Şagird şəxsiyyətinin formalaşmasında müəllim-şagird münasibətlərinin rolu

 

Təhsilin müasir vəzifələri hər şeydən əvvəl şagirdin tam bir şəxsiyyət olaraq sərbəstlik əldə etməsini tələb edir.

Məktəbdə şagird üçün elə demokratik bir şərait yaradılmalıdır ki, təlim əməyi və tərbiyəvi təsirlər şagird üçün cansıxıcı fəaliyyətə çevrilməsin. Şagird öz bacarığını, nəyə qadir olduğunu nümayiş etdirə bilsin. Bunun üçün məktəbdə müəllim-şagird münasibətləri səmimiyyətə və qarşılıqlı etimada əsaslanmalıdır.

Müəllim-şagird münasibətlərinin mərkəzində müəllim dayanır. Xalq özünün ən qiymətli, ən əziz sərvətini - övladlarını müəllimə etibar edir. Şagird şəxsiyyətini formalaşdırmaq vəzifəsini həyata keçirən müəllim özü hərtərəfli şəxsiyyət kimi təşəkkül tapmalı,  hər bir şagirdə humanistcəsinə yanaşmalı, eyni zamanda müasir  tələblərlə  ayaqlaşan  bir ziyalı  olmalıdır.

Təcrübə göstərir ki, şagirdə müəllim şəxsiyyətinin təsirini heç nə ilə əvəz etmək mümkün deyildir. Müəllimin sözü ilə əməli arasında fərq olmamalıdır.

Hazırkı dövrün müəllimi hərtərəfli biliyə, elmi-texniki nailiyyətləri tətbiq edə bilmək bacarığına malik olmalıdır. Şagirdın də məhz bu tələblər səviyyəsinə hazırlanması onun pedaqoji əməyinin əsas məqsədi olmalıdır. Bu məqsədə nail olmaq üçün həm dövri mətbuatı  müntəzəm izləyir,qabaqcıl pedaqoqların yeniliklərini öyrənib öz işimə tətbiq etməyə çalışıram.

İstər sinif, istərsə də məktəb şagird kollektivi yekcins deyildir. Burada yaxşı nümunəvi sayılanlarla yanaşı "çətin", "intizamsız" şagirdlərə də rast gəlinir. Bəzi hallarda belə şagirdlə iş faydasız görünür, bir çox müəllimlər isə belələri ilə məşğul olmağı əhəmiyyətsiz hesab edirlər. Şagirdlərin təlim marağının azadlığı hazırkı dövrdə bu cür faktlara daha çox rast gəlinir. Mən bu qəbildən olan şagirdlərə həmişə nikbin yanaşmış, ardıcıl məqsədyönlü tərbiyəvi təsir göstərmiş, onlarda öz qüvvələrinə inam yaratmışam. Düşünürəm ki, "müsbət cəhətlərinə istinad etməklə şəxsiyyətin tərbiyələndirilməsi" pedaqoji prinsipinə riayət edən hər bir müəllim şagirdlərlə münasibətinin düzgün təşkilinə nail ola bilər.

Müəllim öz şagirdlərini sevməlidir, onların psixoloji yaş və əqli keyfiyyətlərini nəzərə almalıdır. Fərdi xüsusiyyətlərini bilmək müəllimə imkan verir ki, şagirdlərin hər birinə düzgün yanaşa bilsin. Düzgün humanist və demokratik yanaşma müəllimi hakim, şagirdi günahkar vəziyyətindən çıxarır, onların arasında qarşılıqlı dostluq və hörmət münasibətlərinin formalaşmasına şərait yaradır.

Şəxsiyyətinə hörmət edilən şagird öz ləyaqətini dərk edir, özünün cəmiyyətə, xalqına layiq bir vətəndaş olacağına, həyatda layiqli yer tutacağına inanır. Müəllim şagirdin şəxsiyyətinə hörmət etməklə onun qəlbinə, mənəviyyatına bir sakitlik bəxş edir. Müəllim şagirddə dosta, xalqa, vətənə qarşı məhəbbətlə yanaşı, düşmənə nifrət oyatmalıdır.  Düşmənə nifrət oyatmaq vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir. Bu hisslərə istinad etməklə şagirdləri vətənin müdafiəsinə hər an hazır olmağa hazırlamaq günümüzün tələbidir.

Müstəqil Azərbaycanımızın gələcəyi olan şagirdlərlə münasibətdə müəllimlər olduqca diqqətli olmalıdırlar. Pedaqoji əməkdaşlıq elə qurulmalıdır ki, hərtərəfli şəxsiyyət tərbiyə etmək mümkün olsun. Bunun üçün hər bir müəllim zəhmətə qatlaşmalı, müəllim-şagird münasibətlərini düzgün təşkil etməlidir.

 

 

Könül VASANOVA,

Zaqatala şəhər Humanitar

fənlər gimnaziyasının tarix müəllimi

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.11.