Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans

 

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.Həmin sərəncama əsasən Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı institutun elmi işlər üzrə prorektoru Yaqub Məmmədov açaraq şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, Füzuli poeziyasından bəhrələnən şairin qəzəllərindəki incə lirizm, dərin məzmun, yüksək emosiya onu bir sənətkar kimi zamanın yaddaşından silinməyə qoymamış, Natəvan lirikası öz təravətini saxlamışdır.

İnstitutun tərbiyə işləri üzrə prorektoru Sədaqət Həsənova çıxış edərək şairin ədəbiyyatımıza bəxş etdiyi maraqlı şeir nümunələrinin bütün zamanlarda öz təravətini itirməyəcəyini və onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Sonra məktəblilər Xurşidbanu Natəvanın şeirindən nümunələr söyləmişlər. 

 

 

Azərbaycan müəllimi.- 2012.- 19 oktyabr.- S.9.