Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

  

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov müstəqillik gününü hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyini söyləyərək bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan xalqının ikinci dəfə müstəqillik bayrağını ucaltdığını deyən natiq bildirib ki, müstəqilliyimizin ilk illərində xalqımız Azərbaycanın dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu.  "Müstəqilliyimiz dönməzdir, əbədidir" - deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, elm, mədəniyyət, səhiyyə, təhsil, idman və insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilmişdir.

21 ildir ki, Azərbaycan xalqının müstəqil, firavan yaşadığını, hər bir vətəndaşın müstəqil dövlətimizlə qürur duyduğunu bildirən rektor bütün Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə, ideyalarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşdığını vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, DİA-nın professoru Fuad Məmmədov, dosentlər Eldar Azadov və Elçin Əhmədov məruzələrində dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai-siyasi həyatında baş vermiş önəmli hadisələrdən və bugünkü müstəqil Azərbaycanın davamlı inkişafından bəhs ediblər.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.3.