"Çağ"
Öyrətim Şirkəti ötən dərs ilində fərqlənmiş şagird, müdavim və
tələbələri mükafatlandırdı
Oktyabrın 20-də Qafqaz
Universitetində "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin liseylərinin,
"Araz" hazırlıq kurslarının və Qafqaz
Universitetinin ötən dərs ilində respublika və beynəlxalq
olimpiadalarında, müsabiqələrində uğurlu nəticələr
əldə etmiş, ali məktəblərə qəbul
imtahanlarında yüksək bal toplamış şagird,
müdavim və tələbələrinin
mükafatlandırılması mərasimi keçirildi.
Ənənəvi olaraq "Yüksələn
təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
devizi altında keçirilən "Təhsilimizin
ulduzları" adlı mükafatlandırma mərasimində
müxtəlif dövlət və hökumət
qurumlarının rəsmiləri, Milli Məclisin
deputatları, ölkənin bir sıra orta və ali məktəblərindən
nümayəndələr, valideynlər, iş dünyası və
KİV təmsilçiləri iştirak edirdilər.
Mərasim açıq elan olunduqdan sonra
ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi
uğrunda mübarizədə şəhid olmuş Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla
yad olundu, Azərbaycanın Dövlət himni səsləndirildi.
Proqram bu yaxınlarda 20 illiyi qeyd olunacaq
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin ölkəmizdəki fəaliyyətini əks
etdirən filmin nümayişi ilə başladı. Sonra Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
çıxış edərək qonaqları və mərasimin
digər iştirakçılarını salamladı,
onları "Çağ" Öyrətim Şirkətinin
bir növ illik hesabatı hesab olunan "Təhsilimizin
ulduzları" proqramında görməsindən məmnunluq
duyduqlarını bildirdi. Qeyd etdi ki, hər bir millətin gələcəyi
olan təhsilə ölkəmizdə böyük diqqət və
qayğı göstərilir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında son illər ölkəmizdə təhsilin
inkişafı sahəsində mühüm işlər
görülmüş, xeyli uğurlar əldə
olunmuşdur. Yeni tikilmiş və ya təmir olunaraq yenidən
qurulmuş, müasir texniki avadanlıqlarla təchiz olunmuş
modern məktəb binaları, məktəblərdə hər
şagirdə düşən kompüter sayının
artması, ölkənin bütün ali məktəblərinin
Boloniya prosesinə qoşulması və kredit sistemi ilə
işləməsi, minlərlə tələbənin dövlət
xətti ilə xarici ölkə universitetlərində, on minlərlə
tələbənin isə dövlət sifarişi ilə Azərbaycanın
ali məktəblərində təqaüd alaraq oxuması təhsilə
göstərilən diqqət və qayğıya bariz
nümunədir. Bütün bunlar həm də qara
qızılın insan kapitalına çevrilməsi ilə
bağlı ölkə başçısının məlum
tezisinin uğurla həyata keçirilməsi deməkdir.
A.Saniç Türkiyə-Azərbaycan
qardaşlığını daha da möhkəmləndirmək
və Azərbaycanın təhsil sisteminə yenilik gətirmək
məqsədi ilə Türkiyənin iş adamları tərəfindən
qurulmuş "Çağ" Öyrətim Şirkətinin
ümummilli lider Heydər Əliyevin göstərmiş
olduğu etimada sədaqətlə 20 ildir ki, Azərbaycana xidmət
etdiyini diqqətə çatdırdı. Bildirdi ki, şirkətin
təhsil müəssisələrində təhsilini
tamamlamış şagird və tələbələr
hazırda həm ölkə daxilində, həm də xaricdə
Azərbaycanın bir ulduz kimi parlaması üçün var
qüvvələri ilə çalışırlar.
Rektor çıxışının
sonunda "Təhsilimizin ulduzları" növbəti ənənəvi
mərasimində kimlərin
mükafatlandırılacağı haqqında məlumat verib,
qonaqlara dəvəti qəbul edib gəldikləri
üçün təşəkkür etdi.
Sonra respublika və beynəlxalq fənn
olimpiadalarında, müsabiqələrində, layihə
yarışmalarında mükafata layiq yerlər tutaraq medallar
almış, orta təhsilini qızıl və
gümüş medallarla başa vurmuş, qəbul
imtahanlarında 600-dən yüksək bal toplamış,
Prezident təqaüdünə layiq görülmüş
şagird, müdavim və tələbələr qrup-qrup səhnəyə
dəvət olunaraq onlara mükafatlar təqdim olundu.
Məlumat üçün bildirək
ki, fənn olimpiadalarında I, II və III yerləri tutanlar
müvafiq olaraq 1000, 1500 və 2000, qəbul imtahanlarında
600-dən yüksək bal toplayanlar isə 400, 600, 1000 və
3000 ABŞ dolları həcmində pul mükafatları və
sertifikatlarla mükafatlandırılmışlar.
Fərqlənmiş şagird, müdavim
və tələbələrə mükafatları Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Türkiyənin
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri İsmayıl Alpər Coşqun, Milli Məclisin
deputatları Kəmalə Əliyeva, Etibar Hüseynov, Muxtar
Babayev, "Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər
Özərən, respublika kimya olimpiadası münsiflər
heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor
Vaqif Abbasov, respublika fizika olimpiadası münsiflər heyətinin
sədri, professor Mirzəli Murquzov, kənd təsərrüfatı
nazirinin müavini Bəhram Əliyev, Dövlət Miqrasiya Xidmətinin
sədr müavini Pərviz Musayev, Azərbaycan Turizm
İnstitutunun rektoru, professor Cəfər Cəfərov və
başqaları təqdim etdilər.
Təqdimat mərasimində
çıxış edən təhsil naziri Misir Mərdanov
iştirakçıları salamlayaraq
mükafatlandırılanları təbrik etdi. Tədbirdə
sevincli anlar yaşadıqlarını vurğulayan təhsil
naziri bu sevincin onlarda Azərbaycanın gələcəyi olan
gəncləri təbrik etməkdən, onlarla birbaşa
tanışlıqdan, "Çağ" Öyrətim
Şirkətinin təhsil müəssisələrinin daha bir
uğurunun şahidi olduqlarından yana yarandığını
bildirdi. Nazir keçirilən tədbiri yüksək qiymətləndirib
onun təşkilatçılarına təşəkkür
etdi.
"Çağ" Öyrətim
Şirkətinin ölkəmizdəki fəaliyyətinə
toxunan Misir Mərdanov şirkətin ona ulu öndər Heydər
Əliyev tərəfindən verilmiş etimadı sədaqətlə
doğrultduğunu, ölkəmizdə fəaliyyət göstərdiyi
20 ildə Azərbaycan təhsilinin inkişafına
böyük töhfələr verdiyini, təhsil sahəsində
uğurlu islahatların həyata keçirilməsində onun
təhsil müəssisələrinin örnək rolu
oynadığını diqqətə çatdırdı və
bütün bunlara görə şirkətin əməkdaşlarına
təşəkkür etdi.
Azərbaycanın xalq
yazıçısı
İlyas Əfəndiyevin "Körpüsalanlar" əsərini
xatırladan təhsil naziri "Çağ" Öyrətim
Şirkətinin əməkdaşları ilə Azərbaycan təhsil
işçilərinin 20 illik birgə fəaliyyətini onunla
müqayisə edərək həqiqətən 20 il ərzində
bu insanların böyük zəhməti və əzmkarlığı
hesabına bir millət iki
dövlət arasında uzun müddət
sındırılmış körpünün təzədən
bərpa edildiyini bildirdi və gələcəkdə bu
körpünün daha geniş olacağına inamını
ifadə etdi.
Tədbirdə Türkiyənin ölkəmizdəki
səfiri İsmayıl Alper Coşqun və Ənvər Özərən
də çıxış edərək
mükafatlandırılanları təbrik etdilər.
Mərasimdə habelə fərqlənmiş
şagird, müdavim və tələbələrin təhsil
aldıqları tam orta məktəblərin direktorlarına
plaketlər təqdim olundu.
"Tələbə baharı"
festivalı və X Beynəlxalq Türk dili müsabiqəsinin
mahnı nominasiyası üzrə qalibləri olan şagird və
tələbələr öz çıxışları ilə
mükafatlandırma mərasimini daha da rövnəqləndirdilər.
Sonda qaliblərlə xatirə şəkli
çəkdirildi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.- 25 oktyabr.- S.2.