imkan verdi. Qleşounun nəzəriyyəsində
başlıca çətinliklərdən biri bütün
hissəciklərin kütləyə malik olmaması barədə
fikirdən qaynaqlanırdı. Kvant mexanikasına görə,
qüvvənin təsir radiusu keçirici hissəciklərin
kütləsi ilə əks-mütənasibdir. Buna
görə də sıfır kütlə elektromaqnit və zəif
qarşılıqlı təsir üçün sonsuz radius
deməkdir. Lakin eksperimental nəticələr bu nəzəriyyə
ilə ziddiyyət təşkil edirdi. Bu problemi həll etmək
üçün Salam və Vaynberq digər metodlar tətbiq
etdilər. Onlar 1967 -1968-ci illərdə
vahid elektromaqnetizm və zəif qarşılıqlı təsir
nəzəriyyəsini çap etdiriblər. Salam belə bir fikir irəli
sürmüşdü ki,
elektromaqnetizm və zəif qarşılıqlı təsiri
əlaqələndirən kalibrli simmetriya enerji səviyyəsi
kifayət qədər dəyişərsə, spontan olaraq
pozulur. Daha yüksək enerjilərdə isə bu iki
qarşılıqlı təsir bir-birindən seçilmir. Bu
şəraitdə W və Z hissəciklər hər hansı
çətinliklər doğurmur, belə ki, böyük hissəciklər
mövcud olan enerjidən ayrıla
bilər (kütlə və enerjinin ekvivalentliyi Albert
Eynşteynin nisbilik nəzəriyyəsi ilə sübut
olunur). Lakin aşağı enerjilərdə W və
Z hissəciklərə (zəif qarşılıqlı
təsir) nadir hallarda rast gəlinir. Salam-Vaynberq nəzəriyyəsində W+, W- ,
Z0 hissəcikləri
süni olaraq daxil olunmur, onlar təbii olaraq simmetriyanın
spontan pozulması nəticəsində yaranır. Bu hissəciklərin
kütləsinin qiymətləndirilməsi nəzəriyyənin
özündən alına bilər. Hər W hissəcikdən biri protondan təxminən 80 dəfə, Z hissəcik isə daha
ağırdır. Salam və
Vaynberq riyazi hesablamalar vasitəsi ilə bütün dəyişən
ölçülər üçün son nəticələri
ala biləcəklərini güman edirdilər. Onlar 1971-ci ilə
kimi öz fərziyyələrini hesablamalarla təsdiq edə
bilmədilər. Yalnız 1971-ci idə
danimarkalı alim Gerhard Xooftun digər fiziklərlə əməkdaşlığı
nəticəsində Salam - Vaynberq nəzəriyyəsi
sübuta yetirildi. İki il sonra isə Çikaqo (ABŞ)
yaxınlığında yerləşən Fermi Milli Sürətləndiricilər
Laboratoriyasında və Avropa Nüvə Tədqiqatları Mərkəzinin
tədqiqatçıları tərəfindən zəif neytral cərəyanlar kəşf
olundu, bununla da Salam, Qleşou və Vaynberq nəzəriyyəsi
öz təsdiqini tapdı. 1979-cu ildə Salam, Qleşou və
Vaynberq elementar hissəciklər arasında birləşmiş
zəif və elektromaqnit nəzəriyyəsi sahəsində
xidmətlərinə görə Nobel mükafatına
layiq görüldülər. 1983-cü ildə isə Karlo
Rubbia tərəfindən W- və
Z hissəciklər də kəşf olundu. Nobel mükafatının təqdim
olunması mərasimində Abdus Salam
çıxışında demişdir: "Eynşteyn qravitasiya
yükünün təbiətini dərk edərək onu məkan-zaman
əyriliyi terminləri ilə ifadə etdi. Lakin biz digər
çoxsaylı yüklərin təbiətini onun kimi dərindən
başa düşə və
terminlərlə ifadə edə
biləcəyikmi? Bzim arzumuz qısaca belədir".
Pakistan prezidentinin baş
elmi məsləhətçisi
Salam
öz elmi həyatının çox erkən dövründə
kvant elektrodinamikası, kvant nəzəriyyəsi, nüvə
fizikası sahəsində çox əhəmiyyətli
işlər görüb. Fizika və riyaziyyatın
inteqrasiyası sahəsndə tədqiqatlar aparan Salam nüvə
fizikasının inkişaf etdirilməsində mühüm rol
oynamış, lakin özünün bütün elmi
karyerasını riyaziyyat və nəzəri fizikaya həsr
edib.
Abdus
Salamın maraqları təkcə nəzəri fizikanın
çərçivəsi ilə məhdudlaşmırdı.
1955-1958-ci illərdə o, BMT-nin əməkdaşı idi,
atom enerjisindən dinc məqsədlərlə istifadəyə
dair Cenevrə konfransının elmi katibi kimi fəaliyyət
göstərirdi. 1964-1974-cü
illərdə o, BMT-nin elm və texnika üzrə məsləhətçi
komissiyasının üzvü, 1971-1972-ci illərdə isə
bu komissiyanın rəhbəri, 1981-ci ildə YUNESKO yanında
elm, texnika və ictimai proseslər üzrə məsləhətçi
komissiyasının sədri olub. 1972-1978-ci illərdə nəzəri və tətbiqi fizika üzrə
beynəlxalq birliyin sədri
seçilib.
Öz ölkəsində elm və təhsil
üzrə bir sıra komissiyaların üzvü olan Abdus Salam
1961-ci ildə Pakistan prezidentinin elm üzrə baş elmi məsləhətçisi
təyin olunub. O, bu vəzifədə 1974-cü ilə kimi
çalışıb. Nobel mükafatından
başqa, Salam London Fizika Cəmiyyətinin Maksvel medalı
(1961), London Kral Cəmiyyətinin
Xyuz medalı (1964) və Kral medalına (1978), London Fizika
İnstitutunun Qutri medalına (1976), İtaliya Milli
Akademiyasının Matteuççi medalına (1978), Amerika
Fizika İnstitutunun Con Torrens Teyt medalına (1978), SSRİ Elmlər
Akademiyasının M.Lomonosov adına qızıl
medalına (1983) layiq görülüb. Pakistan
Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin,
İsveç Kral Elmlər Akademiyasının, Papa Elmlər
Akademiyasının, Amerika Elm və İncəsənət
Akademiyasının, Amerika Milli Akademiyasının fəxri üzvü seçilən
Salam 40-a yaxın (Pencab, Edinburq, Bristol, Kembric, Qlazqo və b.) universitetlərin ən fəxri elmi dərəcəsini
alıb.
Abdus Salam Beynəlxalq Nəzəri
Fizika Mərkəzi
Abdus
Salam 1964-cü ildə İtaliyanın şimal-şərqindəki
Triyest şəhərində Beynəlxalq Nəzəri Fizika Mərkəzi
(ICTP) yaradıb. O, mərkəzin
ilk direktoru olub. Abdus Salam 30 il ərzində fasiləsiz olaraq
bu unikal mərkəzə rəhbərlik edib. Dünyanın
100-dən artıq, əsasən də inkişaf etməkdə
olan ölkələrindən
olan 105 mindən çox gənc alim bu mərkəzin tədris
və elmi auditoriyalarından keçib. YUNESKO və MAQATE-nin
himayəsi altında fəaliyyət göstərən mərkəzin
başlıca məqsədlərindən biri inkişaf etməkdə
olan ölkələrdə elmin inkişafına dəstək
göstərməkdir. Mərkəzin maraq göstərdiyi sahələr
- fizikanın bütün bölmələri (eləcə də
geofizika, biofizika, neyrofizika və s.), onların digər elmlərlə
qarşılıqlı əlaqəsi, elmlərin
qovuşuğunda aparılan tədqiqatlardır. Mərkəz
bu qurumla tərəfdaşlıq
edən institutların layihələrini, elmi şəbəkələri,
elmi mübadilə proqramlarını, nəzəri fizika və
riyaziyyat üzrə elmi konfransların təşkilini dəstəkləyir.
1997-ci
ildə mərkəzin alimləri tərəfindən bu qurum
pakistanlı alimin şərəfinə Abdus Salam Beynəlxalq
Nəzəri Fizika Mərkəzi adlandırılıb. Salam üçüncü ölkələrdə
elmin inkişafını dəstəkləyib və bir
sıra ölkələrdə keçirilən elmi seminarlarda
iştirak edib. Salam eləcə də Üçüncü
Dünya Akademiyası (TWAS) yaradıb, elm və texnikanın inkişaf
etdirilməsinə həsr olunmuş bir çox beynəlxalq mərkəzlərin
yaradılmasında aparıcı sima olub. O,
davamlı surətdə belə bir fikri inkişaf etdirirdi ki,
"elmi təfəkkür bəşəriyyətin
ümumi sərvətidir" və inkişaf etməkdə
olan ölkələr digər ölkələrdə elmi tədqiqatların
aparılmasına və alimlərin yetişməsinə vəsait
ayırmalıdırlar ki, bununla elmi bütün
dünya üzrə inkişaf etdirmək, Şimal və Cənub
arasında fərqi azaltmaq və daha dinc, sülhpərvər
dünyanın yaradılması mümkün olsun.
Pakistanın nüvə
proqramının banisi
1950-ci
illərdə Abdus Salam yorulmaq bilmədən ölkəsində
güclü elmi-tədqiqat institutları yaratmağa cəhd
edib, lakin buna tez bir vaxtda nail ola bilməyib. 1960-cı ildə
vətənə qayıdaraq Pakistan prezidenti Eyyub Xan tərəfindən
ona həvalə edilmiş hökumət səlahiyyətlisi vəzifəsini
tutub. Bu
dövrdə Pakistanın elm sahəsində müstəqil
siyasəti olmayıb. Elmi tədqiqatlara büdcədən
ayrılan vəsaitlər cəmi bir faiz təşkil edib. Hətta
Pakistan Atom Enerjisi Komissiyası - Pakistan Atomic Energy Commission
(PAEC) kiçik bir otaqda yerləşirdi. Burada
10-a yaxın alim fizikanın fundamental problemləri ilə məşğul
olurdu. Tezliklə prezidentin elm üzrə baş məsləhətçisi
(1960-1974-cü illər) təyin olunan Salam atom enerjisi
üzrə komissiyanın ilk üzvü olub. O, PAEC-nin qərargahını
böyük sahəsi olan binaya köçürərək
bütün ölkə üzrə elmi-tədqiqat mərkəzləri
yaradıb. Salam Pakistanda elmi tədqiqatların
şəbəkəsini genişləndirib. O, 500-ə
yaxın pakistanlı gənci xaricə oxumağa göndərib.
1961-ci ilin sentyabrında prezident Eyyub Xana
müraciət edən Salam ölkəsinin ilk kosmik agentliyinin
yaradılması təşəbbüsü ilə
çıxış edib. Elə həmin il sentyabrın 16-da hökumətin
sərəncamı ilə kosmik agentlik yaradılıb. Salam bu qurumun ilk direktoru seçilib. O,
İsveçrədə tədqiqatlar aparan digər
pakistanlı nüvə fiziki İşfak Əhmədi vətənə dəvət
edərək yaradılmış yeni qurumda
çalışmağı təklif edib. İşfak
Əhmədin köməyi ilə Salam Lahor Nüvə Tədqiqatları
Mərkəzi yaradıb. Salam bu mərkəzdə nəzəri
və elementar hissəciklər fizikası sahəsində
aparılan bütün tədqiqatlarda mərkəzi sima idi. Fiziki institutun yaradılması ilə nəzəri
fizika sahəsində tədqiqatlar intensiv xarakter alıb.
Salamın rəhbərliyi altında fiziklər riyaziyyat və fizikanın həll
olunmamış problemləri üzərində
çalışırdılar. Tezliklə
pakistanlı alimin işləri beynəlxalq elmi ictimaiyyət tərəfindən
də tanınıb.
Salamın məsləhəti ilə
İşret Xusseyn Asmani bütün ölkə üzrə
pluton və uranın tədqiqi üzrə elmi-tədqiqat komitələri
yaradıb. 1961-ci ilin oktyabrında Salam
Amerika Birləşmiş Ştatlarına səfər edərək
Pakistan və ABŞ arasında kosmik əməkdaşlığa
dair müqavilə imzalayıb. 1961-ci ilin noyabrında isə
Amerika Milli Aerokosmik
Agentliyi (NASA)
Pakistanda kosmik qurğu - nüvə tədqiqatları
sınaq mərkəzi inşa
edib. Salam mərkəzin ilk direktoru olub. O,
pakistanlı alim və mühəndislərin Amerikada təhsil
almaları barədə də NASA ilə müqavilə
imzalamışdı. Bu proqram çərçivəsində
NASA-da ixtisasartırma kurslarında iştirak etmiş
pakistanlı alimlər, nüvə mühəndisləri bir
neçə aydan sonra Pakistana dönərək ölkənin
nüvə proqramını inkişaf etdirmək
üçün müvafiq vəzifələr
almışdılar. Abdus Salam Pakistanda
nüvə enerjisinin inkişafında və nüvə
proqramında nüfuzlu və çox mühüm rol
oynayıb. 1964-cü ildə Salam
Pakistanın MAQATE-də nümayəndə heyətinin rəhbəri
seçilib.
Salam təkcə elementar hissəciklər
fizikası və nəzəri fizikanın inkişafına
görə məsuliyyət daşımayıb, həm də
elmi tədqiqatların maksimum dərəcədə inkişaf
etdirilməsi sahəsində misilsiz xidmət göstərib.
Prezidentin baş müşaviri kimi atom enerjisindən
dinc məqsədlər üçün istifadə olunması
sahəsində başlıca rol oynayıb və 1972-ci ildə
nüvə layihəsi çərçivəsində tədiqaqatlara
rəhbərlik edib.
Nümunə
obrazı
Abdus Salamın işləri Pakistanda ən
yüksək həddə çatıb və o, elm sahəsində
ən nüfuzlu şəxs hesab olunurdu. Tələbələri
və həmkarları Salamı Pakistan nəzəri fizika məktəbinin
atası adlandırırdılar. Abdus Salam
xarizmatik və pərəstiş olunan şəxsiyyət idi.
Tələbələri, onun elmi işlərini dəstəkləyən alimlər
və mühəndislər Salamı parlaq müəllim və
çox cəlbedici tədqiqatçı kimi
xatırlayırdılar. Salam elmi dairələrdə
nümunə obrazı idi. Çoxları
ona oxşamaq, onun kimi elmin zirvələrinə yüksəlməyi
arzu edirdi.
O dövrdə Albert Eynşteynin dahiyanəliklə
irəli sürdüyü nisbilik nəzəriyyəsinə
bir çox fiziklər şübhə ilə yanaşır və
ya ehtiyatla qəbul edirdilər. Abdus Salam isə Eynşteynin nəzəriyyəsindən
ilham alaraq "New
Scienis" jurnalında dərc olunmuş məqaləsində
bu cür alimlərə cavab verirdi: "Bu cür adamlar həmişə
"bu elm deyil" deyə qışqırmağa
hazırdırlar. Onlar özləri isə tamamilə saxta elmi alternativlərlə
məşğuldurlar".
Salamın elmi dahiliyində bir Şərq
mistikası elementinin olması qeyd olunurdu.
Salam dünyanın elmi mərkəzinin Şərqdə
olmasını arzu edirdi. O, ümumiyyətlə, Şərqi,
müsəlman dünyasını dünya elminin mərkəzi
hesab edirdi. Qeyd edirdi ki, yalnız bir universal elm
mövcuddur, onun vəzifələri və metodları beynəlmiləldir.
"Elm təbiət naminə
çalışmaqdır. Təbiəti nə
qədər dərindən kəşf ediriksə, təbiət
qanunlarının çalışdığı gözəl
bir dünyanı kəşf edirik".
Şəxsi
həyatı
Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin
əməkdaşı Miriam Lyüs böyük alimin həyat
və elmi fəaliyyətinə həsr olunmuş məqaləsində
yazırdı: "Salam olduqca gərgin iş qrafikinə malik
idi; elmi tədqiqatlara rəhbərlik edir, məqalələr
yazır, gənc fiziklərlə görüşərək
onlara məsləhətlər verir, bir sıra ölkələrdə
keçirilən elmi tədbirlərdə iştirak edirdi. Bu qədər işin öhdəsindən gəlmək
üçün professor Salam həm özünə və rəhbərliyi
altında olan işçilər üçün bayram gecələri,
əyləncələri və digər bayram xarakterli tədbirləri
ixtisara salır. Bu cür iş şəraitində
işləyən əməkdaşları gərgin işlə
yüklənmələrindən şikayət edə bilmirdilər.
Salam bir sıra elmi işlərinə və beynəlxalq təşkilatlardakı
uğurlu fəaliyyətinə görə aldığı
medal və pul
mükafatlarını gənc pakistanlı tələbələr
üçün fond yaradılmasına xərcləyib. O, elmi
kəşfinə görə aldığı Nobel
mükafatını da inkişaf etməkdə olan fiziklərin
yetişməsinə sərf edib.
Nə özünə, nə də ailəsinə
Nobel mükafatından bir qəpik belə xərcləməyib".
Salam 1996-cı il
noyabrın 21-də Oksfordda uzunsürən xəstəlikdən
sonra 70 yaşında vəfat edib.
O, vətənində Bahişiti Məqbərə qəbiristanlığında
valideynləri ilə yanaşı dəfn olunub. Alimin dəfn
mərasimində 30 min insan iştirak edib. Onun
başdaşında "İlk Nobel mükafatı
laureatı" sözləri yazılıb.
Bir çox inkişaf etməkdə olan
müsəlman ölkələrində elmi seminarlar keçirən
Salam bir neçə yüz illər boyu ərəb və
müsəlman dünyasının elm sahəsində Avropa və
dünyanın digər bölgələrindən irəlidə
olduğunu qeyd edirdi. O, bir zamanlar
Bağdadın bütün dünyanın təhsil, elm mərkəzi
olduğu günlərini yenidən yaşatmaq arzusundaydı. Bir çox ölkələr ona vətəndaşlıq
təklif etmiş, lakin o, Pakistanın vətəndaşı
olmağından qürur duyduğunu dilə gətirmişdir.
Bu gün də dünyanın hər tərəfində onun dəstəyindən, yardımından,
şəxsi köməyindən dolayı, ona öz dərin
hörmət və ehtiramlarını bildirən və ona minnətdar
olan minlərlə elm adamı yaşamaqda və öz elmi fəaliyyətlərini
davam etdirməkdədirlər.
Hazırladı:
Oruc MUSTAFAYEV
Yazıda
Abdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzi və
Nobel mükafatları Komitəsinin materiallarından istifadə
olunub.
Azərbaycan
müəllimi.- 2012.- 19 oktyabr.- S.10.