"Hüseyn Cavid: ədəbiyyatda mühitin və idealın rolu" mövzusunda elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində böyük Azərbaycan dramaturquşairi Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi münasibətilə "Hüseyn Cavid: ədəbiyyatda mühitin və idealın rolu" mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli milli ədəbiyyatımızda romantizmin banisi, mənzum dram və mənzum faciə janrının əsasını qoyan böyük dramaturq Hüseyn Cavidin yaradıcılığı, ədəbi görüşləri haqqında danışıb. Akademik qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında yeni tipli poeziyanın yaradıcısı kimi ilk dəfə olaraq əruz vəznli şeirlə heca vəznli şeirin forma əlamətlərini öz yaradıcılığında birləşdirib. Süjetli lirika öz inkişafının zirvəsinə məhz Hüseyn Cavid poeziyasında çatıb. Hüseyn Cavid həm də Azərbaycan soneti nümunəsini yaradıb.

Hüseyn Cavid yaradıcılığında nəinki Azərbaycan, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının düşüncəsi və həyat tərzi əks olunub. Onun yaradıcılığının bütövlükdə türk və müsəlman xalqları üçün dəyərli töhfə olduğunu qeyd edən akademik bildirib ki, böyük şairin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Naxçıvan Muxtar Respublikasında dramaturqun yubileyinin keçirilməsi üçün tədbirlər planının təsdiq edilməsi haqqında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı böyük şair-dramaturqun yaradıcılığına və fəaliyyətinə verilən yüksək qiymətdir.

Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Hüseyn Cavidin pedaqoji ideyalarında vətənpərvərlik tərbiyəsi", fəlsəfə və sosial kafedrasının müdiri, fəlsəfə doktoru Novruzəli Rəhimov "Hüseyn Cavidin fəlsəfi estetik baxışları və müasirlik", kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova "Hüseyn Caviduşaq ədəbiyyatı" mövzularında çıxış ediblər.

Elmi konfransın sonunda bədii kompozisiya nümayiş etdirilib. Əvvəlcə tarix-filologiya fakültəsinin tələbələri Hüseyn Cavidin şeirlərini bədii qiraət ediblər. Sonra isə Tələbə Teatr Studiyasının üzvləri dramaturqun "Uçurum" əsərindən Cəlalın, "Ana" əsərindən İsmət və ananın, "İblis" əsərindən İblisin monoloqlarını teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim ediblər. 

 

 

Məmməd BABAYEV,

NDU-nun Media Mərkəzinin əməkdaşı

 

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.3.