Albert
Eynşteyni valeh etmiş 21
yaşlı tələbə
Almaniyanın
XX əsrdə yetişdirdiyi ən görkəmli elm
simalarından biri Volfqanq Paulidir. V.Pauli kvant, nisbilik nəzəriyyələri
və elementar hissəciklər fizikası sahəsində bir sıra fundamental işlərinə
görə dünya şöhrəti qazanıb. O, Gettingen, Kopenhagen, Hamburq, Prinston
universitetlərində və Sürix Ali Elektrotexniki Məktəbində
dərs deyib. Kvant mexanikasının bir çox
fundamental anlayışları Paulinin adı ilə
bağlıdır. O, elementar hissəciklərin spini
anlayışını elmə daxil etmiş və
neytrinoların mövcudluğunu əvvəlcədən xəbər
vermişdir. Pauli özünün
"qadağalar prinsipi" - Pauli prinsipinə görə
1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq
görülüb. 1958-ci ildə isə nüfuzlu Maks
Plank medalı ilə təltif olunub.
Müəlliminin səhvini tapan
şagird
Volfqanq Pauli 1900-cü ildə Avstriyanın
paytaxtı Vyanada yəhudi mənşəli, sonradan isə katolikliyi qəbul
etmiş həkim və biokimya professoru Volfqanq Yozef Paulinin ailəsində
anadan olub. Gələcək fizikin anası Berta
Pauli tanınmış teatr jurnalisti idi. Volfqanq
ilk təhsilini Vyanada yerləşən 19 nömrəli federal
gimnaziyada alıb. Təhsil illərində
fizika və kimya elmlərinə maraq göstərib. Sonralar kimya üzrə Nobel mükafatına layiq
görülmüş Rixard Kun Pauli ilə bir sinifdə oxuyub. Bir dəfə fizika dərsində
müəllim lövhədə səhvə yol verir və səhvini
çox axtarsa da, tapa bilmir. Müəllim nəhayət,
bütün sinfin sevincinə səbəb olaraq ümidsizcəsinə
Pauliyə yönəlir və deyir: "Pauli, yaxşı,
deyin səhv hardadır? Siz yəqin onu
çoxdan tapmısınız".
Tələbəlik həyatının ilk
illərində o, hər bir boş dəqiqəsini
tanınmış fizik Ernest Maxın yanında keçirib.
Max onun üçün həm müəllim və həm də
nümunə olub. Professor həyatının son günlərinə
qədər Paulinin böyük dostu və müəllimi idi. Max gənc
Paulinin ilk elmi məqalələrinin jurnallarda dərc
olunmasına nail olub. Pauli sonralar Maxla münasibətini
özünün intellektual həyatında ən əhəmiyyətli
hadisə adlandırıb.
Pauli riyaziyyat və fizikanın əsaslarını
Vyanadakı Dobling Gimnaziyasında öyrənib. Nobelçi
alimlər haqqında
"Elm dahiləri" adlı çox dəyərli
kitab yazmış Nobel mükafatı laureatı Abraham Peys (Abraham Pais. The Genius of Science Portrait Gallery. Oxford University
Press, 2000) çox yaxından
tanıdığı Paulinin ilk təhsil illəri haqqında
yazıb: "Gimnaziyanın son kursunda oxuyarkən Pauli Albert
Eynşteynin son işləri ilə tanış olurdu. Məktəb dərsləri o qədər
cansıxıcı və uzun idi ki, Pauli Eynşteynin
kitablarını parta altında gizlində oxuyurdu. Bu kitablar onda dərin təəssürat
buraxmışdı. O mənə deyirdi ki, onun gözləri
sanki pərdə altında yatıb. Pauli kitabları oxumaqla ümumi
nisbilik nəzəriyyəsini tam anlamışdı". Pauli 18 yaşında
gimnaziyanı başa vurub.
O, artıq ilk elmi
məqaləsini çapa göndərib. Onun ilk məqaləsi qravitasiya sahə probleminə həsr
olunub. Məqalə onun müəllifinin
yüksək peşəkarlığından xəbər
verirdi. Bütün bunlar onu göstərir ki, tələbə
Pauli hələ universitet illərindən Eynşteynlə
tanış idi. Lakin onun Nils Borla münasibətləri
daha yaxın olub.
Albert Eynşteynin dəyər
verdiyi tələbə
Təhsilini davam etdirmək
üçün Pauli Münhen Universitetini seçib.
O zaman bu universitetdə məşhur fizik, Münhen nəzəri
fizika məktəbinin banisi Arnold Zommerfeld işləyirdi.
Münhen Universitetində o, öz qabiliyyətinə
görə digər tələbələrdən seçilirdi.
Paulinin 19 yaşı var idi və o, ilk dəfə universitetdə
tələbə auditoriyası qarşısında
çıxış edən Albert Eynşteynin nisbilik nəzəriyyəsinə
dair mühazirəsinə qulaq asandan sonra bu sözləri
deyib: "Bilirsinizmi, cənab Eynşteynin bizə söylədikləri
heç də ağılsız şeylər deyil". 1919-cu
ildə Zommerfeldin tələbəsi kimi Paulinin iki məqaləsi işıq
üzü görüb. Bu məqalələr
ümumi nisbilik nəzəriyyəsinin bəzi ümumiləşdirilməsi
cəhdlərinə həsr olunub. 1920-ci
ildə Zommerfeldin tapşırığı əsasında
Pauli "Riyazi elmlər
ensiklopediyası" jurnalı üçün nisbilik nəzəriyyəsinə
dair böyük elmi məqalə üzərində işləyir.
Sonralar 250 səhifəlik
məqalə kitab şəklində bir neçə dəfə
dərc olunub. Müəllimi Zommerfeld elmi
işin, sadəcə, çox ustalıqla yerinə
yetirildiyini bildirirdi. Bir sıra ölkələrdə nəşr
olunan kitab bu günə qədər nisbilik mövzusunda
yazılmış ən yaxşı elmi məqalə hesab
olunur. Burada Albert Eynşteynin
kitab haqqında rəyini nümunə göstərməmək
olmur: "Bu çox cəsarətlə və diqqətlə düşünülərək
yazılmış kitabı oxuyan çox çətin
inansın ki, onun müəllifinin cəmi 21 yaşı var. Məlum
deyil ki, daha çox nəyə təəccüblənəsən;
ideyaların inkişaf gedişinin dərin psixoloji dərkinə,
riyazi nəticələrin
qüsursuzluğuna, hadisələrin fiziki mahiyyətinə
dərindən nüfuzetməyə, aydın və sistemli
şəkildə predmetin şərhinə, erudisiya, şərhin
tamlığına, tənqidə əminliyinə".
Pauli
Eynşteynin nisbilik nəzəriyyəsinin müddəalarını
o qədər gözəl və incə şərh edib ki, hətta
dahi Eynşteyn bu işlə tanışlıqdan sonra bildirib
ki, o, indi özünün nəzəriyyəsini daha
yaxşı anlamağa başlayıb. Pauli nisbilik nəzəriyyəsinə
bir neçə ildən sonra yenidən müraciət edir.
1921-ci ildə o, Gettingenə gedir. O, burada ətrafında
bir çox istedadlı gənc fiziklərin (Heyzenberq,
İordan və b.) toplaşdığı məşhur Maks Bornun
yanında assistent kimi çalışır. Maks Born
Eynşteynə göndərdiyi məktubunda assistenti barədə
yazırdı: "Pauli çox ağıllı və
istedadlıdır. Bundan əlavə o, səmimi,
tamamilə normal, həyatsevərdir və lap uşağa bənzəyir.
Pauli mənim işlərimi
stimullaşdırır".
Bu gənclər tezliklə tələbəlik
mərhələsini keçərək elmin konkret sahələrində
liderlik mövqeyinə qədər ucalırlar. Məhz həmin
illərdə Gettingendə kvant mexanikasının matrik formulu
və onun yeni statistik
interpretasiyası yaranır. Pauli artıq 1920-ci ildə
atom və spektrlərin öyrənilməsinə
böyük diqqət ayırıb.
1924-cü ildə bu tədqiqatlar fizikanın ən vacib
qanunlarından birinin - onun adını daşıyan "Pauli
prinsipi"nin kəşfinə yol
açıb. Gettingendəki elmi qrup Nils Borla
sıx əməkdaşlıq edirdi, sonralar isə Kopenhagendəki
Nəzəri Fizika İnstitutu Paulinin tam elmi rəhbərliyi
altına keçib. O, Borun yanında 1923-cü ilə
kimi işləyib. 1923-cü ildə Pauli Hamburq
Universitetində dosent kimi işləməyə
başlayıb, 1928-ci ildə isə Sürix Politexnik
İnstitutunda nəzəri fizika professoru vəzifəsini
tutub.
"Pauli prinsipi"
Atomun quruluşuna dair Ernest Rezervord və Nils Borun
klassik modellərinin açıqlanmasından sonra D.Mendeleyev
dövri sisteminin izah olunması problemi gündəmə gəlib.
Elektronların atom nüvəsi ətrafında orbitlərdə
yerləşməsini qəbul etməklə yanaşı
onların nüvə tərəfindən cəzb olunmaya tabe
olaraq yaxınlıqda olan orbitə keçməməsi səbəbini izah etmək lazım idi. Bu problemi həll etmək
üçün (Pauli sonralar xatırlayırdı ki, bu məsələ onu o qədər
məşğul edirdi ki, bəzən ona elə gəlirdi,
artıq dəli olmaq dərəcəsinə çatır) gənc
alim adi klassik
təsəvvürlərdən daha bir addım
uzaqlaşmalı olub. Klassik mexanikada hissəciklər
arasında yalnız "qüvvə"
qarşılıqlı təsiri gözdən keçirilir.
Pauli isə belə bir fikir irəli sürmüşdü ki,
iki elektron eyni bir vəziyyətdə ola
bilməz və bu heç bir qüvvə təbiətinə
malik deyil, yəni buna hissəciklər arasında hansısa itələmənin
nəticəsi kimi baxmaq olmaz.
Sonrakı tədqiqatlar göstərdi
ki, burada hissəciklər spini
anlayışı əsas rol oynayır. İlk dəfə elektronun spini
(fırlanma) anlayışını elmə daxil edən Pauli
1929-cu ildə müasir kvant fizikasının ən vacib
prinsiplərindən birini - iki eyni cür kvant hissəciyi eyni
bir vəziyyətdə ola bilməz, yəni
onların xarakterini müəyyən edən bütün 4
kvant ədədi eyni bir yerdə eyni qiymətə malik ola bilməz
- daxil etdi. Yəni,
əgər iki elektron eyni orbitdədirsə, onların əsas
orbital və maqnit ədədləri üst-üstə
düşürsə, onda dördüncü spinin qiyməti fərqli
olmalıdır. Bu o deməkdir ki, orbiti iki
elektrondan artıq elektron tuta bilməz. 1925-ci il mayın 21-də qadağalar prinsipi üzərində
işlərini tamamladıqdan 5 ay sonra Pauli yazırdı:
"Fizika yenidən dalandadır. Orada nə
olmasından asılı olmayaraq, bu mənim üçün
çox ağırdır. Mən komediya teatrında aktyor olmaq və ya bu kimi bir işlə məşğul
olmaq istərdim, fizika barədə bir daha heç nə
eşitmək istəmirəm".
2 ay sonra Paulinin fizikada "dalan"
adlandırdığı vəziyyət dəyişdi,
perspektiv görünməyə başladı.
İyunun 29-da Heyzenberq kvant mexanikasının
başlanğıcı hesab olunan məqaləsini (kvant
mexanikasının matrik təsəvvürü) dərc
etdirdi. Qadağalar prinsipinə görə Pauli 1945-ci ildə
fizika üzrə Nobel mükafatına layiq görülüb.
Pauli prinsipi
elektronların atom qılafında yerləşməsi
qanunauyğunluqlarını müəyyən edir,
elektronların atomda paylanmasının izahını verir.
Minimal enerji səviyyəsində maksimum 2 elektron (əks
istiqamətli spinə malik) yerləşə bilər. Helium atomunda vəziyyət bu cürdür. Litiumun 3 elektronundan 2-si minimal enerji vəziyyətindədir
(əsas səviyyə), üçüncü elektron isə
sonrakı mövqedə dayanmalıdır. Buna görə də litium öz kimyəvi xassələrinə
görə hidrogenə bənzəyir, məhz bu xüsusiyyət
çox vaxt atomlardakı xarici elektronların sayı ilə
müəyyən olunur.
Pauli prinsipi atom fizikasında elementlərin kimyəvi xassələri
və elektronların yerləşməsi arasında əlaqənin təbiətini
izah etmək üçün həlledici əhəmiyyətə
malikdir.
Fermi-Dirak statistikası adlanan fərziyyənin
əsasını təşkil edən Pauli prinsipi mikroaləm
fizikasında vacib rol oynayır. 1927-ci ildə Pauli
metallarda paramaqnetizmin mənşəyini izah edib. O müəyyən
etmişdi ki, metallarda elektronlar klassik statistik qanunlara deyil,
qadağalar prinsipi əsasında yaradılmış kvant
statistikasına tabedir. 1929-cu ildə Pauli Verner Heyzenberqlə
birlikdə kvant elektrodinamikasının əsaslarını müəyyən
etmişdi. Onlar kvant sahəsinin ümumi nəzəriyyəsini
işləyib hazırlamışdılar. Bundan əlavə, Pauli elementar hissəciklər nəzəriyyəsi
sahəsində fundamental işlərin müəllifidir, o eyni
zamanda nüvə qüvvələrinin mezon nəzəriyyəsini
də təklif edib.
1931-ci ildə Pauli sıfır kütləli
və 1/2 spinə malik neytral hissəciklərin
mövcudluğu ideyasını irəli
sürmüşdü. O yaxşı başa
düşürdü ki, neytronların beta-parçalanması
zamanı proton və elektronlara çevrilməsi hadisəsində
enerji və impulsun saxlanılması daha bir, o zaman məlum
olmayan hissəciyin ayrılması ilə baş tuta bilər. Həmin dövrdə belə bir hissəciyin
mövcudluğunu sübut etmək mümkün deyildi. İtaliyalı fizik Enriko Fermi sonradan bu hissəciyi
neytrino adlandırmışdı. Eksperimental
olaraq neytrino yalnız 1954-cü ildə kəşf olundu.
O vaxt belə bir fərziyyə mövcud idi ki, mikroaləmdə
enerjinin saxlanması qanununa yalnız orta səviyyələrdə
əməl olunur, digər vəziyyətlərdə isə bu
qanun pozula bilər. Pauli ilk olaraq bu fərziyyənin
əleyhinə çıxıb. O, alimlərin
Tübingem konfransına ünvanladığı məktubunda
enerjinin saxlanması qanunun xilas olunması üçün
bütün qüvvəsini səfərbər etdiyini
yazırdı.
Alim ilk dəfə xəbər vermişdi
ki, beta parçalanma məhsulları arasında hansısa hələ
elmə məlum olmayan yüksüz hissəcik var və bu hissəcik
çatışmayan enerjini özü ilə aparır.
Və burada yenə də Paulinin fərasəti
öz təsdiqini tapdı. Məlum oldu ki,
o, təkcə enerjinin saxlanması qanununu deyil, həm impulsun
saxlanması və eləcə də kvant mexanikasında hissəciklərin
statistikasının əsas prinsiplərini "xilas edib".
Onun elmi maraqlarının dairəsi genişlənirdi,
daha çox bərk cismlər fizikası, dia- və
paramaqnetizm, sahənin kvant nəzəriyyəsi, elementar hissəciklər
fizikası sahələrini əhatə edirdi. 1927-ci ildə o, Şredinger tənliyinin ümumiləşdirilməsi
təşəbbüsü ilə çıxış etdi.
"Eynşteyn... məni
özünün davamçısı
təyin edən krala bənzəyirdi"
1943-cü ildə Albert Eynşteyn və Volfqanq Pauli
standart nisbilik nəzəriyyəsinə dair birgə məqalə
yazdılar. 1945-ci il yanvarın 13-də Eynşteyn Nobel
mükafatları Komitəsinə belə bir teleqram göndərmişdi:
"Fizika sahəsində Nobel mükafatına Volfqanq Paulinin
namizədliyini irəli sürürəm. Onun
müasir kvant fizikasında Pauli prinsipi və ya qadağalar
prinsipi adlandırılan nəzəriyyəsi müasir kvant
fizikasının fundamental hissəsinə çevrilib.
Albert Eynşteyn".
Pauli Nobel mükafatını almaq
üçün İsveçə getmədi.
Əvəzində Prinston Universitetində bu
münasibətlə təntənəli nahar mərasimi
keçirilib. Mərasimdə
çıxış edən Eynşteyn Pauli barədə
çox yaddaqalan fikirlər səsləndirib. Pauli bu barədə
sonralar yazırdı: "Eynşteyn taxt-tacından imtina edən
və seçilmiş oğul qismində məni
özünün davamçısı təyin edən krala bənzəyirdi".
Pauli Eynşteynin onun barəsində söylədiyi
xoş sözləri heç vaxt yaddan çıxara bilməyəcəyini
deyirdi. Müharibədən sonra amerikalılar
Eynşteynin davamçısı kimi Pauliyə illik 10 min ABŞ dolları əməkhaqqı
vəd etmişdilər. Onun Nobel mükafatı
almasından sonra bu rəqəm 15 min dollara qədər
artmışdı.
Görkəmli
fizikin həyatından maraqlı anlar
Pauli 23 yaşı tamam olanda Kopenhagenə
gedib. O, burada məşhur Nils Borun məktəbində
təcrübə keçib. Atası oğlunun bu qərarını
eşidəndə bildirib ki, oğlu Borun yanında nəinki fizika
sahəsində biliklərini artıracaq, həm də onun
yaxşı müəllimlik manerasını əxz edəcək. Bir dəfə
anası oğlunu dərin pəjmürdə vəziyyətində
görüb və bunun səbəbini soruşub. O isə
cavabında "əlbəttə ki, mən xoşbəxt
deyiləm. Çünki mən Zeemanın
(şotland fiziki Piter Zeeman, Nobel mükafatı laureatı)
anomal effekt nəzəriyyəsindən baş çıxara
bilmirəm". Bəzən Nils Bor və Pauli
arasında hansısa elmi mövzu üzrə belə bir mübahisəni
müşahidə etmək olardı:
Pauli: "Bəsdir! Özünüzü
səfeh yerinə qoymayın!".
Öz fikrini izah etməyə
çalışan Bor: "Lakin Pauli, qulaq asın...".
Pauli: "Yox. Bu, cəfəngdir.
Daha sizin bir sözünüzə belə qulaq
asmayacam".
Bir dəfə məşhur fizik Paul Erenfest və Pauli elmi
konfransların birində tanış olurlar. Pauli
özünü həddən artıq kobud aparıb və buna
dözə bilməyən Erenfest bildirib: "Sizin nəşr
olunmuş elmi işləriniz sizin özünüzdən daha
çox xoşuma gəlir". Paulinin cavabı
öldürücü idi: "Qəribədir! Mənim
isə tam əksinə".
Paulinin parlaq qabiliyyətlərdən əlavə
çox kəskin və acı dili var idi. O, həmkarı
olan fiziklərdən birinə demişdi: "Mənim sizin
çox ləng düşünməyinizə qarşı
heç bir iradım yoxdur, lakin sizin öz məqalələrinizi
düşündüyünüzdən də sürətlə
dərc etdirməyinizə dözə bilmirəm". Pauli barədə
bir çox lətifələr mövcuddur. Bir gənc günlərin
birində səhər saat 9-da onunla görüş istəyib.
Pauli təklifi rədd edib və deyib ki,
"Mümkün deyil, çox gecdir". Öz yeni ideyası ilə onun yanına gəlmiş
digər gəncə cavabı da maraqlıdır. Pauli tez cavab verib ki, onun ideyaları səhvdir.
Volfqanq Pauli özünə assistent kimi yeni işçi
götürəndə ona deyirdi: "İşinizin mahiyyəti
bunda olacaq ki, elə ki, mən sizə nəsə deyəcəm,
siz mənim dediklərimi ən tutarlı arqumentlərlə rədd
etməlisiniz". Pauli hətta
dondurma yemək üçün kafeyə gedəndə,
üzgüçülük hovuzunda olanda da fərziyyə
irəli sürməyi sevərdi, assistenti isə hər an onun
dediklərini təkzib etməli idi. Pauli mütəfəkkir,
sırf nəzəriyyəçi idi. O heç vaxt
eksperimentləri şair və ya riyaziyyatçı kimi
qoymurdu,
kağız və qələmi özünün silahı hesab
edirdi. Paulinin eksperimentlərlə
uyğunsuzluğu tezliklə fiziki folklor nümunəsi olub və
"Pauli effekti" adlanmağa başlayıb. Əməkdaşları
xatırlayırdılar ki, bu orta boylu, bəstəboy,
ağıllı gözləri olan insanın laboratoriyaya daxil
olması ilə otaqdakı aparatlar və cihazlar sıradan
çıxırdı. Maraqlıdır ki, bir çox
elmi problemlərin izahını məharətlə verən Pauli bu
hadisədən baş çıxara bilmirdi.
Pauli
elmi məsələyə dəxli olmayan cavabları ilə məşhur
idi
"Paulinin yanında işləmək
olduqca gözəl idi! Ondan hər şey barədə
soruşmaq olardı, onun sizin sualınızı
ağılsız hesab etməsindən heç narahat
olmağa dəyməzdi, çünki o, bütün
sualları ağılsız hesab edirdi",-bu sözləri
Nobel mükafatı laureatı Viktor Vayskopf deyib. Fizika sahəsində Pauli mükəmməl, peşəkar
kimi tanınırdı. Bununla belə, o, nəinki
öz işləri ilə kifayətlənir, həmkarlarının
da səhvlərini amansız şəkildə tənqid edirdi.
Müasirləri onu fizika elminin
"vicdanı" adlandırırdılar. O, adətən
elmi işlərə həddindən artıq tənqidi
yanaşaraq "tamamilə yanlış" və ya təxminən
belə münasibət bildirərdi: "Sizin işiniz nəinki
düzgün deyil, heç səhv olacaq dərəcədə
belə deyil". Bir dəfə Heyzenberq
tanışlıq üçün özünün yeni nəzəriyyəsini
Pauliyə göndərir. Cavabında
Heyzenberq Paulidən yanında kiçik bir qeyd olan kvadrat təsvir
olunmuş məktub alır. Qeyddə deyilirdi: "Mən
Tisian (məşhur rəssam) kimi çəkə bilərəm". Aşağıda isə xırda xətlə
yazılmışdı: "Yalnız detallar
çatışmır". Pauli elmi məsələyə
dəxli olmayan cavabları ilə məşhur idi.
Pauli müasir fizika, xüsusən də
kvant mexanikasının inkişafına misilsiz töhfələr bəxş
edib. O, elmi əsərlərini
nadir hallarda nəşr etdirir və əvəzində həmkarları,
xüsusən Nils Bor və Verner Heyzenberqlə intensiv məktublaşmaya
üstünlük verərdi. Pauli əsərlərinin
nəşr edilməməsi və nəticədə geniş
ictimaiyyətin onun əsərlərindən bixəbər olmasından
qəti narahatlıq keçirmirdi. Nobel mükafatı
laureatı Abraham Peys yazırdı: "O məni restoranlardan
birinə dəvət etdi. Nahar vaxtı mən onun
yüngül vals ritmində ona xas olan
şəkildə kresloda oturaraq irəliyə-geriyə hərəkət
etməsinin şahidi oldum. O, nə barədəsə
düşünürdü. Nəhayət dedi ki, ona hazırda
sonrakı işi üçün fiziki məsələ tapmaq
çətindir. Sonra isə əlavə etdi: "Ola bilsin ki,
mən çox bilirəm". Yenə sakitlik.
Kresloda irəliyə-geriyə hərəkət.
Sonra "bəs, siz çox bilirsiniz?" dedi. Mən güldüm və dedim ki,
yox, mən çox bilmirəm. "Bəli,
mümkündür. Siz çox şey
bilmirsiniz, mümkündür. Siz çox
bilmirsiniz". Bir an sonra isə
"Mən daha çox bilirəm" dedi. Pauli bu sözləri
özünə xas olan manerada, aqressiya olmadan, bir faktın təsdiqi
kimi dedi".
"Onun
gözlərində zəka işığı
parlayırdı..."
Volfqanq Paulinin biblioqrafı, "Fizika və kvant nəzəriyyəsi.
Axtarışda" kitabının müəllifi Barbara Klayn
yazırdı: "Onun gözlərində zəka
işığı parlayırdı. Elmi
mübahisələrdə Pauli misilsiz idi. Əgər
elmi sübut lakonik, tam
və məntiqi cəhətdən qüsursuz deyilsə,
onun üçün problemin düzgün həllinin heç
bir əhəmiyyəti yox idi.
Onun elmi işləri hər şeyə irad tutan müəllifinin tələblərinə
cavab verənə qədər təkrar-təkrar sübut
olunan uzunmüddətli çox fəal düşünmə
prosesinin məhsulu idi. Pauli hər şeyi
şübhə altına alırdı. Nə qədər
ağrılı olsa da, Bor və Heyzenberq Paulinin tənqidi iradlarını yüksək qiymətləndirirdilər. Onlar alimin qəzəbli
düzgünlüyünə heyran idilər. Bor Paulini
coşmuş dənizdəki qaya ilə müqayisə edirdi".
1935-ci ildə yapon alimi Xideki Yukava belə bir fərziyyə
irəli sürmüşdü ki, nüvə qüvvələri,
kvantlar hazırda mezon adlanan sahə ilə əlaqədardır.
Əvvəlcə Pauli bu fikrə olduqca skeptik yanaşdı:
onu hətta kinayə ilə, yukoza adlandırıb. Lakin sonralar məşhur fizik Openqeymerin təsiri ilə
Pauli mezonlar nəzəriyyəsinin yeni istiqamət olduğunu
qəbul etməyə məcbur olub. O, dərhal bu sahə
üzrə elmi tədqiqatlara coşqu ilə girişib. Mezon nəzəriyyəsi
üzərində işə başlayan Pauli Openqeymerə
yazdığı məktubuda "Poeziya qurtardı, fizika
başladı" deyir və bununla da Yukavanın mezon nəzəriyyəsini
qəbul edirdi.
Pauli 1937-ci ildə Odessada fiziklərin 2-ci
konqresində iştirak edib, bu səfər və eləcə
də Rusiya barədə fikirlərini yazıb: "Mənim
bu ölkə barədə dəhşətli təsəvvürlərim
yaranıb. Mən əvvəllər heç
vaxt bu cür terror (37-ci ilin repressiyaları) görməmişdim.
Hamı danışmağa qorxur, gənc alimlər
hətta mənim yanıma otelə gəlməyə belə
çəkinirdilər".
Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin
atom bombasına məruz qalmasından sonra Pauli B.Klayna
yazırdı: "Düşünürəm ki, əgər
bu silah tezliklə beynəlxalq nəzarətə
götürülməsə, bizim peşəmiz nüfuzdan
düşəcək".
1935-1941-ci illər ərzində Pauli
Prinston Perspektiv Tədqiqatlar İnstitutunda, Nyu-Cersi və
Miçiqan, Perdyu
universitetlərində mühazirələr oxuyub. 1940-cı ildə
Prinston nəzəri fizika kafedrasına dəvət olunub, lakin
İkinci Dünya müharibəsinin sonlarında Sürixə
qayıdıb.1945-ci ildə sahənin kvant nəzəriyyəsinin
əsasını qoyan Pauli elementar hissəciklərin spini və
statistikası arasında əlaqənin mövcudluğunu
sübut edib. O, London Kral Cəmiyyətinin,
İsveçrə Fizika Cəmiyyətinin, Amerika Fizika Cəmiyyətinin
və Amerika elminin
inkişafına dəstək Assosiasiyasının
üzvü olub. Böyük alim 1958-ci il dekabrın 15-də
Sürixdə xərçəng xəstəliyindən vəfat
edib. Həyatının
son illərində Pauli yüksək enerjilər fizikası ilə
maraqlanıb. O, eyni zamanda məşhur alman psixoanalitiki
Karl Qustav Yunq ilə yaxından əlaqə saxlayıb, fəlsəfə
və psixologiyaya dərin maraq göstərib.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.4.